Zəfərimiz qürurumuzdur - ŞƏRH

“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bu zəfər müjdəsindən hər bir kəsə pay düşürdü. Uzun illərdən bəri böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. 8 noyabr- Şuşanın erməni qəsbkarlarından azad olunduğu gün tarixə ölkəmizin və müstəqil dövlətimizin dünyaya doğan parlaq günəşin ilkin şöləsi kimi daxil olacaq. "Mən ona özüm qədər inanıram" – deyən ulu öndərin yolunu Ali Baş Komandan İlham Əliyev inamla davam etdirərək ağıl və zəkasının qüdrəti ilə ona bəslənən ümidi doğrultdu və xalqımızı Zəfər Yoluna çıxartmağı bacardı.

Qəhrəman Azərbaycan ordusunun rəşadətli döyüşləri nəticəsində Şuşanın düşmən tapdağından azad edilməsi ilə ermənilərin qondarma Dağlıq Qarabağ iddiasına son qoyuldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Hadrut və digər qədim yaşayış məskənlərimiz işğaldan azad olundu.

Şuşa işğaldan azad edildi ,bu isə öz növbəsində həm strateji və hərbi baxımdan, həm də mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyır. Bu qədim şəhərin xalqımızın qəlbində mənəvi baxımdan xüsusi yeri var. "Şərqin konservatoriyası" adlandırılan Şuşa unikal Azərbaycan musiqisinin beşiyi, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Şuşa - Pənahəli xanın, İbrahimxəlil xanın, Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün, bir sözlə, 50 milyondan çox millətin – azərbaycanlının döyünən ürəyi-Vətənidir. Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Mədəniyyət mərkəzimiz, milli memarlıq üslubu ilə seçilən, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri yetişdirən, muğamımızın beşiyi sayılan Azərbaycanın dilbər güşəsi Şuşadan bugün azan səsləri eşidilir,doğma yurdda doğma nəfəslər dolaşır,Şuşa əsarətdən qurtularaq bu qürürlu anları birgə yaşayanları azadlığının sevinci ətrafına toplaşdırıb.

Şuşanın işğalı milli varlığımıza vurulan sağalmaz yara idi. Biz bu yaranı sağaltdıq. 8 noyabrı tariximizə qızıl hərflərlə yazdıq. Ali Baş Komandanımız, Müzəffər Ordumuz dünya azərbaycanlılarına böyük qələbə sevinci yaşatdı.

Müzəffər Ordumuzun Şuşa qələbəsi Azərbaycan Ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi. 28 il yarım müddətin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bu tarixi qələbəni bizlərə yaşatdı. Biz, dəmir iradəli xalq,muzəffər xalq, müzəffər ordu olaraq dünyaya tanındıq.

8 noyabr Azərbaycan tarixinə tək Zəfər Günü kimi deyil, dəyanət, qeyrət , milli qürur və qəhrəmanlıq bayramı kimi daxil olub. Bu tarix yüzilliklər boyu xalqımızın ən sevimli bayramı kimi qeyd ediləcək. Bu bayramın sevincini yaşadan ,şərəfli tarixi bizlərə qanı və canı bahasına bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu yolda sinəsini düşmən gülləsinə sipər edən qazilərimizi, igid oğullarımızı böyük ehtiramla yad edirik.

Allah Şəhidlərimizə rəhmət eləsin!


Vəfa Məmmədova
Xəzər rayonu, 123 saylı tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə