31 dekabr günü təkcə, xüsusi təntənə, şənlik günü deyil, həm də yeni arzular, yeni ümidlər üçün vəsilədir. Hər kəsin Yeni ildən fərqli gözləntiləri olur. Maraqlıdır, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərlərinin 2023-cü ildən, yəni Yeni ildən gözləntiləri nələrdir. SİA mövzu ilə bağlı QHT rəhbərləri arasında sorğu keçirib.
“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev: "Təqvimimizdə hər dəyişən il həm vətəndaş olaraq həyatımızda, həm də dövlət olaraq hədəflərimizdə dəyişikliklərlə müşahidə olunur. Təbii ki, ölkəmizdə yaxşıya doğru dəyişən hər şeyi vətəndaş olaraq həyatımızda da hiss edirik. Son iki ili ölkə olaraq dəyişikliklərlə müşahidə edirik, torpaqlarımızın işğaldan azad olunması, Qarabağda aparılan quruculuq işləri Azərbaycanı bütünləşdirir.
Hazırkı zamanda dünya çalxalanır, müharibələrin yaratdığı iqtisadi problemlər ölkəmizdən də yan keçmir. Ümid edirik ki, 2023-cü ildə bu problemləri də arxada qoyacağıq.
Bildiyiniz kimi, dekabrın 12-də məhz vətəndaş cəmiyyəti institutlarının Laçın-Xankəndi yolunda başlatdığı etiraz aksiyası çox uğurla davam edir. Ümid edək ki, bu aksiyada səsləndirilən tələblər 2023-cü ildə həyata keçəcək və Azərbaycan suveren ərazilərində hakimiyyətini bərpa edəcək”.
"Gənclərin Anti-Narkomaniya" İctimai Birliyinin sədr müavini Büllur Məmmədova: “2023-cü ildə ən əsası hər birimizə can sağlığı, ölkəmizə sülh arzu edirəm. Heç bir ananın şəhid xəbəri almasını, gözüyaşlı qalmasını istəmirəm. Bildiyiniz kimi, QHT-lər işğaldan azad olunmuş ərazilərimizə səfərlər edir və biz bu vaxta qədər Şuşa, Ağdam, Xudafərin, Suqovuşana və başqa yerlərə getmişik. İnşallah 2023-cü ildə biz Xankəndinə, Zəngəzura səfər edə bilək. Xalqımızın, dövlətimizin üzərindən qara buludlar hər zaman uzaq olsun. Ölkəmiz şən, firavan yaşasın”.
"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal: “2023-cü illə bağlı əsas arzularımız təbii ki, ölkəmizlə əlaqədardır. Çünki ölkəmizin rifahı, tərəqqisi hər birimizin həyatından, taleyindən keçir. Bu ilin sonu Azərbaycan Qeyri-Hökumət Təşkilatları üçün çox məhsul bir dövr oldu. Bildiyiniz kimi, dekabr ayının 12-dən Azərbaycanın ictimai sektorunun mənsubları Qarabağda məskunlaşmış ermənilərin içərisində separatçılıqla məşğul olanların qanunsuz silah daşınmasında, Azərbaycanın sərvətlərinin daşınmasında istifadə etdikləri Laçın yolunu bağlayaraq bu məsələ ilə bağlı öz haqq səslərini dünyaya çatdırdılar. Fəxr hissi ilə deyə bilərəm ki, bu aksiyada iştirak edən ilk şəxslərdən biri olmuşam. Qeyri-Hökumət Təşkilatları günlərdir davam edən bu aksiyalarla müasir dövrdə ictimai sektorun nə dərəcədə vətəndaş mövqeyində olduğunu ortaya qoydu.
Hesab edirəm ki, 2023-cü ildə bu mühüm məsələlər davam etdiriləcək. Yeni ildə Qeyri-Hökumət Təşkilatları yeni layihələr icra edəcək. Çox istərdim ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan bölgələrindəki vəziyyət, qanunsuz halların qarşısının alınması ilə bağlı layihələr icra olunsun. Eyni zamanda, Azərbaycan diasporunun xaricdəki fəaliyyəti ilə bağlı işlərin gücləndirilməsinə ehtiyac var. Bu yöndə işlərin daha aktiv olmasını, ordumuzun daha da güclənməsini arzu edirəm. Yeni ildə həm Qeyri-Hökumət Təşkilatlarına, həm də mediamıza uğurlar arzu edirəm”.
"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyin sədri İradə Rizazadə: “Çox istərdim ki, dövlət qurumları ilə Qeyri-Hökumət vətəndaş cəmiyyəti arasında daha geniş formatda əməkdaşlıq qurulsun. Çünki ictimai şuralar yaradılıb və Qeyri-Hökumət Təşkilatları orada təmsil olunur. Çox yaxşı olardı ki, dövlət qurumları həmin şuralara münasibətini daha da gücləndirsin. Vaxtilə donorluq edən beynəlxalq təşkilatlar var idi. Qeyri-Hökumət Təşkilatlarının həmin beynəlxalq təşkilatlarla bir yerdə Azərbaycanın inkişafı üçün sosial və ya hüquqi məsələlərdə layihələri olurdu.
QHT-lərin büdcəsi demək olar ki azdır. Lahiyələr Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçir. Əvvəlki illərə nisbətən indi Qeyri-Hökumət Təşkilatlarında daha çox irəliləyiş var. Bu irəliləyişi daha yaxşı formaya çevirmək üçün maliyyə dayanıqlılığı olmalıdır. Arzu edirəm ki, 2023-cü ildə bizim təşkilatlarımızın inkişafı üçün daha çox işlər görülsün. Çünki biz dövlətçiliyimizə hər zaman dəstəyik və daim vətəndaşlarımızın məmnunluğuna çalışırıq”.
"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “2014-cü ildən etibarən Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətində ciddi problemlər başlayıb. Bu problemlər nəticəsində bir sıra QHT-lər fəaliyyətini dondurub. Düşünürəm ki, QHT-lərin fəaliyyətini inkişaf etdirmək üçün bu problemlərin köklü surətdə həllinə nail olmaq lazımdır. Amma ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı siyasi iradə var.
Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər və bu istiqamətdə atılan addımlar vətəndaş cəmiyyətinin inkişafı üçün bir təməl rolu oynayır. 2020-ci ildən artıq fəaliyyətimizdə bir canlanma hiss olundu və bu canlanma 2022-ci ildə ictimai şuraların yaradılması ilə daha da geniş vüsət aldı. Ümid edirəm ki, 2023-cü ildə bu proses davam edəcək. Yaradılmış ictimai şuralar formal xarakter daşımamasını və vətənimiz üçün faydalı olmasını arzu edirəm. Daha böyük arzum isə QHT-lərin peşəkarlığının daha da artırılması, hər kəsin öz sahəsi üzrə daha çox fəal olmasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB