Zəfər təntənəsini yaşadan 44 gün TƏHLİL

Zəfər təntənəsini yaşadan 44 gün TƏHLİL

21 oktyabr 2020-ci il. Vətən müharibəsinin tarixi günlərini yaşayırdıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və onun mükəmməl rəhbərliyi ilə irəliləyən müzəffər Ordumuz hər gün irəliyə doğru gedərək, düşməndən intiqamını alaraq, yeni qələbələrimizi tariximizə həkk edirdi. Dövlət-xalq birliyinin növbəti təntənəsini yaşadığımız həmin zamanda əsgərlərimizin düşməndən intiqam almaqda davam edərək, ermənilərə dərs verməsi tezliklə Zəfərimizin təntənəsini yaşayacağımız günün astanasında olduğumuzdan xəbər verirdi. Azərbaycan Prezidenti demək olar ki, hər gün "Twitter" səhifəsindən xalqa verdiyi müjdələr, eləcə də tarixi günlərdə xalqa müraciəti tezliklə zəfər qazanacağımızdan xəbər idi. İki il bundan əvvəl ilin bu günü "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu sözlər 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsində yer almışdır. Elə həmin gün Cənab Prezident "Twitter" səhifəsində "Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" – deyə bildirmişdir. Hər gün kənd və qəsəbələrimizin, şəhərlərimizin işğaldan azad olunması xəbəri insanlarda inam hissini daha da yüksəldirdi. Azərbaycan Ordusunun qazandığı uğurlar Prezident İlham Əliyevin həm siyasi, hərbi, diplomatik, həm də iqtisadi sahədə apardığı məqsədyönlü fəaliyyətinin nəticələri olduğunu bir daha nümayiş etdirirdi. Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmənə sarsıdıcı zərbələri, Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri, eləcə də bir sıra yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi Müzəffər ordumuzun gücünü bir daha ortaya qoymuş oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 27-dən 21 oktyabr tarixinədək Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edərək demişdir: "...Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?".

Prezident İlham Əliyev müharibənin getdiyi zaman çərçivəsində dəfələrlə beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edərək, təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş oldu. Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq kürsülərdən konkret faktlarla təcavüzkarı ifşa edir. Azərbaycan Prezidentinin "Əl-Cəzirə", "Əl-Ərəbiyə" "TRT Haber", "Pervıy Kanal", "CNN Türk", "Euronews", "CNN International", "Sky News", "RBK" və digər televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rola malikdir. 44 günlük Vətən müharibəsində dövlət başçısı Ali Baş Komandan kimi öz gücümüzü bütün dünyaya bir daha sübut edərək, mənfur düşməni uzaqgörən siyasəti ilə məğlub etdi. Həm siyasi meydanda, həm döyüş meydanında "Qarabağ Azərbaycandır!" sözünü həkk etdi.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə