"Təhsil ocaqlarında dinlər haqqında məlumat verilməsinə ehtiyac var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hesab edirəm ki, bugünkü gündə qarşıda duran ən vacib məsələlərdən biri də gənclərin zərərli dini təlimlərdən, ideologiyalardan qorunmasıdır. Bunun üçün bir neçə ciddi addımların atılmasına ehtiyac var. İlk öncə geniş maarifləndirmə tədbirləri aparılmalıdır. Orta məktəblərdə uşaqlara din haqqında doğru və dolğun məlumat vermək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bəzən bildirilir ki, məktəblərdə Həyat bilgisi kitablarında bu barədə bilgilər verilir: Lakin düşünürəm ki, bu bilgilər yetərli deyil. Mən əvvəl də demişdim ki, Azərbaycan məktəblərində dinlər haqqında məlumat verilməsinə ehtiyac var. Bu məsələ qaldırılanda bəzi insanlar məktəblərdə dini fənlərin tədris ediləcəyini güman edirlər. Xeyr, burada əsas hədəf və məqsəd gənclərə dinlər haqqında məlumat verməkdir. Demək olar ki, bütün dinlər, təriqətlər sosial şəbəkələrdə fəal təbliğat aparırlar. Bu məlumatları verməklə onları zərərli təsirlərdən və ideologiyalardan qoruya bilərik".

Deputat sözlərinə davam edərək bildirib ki, bunu biz etmədiyimiz təqdirdə gənclər asanlıqla o zərərli təsirlərə məruz qalırlar: "Ona görə də tez bir zamanda gənclərimizin din barədə maarifləndirilməsi prosesinə başlamalıyıq. Universitetlərdə, orta məktəblərdə geniş təbliğat işləri aparılmalıdır ki, zərəli dini təriqətlərin gənclərimizi öz ağuşuna almaq cəhdlərinin qarşısını ala bilək. Bu gün qəbul etsək də, etməsək də Azərbaycan cəmiyyətində xüsusən gənclər, yeniyetmələr arasında dindarlaşma prosesi olduqca sürətlə gedir. Əsas zərərli təriqətlərin, dinlərin haqqında məlumatlar verməliyik ki, onlarda immunitet formalaşsın. Hesab edirəm ki, bunun üçün bizim imkanlarımız var. Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Oranı bitirən gənclərimiz orta məktəblərdə bu fənləri tədris edə bilərlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə