Saxta spirtli içkilərdən gələn təhlükələr hansılardır? - ARAŞDIRMA
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qeyri-qanuni alkoqol dünyada alkoqol istehlakının dörddə birini təşkil edir. Dünyada demək olar ki, en sayda saxta spirtli içkilər istehlak edilir və keyfiyyətinə görə heç kim məsuliyyəti öz üzərinə götürmür.
ÜST-nin məlumatına görə, Litva, Çexiya və Moldova ən çox belə içkilər istehsal edən dövlətlər sırasındadır. Burada adambaşına ildə 14 litrdən çox təmiz spirt istehlak olunur. Onların arxasında Avropanın şərab və pivə ölkələri, eləcə də Rusiya və Belarus dayanır. Ukraynada spirt istehlakı, ÜST-nin son hesabatına görə, ildə 8,6 litrdir.
Qeyri-qanuni alkoqol, xüsusilə aşağı və orta gəlirli ölkələrdə bütün alkoqolun əhəmiyyətli bir hissəsini təşkil edir.
Qeyri-qanuni spirtli içkilərin payına görə ölkələrin reytinqi leqal spirt istehlakı üzrə liderlərdən xeyli fərqlənir. Qeyri-qanuni spirt miqdarına görə liderlik Cənubi Afrikanın inkişaf etməkdə olan ölkələrinə də məxsusdur. Eyni zamanda, saxta alkoqolun paylanması baxımından ilk on ölkədə - Rusiya, Ukrayna, Meksika, Braziliya və s. durur.
İstehlakçıları qeyri-qanuni alkoqol almağa nə sövq edir?
Malların həqiqiliyini yoxlamaq qabiliyyətinin olmaması və ya istəməməsi, qeyri-qanuni məhsulun istehlakının və onun aşağı qiymət dalınca alınmasının gətirə biləcəyi risklər və nəticələr barədə məlumatsızlıq, qeyri-qanuni ticarətin ictimai qəbulu, normativ-hüquqi bazanın mükəmməl olmaması və s saxta içkilərin istehsalına şərait yaradır.
Dünyada on minlərlə insan keyfiyyətsiz alkoqol qəbulundan dünyasını dəyişir. Eyni zamanda, mənşəyi məlum olmayan spirtin toksikliyi çox vaxt o qədər yüksək olur ki, həkimlər zəhərlənən xəstələrə kömək edə bilmirlər.

Qanunsuz alkoqoldan xilas olmaq və onun istehlakı ilə bağlı nəticələrin qarşısını almaq mümkündürmü?
SİA mövzu ilə bağlı araşdırma edib.
Keçən ildən Azərbaycanda alkoqollu içkilərin istehsalı azalıb, alkoqolsuz içkilərin istehsalında isə artım müşahidə olunub.
SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 mln. 559 min dkl araq, 30 min dkl brendi (konyak), 714 min dkl üzüm şərabı və 4 mln. 842 min dkl pivə istehsal edilib. Bu göstəricilər 2020-ci illə müqayisədə müvafiq olaraq 8.6%, 23.8%, 15.6% və 11.1% azdır.
DSK-nın məlumatna əsasən, ötən il alkoqolsuz içki istehsalı illik müqayisədə 12.1% artaraq 29 mln. 374 min dkl olub.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi:
"Dünyanın bir sıra ölkələrində, həmçinin ölkəmizdə qanunsuz yollarla gəlir əldə etməyə çalışan dələduzlar tərəfindən spirtli içkilərin kustar üsullarla hazırlanmasına və satışına cəhd göstərilir.
Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində Agentlik və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən sərt tədbirlər görülür.
Qeyd edək ki, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında istifadə edilən və istehlakçıların zəhərlənməsinə səbəb olan metil (metanol) spirti texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Metanol qanunsuz olaraq aşağı keyfiyyətli və saxtalaşdırılma üsulu ilə alkoqollu içkilərin hazırlanmasında istifadə olunur. Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilər. Metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Metil spirtini rənginə, qoxusuna və ya dadına görə fərqləndirmək çox çətindir. Bu maddə və onun törəmələri qeyri-qida sənayesində, xüsusilə kimya, əczaçılıq, eləcə də boya və həlledicilərin istehsalında istifadə olunur. Bu kimi qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin qida məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına məlumat vermələri xahiş olunur".
Özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq, bu kimi xoşagəlməz hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran, saxta spirtli içkiləri istehlak etməməlidirlər.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB