Azərbaycanı region səmasında da lider görmək bizə qürur verir ŞƏRH

Azərbaycanı region səmasında da lider görmək bizə qürur verir ŞƏRH

Zəngilan beynəlxalq Hava Limanı ermənilər tərəfindən tamamilə dağıdılmış ərazidə inşa edilib. Bu da hava limanının xüsusi özəlliklərindən biridir. Artıq Qarabağın digər şəhərləri ilə paralel Zəngilan şəhəri də inşa edilir və yaxın illərdə bu yaşayış sahəsində ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanının əhəmiyyəti daha da artacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rayonun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir. Horadiz-Ağbənd dəmiryolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi düşməndən təmizlənən torpaqlarımızın çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyduğunu göstərir. Zəngilan beynəlxalq Hava Limanı hər növ təyyarələri də qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, aeroport prosesə xüsusi töhfə verəcək.Yenidənqurma mərhələsindən sonra işğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə gəlirlərin, yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan yaxın gələcəkdə Zəngilan aeroportu Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək. Bölgədə bərpa və yenidənqurmanın intensiv şəkildə aparılması, eyni zamanda, məskunlaşma prosesinin gözləniləndən daha tez başlayacağından xəbər verir. Bütün bunlar həyatın, canlanmanın uzun zaman işğalda qalan Qarabağa yenidən qayıtmasının bariz ifadəsidir. 2020-ci il sentyabrın 27-də başlayan və tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi qəhrəman Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycan 30 illik erməni işğalına son qoyaraq tarixi ədaləti bərpa etdi. Ölkəmizin başçısının dediyi kimi, münaqişə bitib, tarixə qovuşub, indi işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə ardıcıl səfərləri, infrastruktur obyektlərinə baş çəkməsi və işlərin gedişi ilə şəxsən yaxından maraqlanması dövlətin bu prosesə diqqətinin bariz nümunəsidir.

İşğaldan azad olunan rayonlarda bu cür müasir infrastrukturun qurulması bölgəni həm xarici sərmayələr, həm də turizm üçün cəlbedici məkana çevirir. Bunun üçün bütün zəruri infrastruktur, dəmir yolu və hava limanlarının da inşası aparılır. İşğaldan azad olunmuş ərazilərdə aeroportların inşası, eyni zamanda Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin açılıb fəaliyyətə başlaması nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Bu dəhliz vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycana quru yolla birləşdirilməsi də bu tarixi diyarımızın Azərbaycan iqtisadiyyatına daha da reinteqrasiyasına səbəb olacaq. Dövlət başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək.Zəngilan aeroportunun və ümumiyyətlə işğaldan azad edilmiş digər bölgələrdə inşa edilmiş aeroportların hərbi əhəmiyyətlərini də qiymətləndirmək vacibdir. Qeyd etmək lazımdır ki, bu aeroportlar eyni zamanda hərbi, iqtisadi layihələrin tərkib hissələridirlər. Ümumiyyətlə hər bir hava limanının yerləşdiyi mövqeyə görə özünün hərbi əhəmiyyəti olur. Nəzərə almaq lazımdır ki, Ermənistan ilə sərhəd bölgələrimiz hələ də potensial müharibə ocağıdır. Məhz buna görə bu bölgənin nəqliyyat infrastrukturunun bərpası və yeni yolların salınmasının ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Vətən müharibəsindən sonra dünyanın əksər orduları öz arsenalını PUA və Dronlarla təzələyib. Buradan aydın olur ki, müasir dünyanın müharibələri dronlarla aparılacaq. Qısası Zəngəzur aeroportu eyni zamanda döyüş radiusunun genişləndirilməsində növbəti addımdır.Gələcəkdə bu hava limanlarından karqo daşımalarda istifadə edib, ciddi fayda götürmək olar. Əgər deyildiyi kimi 6 ölkəni əhatə edən iqtisadi zona yaradılsa və Türkiyədən Çinə nəzərdə tutulmuş quruyol layihəsi reallaşarsa, bu kimi layihələr öz səmərəsini çox tezliklə verəcək.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küç.23” (BDU) ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə