Qubadlı: dünən və bu gün ŞƏRH

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qubadlı şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl və qərbdən Ermənistanla həmsərhəddir. Qubadlı rayonunun kəndlərinin əksər hissəsi əsasən Bərgüşad və Həkəri çayları ətrafında yerləşir. 1948-1953-cü illərdə Ermənistandan 53 min nəfər azərbaycanlı öz qədim torpaqlarından Azərbaycana köçürülmüşdür. Azərbaycanlılar yaşayan torpaqların ermənilər tərəfindən ələ keçirilməsi azərbaycanlılara qarşı soyqırımdır. Bu prosesdə ən çox zülm və əziyyət çəkən rayonlardan biri də Qubadlı idi. Ermənistan tərəfindən işğaldan sonra Qubadlıya qanunsuz olaraq xaricdə yaşayan ermənilər gətirilmiş və yerləşdirilmişdir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xanlıqda xaricdən gələn ermənilər üçün qəsəbə salınmışdır. Həmin qəsəbə xaricdə yaşayan erminlərin pulu hesabına salınıb.1 şəhər və 94 kənddən ibarət olan Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 1,485627 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Etnik tərkibi azərbaycanlılardan ibarət olan Qubadlının işğaldan əvvəl əhalisinin sayı 29903 nəfər olmuş və bu ərazidə ümumtəhsil məktəbləri, xəstəxanalar, mədəniyyət müəssisələri, məscidlər, körpülər, yerli icra və hüquq mühafizə orqanları, sənaye obyektləri, yaşayış evləri, abidələr ermənilər tərəfindən dağıdılmış, məhv edilmişdir. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Məzrə, Gəyən və Yazı düzü adlanan ərazilər bol məhsullu torpaqlardır. Qubadlıda ümumi olaraq 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngin olub. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Muradxanlı, Qundanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daşı yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.25 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı şəhəri işğaldan azad edilmişdir. Vətən müharibəsi bitənə qədər ordumuz tərəfindən Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub. Müharibə bitdikdən sonra, 26 noyabr tarixində “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Hal-hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmaqda davam edir. Azad edilmiş ərazilərdə yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Amma inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və ehtiyac yaranarsa gücü iki dəfə artırıla bilər.Vətən müharibəsi bitdikdən sonra 23 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Qubadlıya gələrək burada Azərbaycan bayrağını ucaltmış, 25 oktyabr 2021-ci il tarixində Xanlıq-Qubadlı yolunun təməlini qoymuşdur. Daha sonra “Qubadlı” yarımstansiyasının, rayonda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib.

Nigar İmaməliyeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə