Bir xanım, bir həkim, bir həyat yoldaşı, bir ana tanıdıq… - TƏHLİL

Bəli, elə bir xanım, elə bir həkim, elə bir həyat yoldaşı, elə bir ana tanıdıq ki, bu gün qarşımızda bütün bu titulların üstün və gözəl cizgilərindən yaranmış bir portret var: Zərifə xanım Əliyevanın portreti. Bu portret nur saçır ətrafa. Ötən bir əsrdə ən gözəl xanım, ən bacarıqlı həkim, ən dəyərli həyat yoldaşı və ən gözəl ana ömrünü yaşayan və bu gün hər bir azərbaycanlı qadın üçün nümunəyə çevrilən Zərifə xanım Əliyevanın nurlu həyat yolu ətrafa işıq yayır o portretdən. Baxdıqca qürur duyur, nə gözəl bir insan tanımışıq, deyirik.

Bütün keyfiyyətləri ilə əsl Azərbaycan xanımı, görkəmli və eyni zamanda ən yüksək insani dəyərlərə malik həkim, Ümummilli Liderimiz Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, ölkəmizə müzəffər sərkərdə, lider bəxş edən qayğıkeş ana Zərifə xanım Əliyevanın bu il 100 yaşı tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. Sərəncamda deyilir: Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

İşıqlı ideallara doğru

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmış, zəngin təhsil ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı ideallara doğru istiqamətləndirmişdi.

O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsil almaq məqamında Zərifə Əliyevanın həkimlik sənətini seçməsi atası, tibb elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək arzusundan doğmuşdursa, göz həkimliyini ixtisas kimi seçməsi onun xeyirxahlığından, işıqlı insan olmasından irəli gəlmişdi. Tələbəlik həyatının ilk günlərindən fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təva­zökarlığı və sadəliyi, insanpərvərliyi və vətənpərvərliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdi.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”.

Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”.

Tibb elmləri doktoru, professor Z.Skripniçenko: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.

Həkim insanlara günəş qədər lazımdır

Tələbəlik illərində fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və o, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi. Zərifə xanımın timsalında bir daha sübuta yetirildi ki, peşəsini ürəkdən sevən həkim, həqiqətən, xarüqələr yaratmaq iqtidarındadır. Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. O, ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlamışdı. Zərifə xanımın başlıca məqsədi nəyin bahasına olursa-olsun, tezliklə Azərbaycanda traxoma xəstəliyini törədən səbəbləri aşkar edib aradan qaldırmaq, onun optimal müalicə üsullarını tapmaq, müvafiq profilaktik tədbirləri vaxtında həyata keçirməkdən ibarət idi. İnsanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi ağır zəhmət və uzunmüddətli vaxt tələb edirdi. Zərifə xanım Azərbaycanın bütün rayonlarını gəzərək traxoma ocaqlarını aşkar etmiş, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirmişdir. Onun mövcud müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiki hesab edilən sintomisindən istifadə etməklə müalicə üsullarını həyata keçirməsi bu ağır xəstə­liyin qarşısının alınmasında başlıca rol oynamışdır.

Elmi-tədqiqat mövzusu kimi də Zərifə xanım Əliyevanın göz xəstə­liklərinin müasir müalicə üsullarına müraciət etməsi insanlara və onları əhatə edən mühitə daha çox işıq gətirmək qayəsinin ifadəsidir. Zərifə xanım Əliyeva 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Namizədlik dissertasiyası kimi bu mövzunun seçilməsi geniş yayılmış traxoma xəstəliyinin ən intensiv müalicə üsullarının müəyyən olunmasına və tətbiq edilib müsbət nəticələr alınmasına şərait yaratmışdır.

Elmi fəaliyyətini real həyatla üzvi surətdə əlaqələndirən Zərifə xanım Əliyeva özünün namizədlik dissertasiyası ilə həm tibb elmini yeni ideyalar və metodlarla zənginləşdirmiş, həm də yüzlərlə insana işıq bəxş etmişdir. Hələ XX əsrin 50-ci illərində Zərifə xanım tərəfindən tibb elmi üçün kəşf edilmiş, elmi cəhətdən əsaslandırılmış müalicə üsulları aradan illər keçməsinə baxmayaraq, indi də tətbiq edilir və insanlara nur bəxş edir.

Dosentlikdən akademikliyə qədər

Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqat işləri, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, elmi-pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir. Görkəmli alim 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dəvət olunmuşdur. Həmin kafedranın müdiri vəzifəsində çalışan Zərifə xanım bu institutda dosentlikdən akademikliyə qədər yüksəlmişdir.

1977-ci ildə Bakıda Zərifə Əliyevanın təşəbbüsü ilə Ümum­ittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir keyfiyyətini qabarıq şəkildə üzə çıxarmış, tədbirin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrilmişdir. Bakıda ilk dəfə olaraq belə bir ittifaq miqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan vermişdir. Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.

Zərifə xanım Əliyeva oftalmologiya sahəsində yeni istiqamətlər üzrə tədqiqatlar aparmış, bununla bağlı görülən müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” əsərləri bu qəbildəndir.

Görkəmli alimin qələmə aldığı “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları elmi ədəbiyyatlardır. Gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsərlər heç vaxt aktuallığını itirməyəcəkdir.

Zərifə xanım Əliyevanın “Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti” mövzusundakı doktorluq dissertasiyası tibb elminin cəmiyyətlə əlaqəsi baxımından böyük və qətiyyətli addım idi. O, sadəcə, görmə orqanlarındakı xəstəlikləri deyil, istehsalatda baş verən ictimai və tibbi prosesləri vəhdətdə öyrənmiş, Azərbaycanda ilk dəfə olaraq kimya sənayesi müəssisələrində tibbi laboratoriyalar yaratmışdı. Görkəmli alim uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisələrində böyük miqyaslı elmi-tədqiqat işləri aparmış, zərərli maddələrin təkcə görmə orqanlarına deyil, eyni zamanda, digər orqanlara təsirini öyrənmişdir. Aparılan səmərəli elmi-tədqiqat işləri, tətbiq edilən düşünülmüş üsullar həm kimya texnologiyası işçilərinin göz xəstəliklərinin qarşısını almış, həm də istehsalat mühitinin zəhərli maddələrdən təmizlənməsinə şərait yaratmışdır.

Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarla elmlər doktorunun və namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Zərifə xanım Əliyeva göz xəstəlikləri mütəxəssisi kimi Azərbaycanda bu sahədə elmin əsas yaradıcılarındandır. O, göz xəstəliklərinin müalicəsi problemini elmi məktəb səviyyəsinə çatdırmışdır.

Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndərimiz deyirdi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.

Xəstənin əzablarını öz əzabları bilən həkim

Zərifə xanımın gözəl insani dəyərlərə malik olmasını onun daim həkim-xəstə münasibətinə xüsusi diqqət yetirməsində görmək mümkündür. O, dəfələrlə demişdir ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır.

Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir. Həmin məqalələrdən birində yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”.

Bəli, xəstənin ümid yeri həmişə həkim olub. Onun gözləri daim həkimini-onun şəfası ola biləcək insanı axtarıb. Həkim xəstənin son ümididir. Və xəstənin həkimdən gözlədiyindən böyük gözlənti ola bilməz. Bu səbəbdən də Zərifə xanımın dəyərli kəlamları bir tərəfdən onun iç dünyasının həssaslığının, insani keyfiyyətlərinin, gözəl duyğularının göstəricisidirsə, digər tərəfdən də bir həkimlik məktəbinin dərsidir. Hər bir həkim üçün gərəkli olan dərsdir. Bütün dövrlərdə həkimlərinin öyrənməli, yaddaşlarına həkk etməli olacağı dəyərdir. Yalnız bu dəyərləri əxz etməklə əsl həkim olmaq, Zərifə xanım Əliyeva kimi həm tarixdə, həm də qəlblərdə yaşamaq olar.

Əsl məhəbbət haqqında

Zərifə xanım Əliyevanın bu gün baxdıqca baxdığımız portretində görünən əsas cizgilərdən biri də onun sədaqətli, vəfalı ömür-gün yoldaşı olmasıdır. Zərifə xanım Əliyeva ona İlahi bəxşişi olan nuru həm ailəsinə, həm övladlarına, həm peşəsinə, həm də həyatda insanlarla münasibətinə o qədər bərabər şəkildə paylaya bilmişdi ki, əhatəsində olanların hər biri bu nurun işığında onu ali bir insan kimi görürdü. Görürdü ki, o, həm ailəsi, həm də cəmiyyət üçün dəyərlidir. Dəyərli olduğu qədər də səmimidir. Bu səmimilik isə onun sadəliyindən, həssaslığından və ailəsində aldığı tərbiyədən irəli gəlirdi.

Deyirlər ki, hər bir kişinin arxasında güclü bir qadın vardır. Bəli, çox yerində deyilmiş fikirdir. Ümummilli Liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyeva Ulu Öndərin Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsinə etibarlı dayaq olmuşdur. Daim yüksək vəzifələrdə çalışan ulu öndərin, iki övladının və xəstələrinin qayğıları Zərifə xanımın mənalı ömrünün eyni ahəngli akkordları olmuşdur. Bütün bunlar haqqında Ulu Öndər Heydər Əliyev deyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.

Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva haqqında Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə tamaşa edəndə baxmayaraq ki, orta nəsil bu böyük şəxsiyyətlərin nümunəvi, gözəl, səmimi münasibətlərinin şahidi də olublar, lakin bu film insanın qəlbində dəruni hissləri oyadır. Ümummilli Liderin Zərifə xanımı xatırlamasındakı bütün cümlələr qarşısında onun ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbətə heyran qalırsan. Bəli, əsl məhəbbət budur: illərin dəyişə bilmədiyi məhəbbət...

Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur

Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.

Ömrün mənasını xalqına xidmətdə görən Zərifə xanım Əliyeva həm də o cəhətdən xoşbəxt idi ki, xalqımız, dövlətimiz üçün gərəkli olan iki övladın anası idi. Zərifə xanım Azərbaycana onun xilaskarını bəxş etmişdir. 30 illik işğal altında qalan torpaqlarımızın qurtuluşçusunu bəxş etmişdir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağı bacaran, müzəffər sərkərdə, sevilən lider olan Ali Baş Komandanımızı bəxş etmişdir.

Prezident cənab İlham Əliyev bu gün Azərbaycanı dünya dövlətləri içərisində sözü və yeri olan bir ölkə kimi tanıdıb. Heydər Əliyev ideyalarını davam etdirməklə Azərbaycanı inkişaf etmiş ölkələrdən birinə çevirib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Zərifə xanımın sevimli gəlini Mehriban xanım Əliyeva onun ənənələrini davam etdirir. Hər iki ailədən aldığı yüksək dəyərləri öz şəxsiyyətində birləşdirən Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının yüksək intellektual səviyyəsini və vətənpərvərliyini, eyni zamanda bu ailənin ənənələrinin davam etdirildiyini təsdiq edir.

Bir ailənin iki 8 noyabrı

İlləri ayrı-ayrı olsa da, iki 8 noyabr Azərbaycan xalqının azadlığı, müstəqilliyi, var olması uğrunda fədakarlıqlar göstərən Əliyevlər ailəsinin həyatında əlamətdarlığı ilə eyni rəqəmlərdir. 1954-cü ilin 8 noyabrı Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın evlilik tarixi, 2020-ci ilin 8 noyabrı isə “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”,- deyən Ulu Öndərin işğal altında olan torpaqlarımızla bağlı narahatlığına son qoyulan gündür. Qarabağın baş tacı Şuşanın işğaldan azad olunduğu, Qarabağ savaşının bitdiyi, Zəfər bayrağının qaldırıldığı, ata vəsiyyətinin yerinə yetirildiyi gündür.

8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçısının rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin müasir dövrdə beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq.

Beləliklə 8 noyabrın bu ailənin taleyinə yazılması heç də təsadüfi deyilmiş... Hər zaman qürur duyduğumuz ailə.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə