“Bu birliyi sarsıdacaq heç bir qüvvə ola bilməz” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu birliyi sarsıdacaq heç bir qüvvə ola bilməz” - MÜNASİBƏT BİLDİRİLDİ

“Məlum olduğu kimi oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın ən mühüm nəqliyyat qovşağının çevrilməsini şərtləndirən əsas amillərdən biridir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Onun sözlərinə görə, Füzuli hava limanından sonra Zəngilan hava limanı olduqca strateji əhəmiyyət kəsb edən bir hava limanlarından biridir: “Zəngilan Beynəlxalq Hava Limanı demək olar ki, işğaldan azad olunan ərazilərdə, xüsusən də İranla sərhəd olan Arazqırağı bölgədə olduğu üçün gələcəkdə Azərbaycanı hər hansısa bir təhdidlərdən, hərbi müdaxilələrdən qorumaq üçün yenə də olduqca hərbi xarakterlik daşıyan hava limanlarından biri sayıla bilər.

Təbii ki, cənab Ərdoğanın həmin bu tədbirdə iştirak etməsi dünyaya bir mesaj oldu ki, həqiqətən də Azərbaycanla Türkiyə iki dövlət, bir millətdirlər və onlar bütövlüklə regionumuzda baş verən istər dəyişikliklərdə, istərsə də infrastrukturların yenidənqurma prosesində bir yerdədirlər.

Türkiyə Azərbaycan üçün arxa və kömək olan bir dövlətdir. Türkiyə Prezidenti ilə cənab Prezident İlham Əliyevin birgə olması xüsusən də burada dünyaya və həmin o xoşniyyətli olmayan qonşu ölkələrə verdiyi mesaj çox böyük əhəmiyyət kəsb edir”.

Telman Qasımov sözlərinə belə davam edib: “Bu gün dünyanın bir çox ölkələrində problem yaşanır. Cənab Prezident bunu açıqladı və ölkələr idarəolunmaz vəziyyətə düşüblər, iqtisadi çətinliklər, sıxıntılar baş alıb gedir. Türkiyə və Azərbaycan isə bütün bu çətinliklərin fonunda işğaldan azad olunmuş ərazilərimizdə böyük infrastruktur dəyişikliklər və maliyyə xərcləməklə böyük işlər görüblər. Həqiqətən də bu dünyaya bir mesaj idi ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Onlar bir və möhkəmdirlər. Bu birliyi sarsıdacaq heç bir qüvvə ola bilməz. Çünki artıq region demək olar ki, qardaş Türkiyənin nəzarətindədir. Xüsusən də bizim bölgədə, regionda hansısa bir dəyişiklik baş verəcəksə də, hansısa bir vəziyyət dəyişəcəksə də burada mütləq şəkildə Türkiyənin söz sahibliyi vacibdir.

Hər iki Prezidentin çıxışında, hər bir kəlməsinin arxasında böyük məna dayanır. Bu baxımdan mən düşünürəm ki, qarşıda həqiqətən də bizi istər ağır, istər çətin, istər üzü ağ, alnıaçıq və fəxredici, qürurduyucu günlər gözləyir. Təbii ki, bu ağır günlər həm də İran-Azərbaycan sərhədində baş verən bu xoşagəlməz təlimlərlə bağlıdır.

Düşmən Azərbaycanın uğurlarını həzm edə bilmir. Bu baxımdan Azərbaycana qarşı xoşniyyətli olmayanlar daim çalışacaqlar ki, başımızı qatsınlar və bizim üçün böyük bir problem yaratsınlar. Mən düşünürəm ki, biz bunun da öhdəsindən gələ biləcəyik. Çünki, 44 günlük müharibə kimi ağır bir vəziyyətdən üzüağ, alnıaçıq çıxdıqsa, bütün bu xırda-para düşmən tərəfindən yaradılmış məsələlərdəndə üzüağ çıxacağıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə