Zəngilandan başlayan Böyük Qayıdış

Zəngilandan başlayan Böyük Qayıdış

Bu gün biz torpaqlarımızın azad olunması tarixlərini qeyd etdikcə qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələrin biri-birini əvəz etdiyi tarixlərdən cəmisi 2 il keçib. Bəli, biz əminliklə deyə bilərik ki, müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmədi. Doğma torpaqlarında müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa etdi. 2020-ci ilin oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Bu xəbərə ən çox sevinənlər isə 27 il dədə-baba yurdundan didərgin düşmüş biz zəngilanlılar oldu.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir. İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə mövcud olmuşdur.

Bu yaxınlarda Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak etdilər. Bu açılış Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan bir tədbir idi, çünki bu açılış mərasimi ilə “Böyük qayıdış” prosesinə start verildi.

Bu tədbir eyni zamanda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin davam etməsini göstərdi. İlk pilot layihə olaraq məhz Zəngilanda icra edilməsinə başlanmışdır və burada 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.

Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verildi və ilk olaraq zəngilanlıların dogma torpaqlarına qayıdışı baş tutdu. Belə maliyyə tutumlu layihələrin icra edilməsi məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına həyata keçirilir. Əlbəttə bu cür layihələri güclü iqtisadiyyata malik olan ölkələr həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyata malik olması bu cür layihələrin həyata keçirilməsinə imkan verir. Vətən müharibəsindən sonra ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri ya böyük layihələrin təməlqoyma və ya açılışı ilə bağlı olur. Dövlət başçısı aparılan işlərə birbaşa özü nəzarət edir.

Son 200 ildə ermənilər tərəfindən Azərbaycana qarşı mərhələli şəkildə soyqırım siyasəti həyata keçirilib, ərazilərimizin bir hissəsi ermənilərə verilib. Ötən əsrin 20-ci illərində də Sovet hakimiyyəti Qərbi Zəngəzuru Ermənistana vermişdir. Təbii ki, bu, Azərbaycana qarşı aparılan ədalətsiz bir siyasətin mərhələləri olub. Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra da o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizi erməni işğalı altına düşmüşdü. Çox şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanı bugünki uğurlara gətirib çıxarıb.

Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqları çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır.

Məftun Quluzadə,

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Bütün xəbərlər Facebook səhifəmizdə