"İran öz seçimini açıq şəkildə ortaya qoyub" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"İran öz seçimini açıq şəkildə ortaya qoyub" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"İran daxilində etirazların kəskinləşdiyi dönəmdə Azərbaycan sərhədinə yaxın bölgədə hərbi təlimlərin keçirilməsi və eyni anda İranın XİN nazirinin Ermənistana səfəri, Qafanda konsulluq açılması bir çox məsələlərdən xəbər verir. Ən önəmlisi odur ki, İran Azərbaycan dövlətinə münasibətdə anti-Azərbaycan siyasətini çılpaq şəkildə nümayiş etdirməyə çalışdı". Bu sözləri SİA-ya açıqlamasında Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyəti üzvu Sadiq İsabəyli deyib.

Onun sözlərinə görə, sərhəddə manevrin hərbi keçirilməsi, hərbi texnikaların ora gətirilməsi, İran XİN nazirinin Ermənistana səfəri və konsulluq məsələsi onu deməyə əsas verir ki, artıq İran öz seçimini açıq şəkildə ortaya qoyub: "Seçim ondan ibarətdir ki, İran Ermənistanın yanında olduğunu göstərir. Qafanda açılan konsulluq buna işarədir ki, artıq İran oranı Ermənistanın ərazisi kimi qəbul edir. Halbuki, ora Azərbaycanın qədim torpağıdır".

İsa Sadıqbəyli sözlərinə belə davam edib: "Oradan Azərbaycana yol verilməli və bir dəhliz açılmalıdır. Buna görə də rahat şəkildə deyə bilərik ki, İran artıq Azərbaycan dövlətinə qarşı düşmənçilik siyasətini ortaya qoyub. Bu istiqamətdə də bir sıra riskləri üzərinə götürüb. Çünki İranın siyasi coğrafiyasında 35 milyondan çox Azərbaycan türkü yaşayır. Onların milli-siyasi kimliyi inkar olunur, milli-mədəni hüquqları tapdalanır və tarixi dəyərləri əzilirərək məhv edilir. Bütün bu narazılıqlara baxmayaraq bunların aradan qaldırılması üçün İran heç bir iş görmür.

İran həm də onu göstərdi ki, Güney Azərbaycanlılara olan düşmənçilik siyasətini daha da kəskinləşdirəcək.

İran rejimi çox böyük yanlışlıqlara imza atacaq. İran Azərbaycana qarşı hərbi siyasi düşmənçilik mövqeyi ilə yanlışlıq edir. Bu da o anlama gəlir ki, İran adlanan fars əsasları üzərində qurulmuş siyasi hakimiyyətdən əsər əlamət qalmayacaq. Azərbaycan türkləri isə tarixi dövlətçiliyi bərpa etmək üçün gücünü ortaya qoyacaq və inanıram ki, milli güc bərpa olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə