Azərbaycan-Gürcüstan münasibətləri hər iki xalqın maraqlarına uyğun inkişaf edir TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib”
Bu gün Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib. Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bəli, bu gün Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək.
İKİ ÖLKƏNİN XALQLARI ƏSRLƏRƏ SÖYKƏNƏN DOSTLUQ, QARDAŞLIQ, MEHRİBAN QONŞULUQ ŞƏRAİTİNDƏ YAŞAMAQDADIR
Prezident İlham Əliyev cənablarının çıxışı zamanı qeyd etdiyi kimi, əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar, ölkələrimiz arasında dərin tarixi ənənələrə söykənən əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Dövlət başçımız onu da bildirib ki, bizim Gürcüstanla dostluq və qardaşlıq münasibətlərimiz tranzit üçün imkanlar yaradır. “Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verilib və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır»,-deyən Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında onu da bildirib ki, bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz: “Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək”.
İrakli Qaribaşvili: “Gürcüstan Azərbaycan üçün önəmli ölkədir. Eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır”
Baş nazir qeyd edib ki, bizim həyata keçirdiyimiz layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Orta Dəhliz tarixi layihələrdir. Bu birgə layihələr bundan sonra da davam edəcək və daha da sürətləndiriləcək.“Sizin atanızın, ölkənizin Ümummilli Liderinin xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda, Tbilisidə olanda demişdi ki, Azərbaycan və gürcü xalqları qonşu olduqları üçün xoşbəxtdirlər. Bizim əcdadlarımız həmin ünsiyyəti yaradıb və bu gün bizim vəzifəmiz ondan ibarətdir ki, əməkdaşlığımızı irəlilədək və gələcək nəsillərə ötürək”, - deyə İrakli Qaribaşvili vurğulayıb. Bir sözlə, Azərbaycan-Gürcüstan əlaqələri dövlətlərin və xalqların yaxın qonşuluq və dostluq münasibətlərinin ən yaxşı nümunələrindən biridir. Və sevindirici haldır ki, iki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir və Azərbaycanla Gürcüstanın qarşılıqlı etimada və çoxşaxəli əməkdaşlığa söykənən münasibətləri regionda sülhün, əminamanlığın və təhlükəsizliyin təmin olunması üçün də əlverişli zəmin yaradıb. Bu xüsusda Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri ilə bağlı irəli sürülən təşəbbüs də maraq doğurur və yeni deyil. Azərbaycan hələ torpaqlarının işğal altında olduğu zaman kəsiyində dəfələrlə Ermənistanı təcavüzkar siyasətindən əl çəkməyə, Cənubi Qafqazı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunduğu bölgəyə çevirə biləcək əməkdaşlıq platformalarında iştirak etməyə dəvət edib. Mövcud şəraitdə isə qarşılıqlı əlaqələrin perspektivi Ermənistanın Azərbaycanın təklif etdiyi və beynəlxalq birlik tərəfindən tanınan təməl prinsiplər əsasında sülh müqaviləsi imzalamasından keçir.
Bir sözlə, bütün bu uğurlu addımlar onu deməyə əsas verir ki, hər iki ölkə liderlərinin və xalqlarının iradəsinə söykənərək birlikdə daha böyük uğurlara imza atacaq, Qafqaz xalqlarının təhlükəsiz və firavan gələcəyini təmin edəcəklər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB