Erməni politoloqu: “Yaxınlarda Rusiyanın sərt bəyanatları olacaq” İDDİA
Ermənistanın Rusiyadan uzaqlaşma və Qərbə doğru meyllənmə siyasəti günü-gündən artır və biz belə bir situasiyada Moskvanın hələ ki, müttəfiqlik çərçivəsi daxilində və sərt görünməyən bəyanatlarını müşahidə edirik. Ancaq həmin münasibətin bu cür davam edəcəyini də düşünmək olmaz. Belə ki, Rusiyanın uzun illər qoynunda bəslədiyi Ermənistan faktorundan elə-belə əl çəkəcəyi inandırıcı görünmür.
Həmçinin, Ermənistanda mövcud siyasi cameələrin rusiyapərəst və qərbpərəst cinahlara ayrılması da diqqətçəkən amillərdəndir. Hətta bu gün Paşinyan iqtidarına qarşı elə müxalif qüvvələr var ki, onlar Qərb dəstəkçiləridirlər, amma buna baxmayaraq hakimiyyətə qarşı kütləvi aksiyalar keçirir, iqtidara gələcəklərini iddia edirlər. Təbii ki, Rusiya tərəfdarları olanlar da onlara qarşı ziddiyyətli mövqedə dayanırlar. Ermənistandakı siyasi üçbucaq mənzərəsi isə bu cürdür – rusiyapərəst müxalifətçilər, qərbyönümlü müxalifət və Qərbə tərəf meyllənən, ancaq Rusiya ilə müttəfiq olan iqtidar.
Vigen Hakopyan: “Biz Paşinyanın öz manipulyasiyalarından maksimum istifadə edərək hərdən şantaja da əl atdığını müşahidə edirik”
SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, politoloq Vigen Hakopyan “Erməni gündəmi: Rusiyanın Qərblə toqquşması episentrində” adlı panel müzakirələri zamanı sözügedən fikirlərlə çıxış edib. Onun iddiasına görə, erməni ictimai-siyasi rəyi çox maraqlı situasiyanı müşahidə edir: “9 (10-R.R.) noyabr sənədinin imzalanmasından sonra gözlənilirdi ki, Ermənistan girova çevriləcək, Rusiya isə fövqəldövlət olaraq Ermənistanın baş nazirini maksimum şəkildə istifadə edəcək, hansı ki, mövcud vəziyyətdə biz Paşinyanın öz manipulyasiyalarından maksimum istifadə edərək hərdən şantaja əl atdığını müşahidə edirik”.
Politoloq: “Ruslar çalışırlar ki, Ermənistan hökumətinin oyunlarına yumşaq reaksiyalar göstərsinlər, amma bu o demək deyil ki, əldə olan alətlərdən istifadə olunmayacaq”
Hakopyana görə, ruslar erməni hökumətinin hərdən qeyri-müəyyənliyinə, hərdən isə açıq qərbpərəstliyinə dözümlülük sərgiləyir, amma belə yanaşma davamlı xarakter almayacaq və qarşıda Ermənistanı ciddi təhlükələr əhatə edə bilər. “Ruslar çalışırlar ki, Ermənistan hökumətinin oyunlarına yumşaq reaksiyalar göstərsinlər, amma bu o demək deyil ki, əldə olan alətlərdən istifadə olunmayacaq”, qeyd edən erməni politoloquna görə, Moskva İrəvana qısa müddətli vaxt verib. Vaxt başa çatdıqdan sonra isə olmalı olanlar olacaq: “Tezliklə sərt bəyanatlar səsləndiriləcək ki, bu da Ermənistanın xarici siyasi sektorlarını balaslandıracaq”, politoloq Vigen Hakpoyan bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB