Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulu ANALİTİK+FOTOLAR

Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulu ANALİTİK+FOTOLAR

Nə qədər gec deyil, sözdə Azərbaycanla müttəfiq olduğunu bəyan edən Rusiyanın ali siyasi orqanları artıq bu reallığı əməli şəkildə də isbatlamalı, sözügedən təxribatçılıqların və TV rüsvayçılıqlarının qarşısının alınması yönündə sərt mövqeyini ifadə etməli, hətta cəzalara belə əl atmalıdır!

Rusiya TV-lərində anti-Azərbaycan xarakterli təxribatçı süjetlərin və proqramların yayımı davam etdirilir. Bu dəfə həmin xora ənənəvi olaraq ölkəmizə qarşı açıq ermənipərəstlik mövqeyini ortaya qoyan “Rossiya-24” kanalı da qoşuldu. Belə ki, süjetdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Ermənistanın milli maraqlarına uyğun olmadığı, Azərbaycanın heç bir güzəştə getmədiyi, Qarabağın Azərbaycanın tərkibində qalacağı təqdirdə Azərbaycanın guya erməni əhalisini “etnik təmizləməyə uğradacağı” tipli təxribatçı fikirlər səsləndirilib.

Bu məqsədlər birbaşa Rusiya Federasiyasında fəaliyyət göstərən erməni lobbisinin əli ilə icra edilir

Bundan başqa, süjetdə Vaşinqton sənədinə müvafiq olaraq Bakı və İrəvanın Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını müzakirə edə biləcəkləri qeyd olunub. “Həmin sənəddə Azərbaycanın suverenliyinin xatırladılması əsas qərarların Bakı tərəfindən qəbul olunacağına dəlalət edir. Baxın, bu da Vaşinqtonun əli...”, deyə kadrarxası mətndə süjetin müəllifinin təxribatçı fikirləri qeyd olunub.

Görünür, son bir neçə gündə anti-Azərbaycan xoruna qoşulan Rusiya telekanalları – istər dövlətə bağlı, istərsə də müstəqil - onlar qarşılarına bir sıra məqsədlər qoyublar və bu məqsədlər birbaşa Rusiya Federasiyasında fəaliyyət göstərən erməni lobbisinin əli ilə icra edilir.

Yenə də Semyon Baqdasarov (Baqdasaryan), Hayk Xalatyan və s...

Diqqət çəkən budur ki, “Rossiya-24”ün süjeti yenə də Semyon Baqdasarov (Baqdasaryan), Hayk Xalatyan və s. kimi “başbilən erməni politoloqlarının” sərsəm şərhləri üzərində ictimailəşdirilir. Bu kimi erməni təxribatçıları verlişdə açıq-aydın bəyan edirlər ki, separatçıların mövcudluğu regionda əsl dayanıqlı sülhü təmin edir və s (?!).

Lakin daha bir məsələ ondadır ki, adıçəkilən telekanal və bu kimi digər Rusiya telekanalları Vladimir Putinin 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanata atdığı imzasını, habelə 44 günlük müharibə zamanı Qarabağın Azərbaycanın suveren ərazisi olması barədəki bəyanatını unudublar. Yaxud, onlara “krılaşıq” edən erməni lobbisinin kirli və növbəti müharibə qoxusu verən pulları Putinin imzasından və sözündən daha önəmliymiş...

Həmin məsuliyyət Rusiya telekanallarının da boyunlarına yazılacaq!

Hər halda, zaman və bənzər oyunbazlıqlar bütövlükdə regionda dayanıqlı sülhün təmin olunması prosesinə kəskin xələl gətirir və əgər belə davam edərsə günahların və məsuliyyətlərin bir qismi Ermənistan hakimiyyətinin, Qarabağdakı separatçıların, onlara havadarlıq etmək məqsədi ilə İrəvana gedən saxta ATƏT missiyasının, bəlli Qərb dairələrinin üzərində olması ilə yanaşı, həm də bu kimi Rusiya telekanallarının da boyunlarına yazılacaq.

Və ən əsası! Hələ ki, nə qədər gec deyil, sözdə Azərbaycanla müttəfiq olduğunu bəyan edən Rusiyanın ali siyasi orqanları artıq bu reallığı əməli şəkildə də isbatlamalı, sözügedən təxribatçılıqların və TV rüsvayçılıqlarının qarşısının alınması yönündə sərt mövqeyini ifadə etməli, hətta cəzalara belə əl atmalıdır. Bu baş verərsə, onda özünü ölkəmizə müttəfiq bilən Rusiyanın da prosesin tənzimlənməsindəki səmimiyyətinə müəyyən qədər inanmaq, etimad göstərmək olar. Əks halda isə hər şey tam əksinədir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə