Uşaqlarımızı düzgün qidalandırmaq üçün nə etməliyik? - DİYETOLOQ AÇIQLADI
"Yaxşı qida və qidalanma uşaq sağlamlığının əsasında dayanır və ömür boyu davam edə biləcək faydalar gətirir". Bu fikirləri SİA-ya açıqlamasında diyetoloq Sevinc Həsənzadə bildirib.
Diyetoloq qeyd edib ki, övladınıza gənc yaşlarından sağlam qidalanmağı öyrətmək, yetkinlik dövründə onun qida ilə müsbət münasibət saxlamasına kömək edəcək: "Təsəvvür edin ki, bu vərdişləri formalaşdırmaq təkcə övladınız üçün deyil, bütün ailəniz üçün əyləncəli və sağlam ola bilər! Balalarımız bizim etdiyimiz hər bir şeyə nəzər yetirirlər – o cümlədən, yemək vaxtında. Sağlam qida, içki və qəlyanaltıları seçməklə və əyləncəli fiziki fəaliyyətlərlə məşğul olmaqla nümunəvi davranış nümayiş etdirə bilərsiniz. Süfrəyə sağlam, təbii qidaların qoyulması isə övladınız üçün gözəl nümunə olacaq.Yemək haqqında sağlam düşüncə tərzinə sahib olmaq ömür boyu sağlamlığın və xərçəng, diabet və ürək xəstəliklərdən qorunmanın açarıdır. Siz azyaşlı övladınıza aşağıdakılarla kömək edə bilərsiniz:
1) Onlara fiziki olaraq ac olub-olmadıqlarını anlamağa kömək edin. Bu, onlara bədənlərinin ehtiyaclarına uyğunlaşmağa kömək edəcək.
2) Yeməkdən mükafat və ya cəza vasitəsi kimi istifadə etməyin. Yeməkdən bu şəkildə istifadə etmək uşaqlarda qida ilə qeyri-sağlam münasibət formalaşdıra bilər.
3) Konkret qida növlərini qadağan etməyin. Şirniyyat kimi müəyyən qidaları məhdudlaşdırmaq, övladınızın onları daha çox istəməsinə səbəb ola bilər.
Böyümənin və inkişafın davam etməsi üçün lazım olan qidaları təmin edə bilmələri və xərclədikləri enerjini artan fiziki fəaliyyətlə əvəz edə bilmələri vacibdir. Fiziki aktivliyin artması ilə maye itkiləri arta biləcəyi üçün lazımi su və maye qəbulunu təmin etmək lazımdır. Fiziki böyümənin yanında beyin inkişafı davam edir, məktəb dövrü ilə yanaşı, akademik öyrənmə və bilik və bacarıqların mənimsənilməsi də artır və idrak funksiyalarının effektivliyi ön plana çıxır. Kifayət qədər və balanslı qidalanma və aktiv və ictimai həyat uşağınızın beyin və idrak funksiyalarının inkişafı üçün çox vacibdir.
Süd qrupu (süd, qatıq, pendir növləri, ayran, kefir).
Süd məhsulları uşağınızın protein, kalsium, fosfor, B vitaminləri və bəzi D vitamini ehtiyaclarını qarşılamasına kömək edir. 5-8 yaş arası uşaqların gündə 2-3 stəkan süd/qatıq və kibrit qutusu ölçüsündə pendir (30 q) qəbul etmələri tövsiyə olunur.
Ət və yumurta (Qırmızı ət, toyuq, hinduşka, balıq və yumurta)
Ət və yumurta heyvan və keyfiyyətli zülal mənbəyidir. Protein tərkibinə əlavə olaraq, xüsusilə, qırmızı ət dəmir, sink və B12 minerallarının əhəmiyyətli bir qaynağıdır. Balıqlar da keyfiyyətli zülal mənbəyidir və beyin inkişafında mühüm rol oynayan yod və selen, omeqa-3 yağ turşuları kimi mineralları ehtiva edir. Qırmızı ət həftədə 2-3 dəfə, dəmir və B12 ehtiyaclarını kifayət qədər təmin etmək üçün həftədə 2-3 dəfə toyuq və ya hinduşka, omeqa-3 ehtiyacını ödəmək üçün isə həftədə iki dəfə balıq yeyilməlidir. Hər gün yumurta yeyə bilər, amma istəmirsə, həftədə 3-4 dəfə yumurta yemək məsləhətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB