"Rusiya Fransanı Ukrayna müharibəsinə görə qapı arxasına çıxarıb" POLİTOLOQ ŞƏRH VERDİ

"Rusiya rəsmi olaraq Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasını təşviq edən ilk ölkələrdən hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, 10 noyabr bəyanatı məhz elə Rusiyanın səyləri nəticəsində imzalanmışdır: "Sonrakı mərhələlərdə isə rəsmi Moskavanın təşəbbüsü ilə 3 dəfə üçtərəfli görüşlər keçirildi. Bu görüşlərin nəticəsi olaraq bir sıra vacib məqamlar üzrə razılıqlar əldə olundu. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu günə qədər Ermənistan bu görüşlərdə əldə edilən razılıqların icrası üzrə müsbət addımlar atmayıb. Ukrayna ilə başlayan müharibə nəticəsində son zamanlar Rusiyanın vasitəçilik missiyasında müəyyən passivlik müşahidə olunur ki, yaranmış vakkumdan Qərb mütəşəkkil şəkildə istifadə edir. Burada da əsas məqsəd Rusiyanı danışıqlardan sıxışdırıb çıxarmaq və Rusiyanın bölgədəki mövqeyini zəiflətməkdir. Praqa görüşü zamanı Rusiya XİN-nin sözçüsü M.Zaxarova bu barədə açıq şəkildə narazılıq ifadə edən bəyanat verdi. Buradan da məlum oldu ki, Rusiya Qərbin xüsusilə də Aİ ilə Fransanın bu məsələdə iştirakına heç də loyal yanaşmır. Zatən Rusiya Fransanı Ukrayna müharibəsinə görə qapı arxasına çıxarıb. Fransanın ciddi cəhdlə nümayiş etdirmək istədiyi vasitəçilik tam iflasa uğradı. İndiki halda isə Fransanın aktivləşməsi Moskvada müəyyən qıcıqların yaranmasına səbəb olur".

Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, Rusiya bölgədə əldə olunmuş sülhün qarantorudur: "Rusiya SMQ bölgədə xidmət aparır. Rusiyanın xarici siyasət prioritetlərinə uyğun olaraq sülh gündəliyinin qorunmasında maraqlıdır. Burada əsas məqsəd sülhü təmin etməkdə əməkdaşlığı davam etdirmək, Qərbin bölgəyə nüfuzetmə səviyyəsini azaltmaq və Ermənistanın siyasi orbitdən uzaqlaşmasını təmin etməkdir. Əks halda Qərb Ermənistan üzərindən Rusiyaya qarşı yeni siyasi kursu proyeksiya edəcək. Bu məsədlə ötən gün Azərbaycan prezidenti ilə Rusiya prezidenti arasında görüş baş tutdu. Görüşün əsas məzmunu sülhün qorunması və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi olub. Bu, heç də təsadüfi deyildir. Son günlər Azərbaycanın Avropa və Asiya ölkələri arasında artan gücü onu deməyə əsas verir ki, Azərbaycan siyasi, iqtisadi və hərbi müstəvidə, artıq regional güc mərkəzinə çevrilib. Bölgə üzrə yeni siyasi kursun seçilməsində həm Qərb, həm də Rusiya Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməlidirlər. Çünki açıq məlumdur ki, bu sahədə zəiflik göstərildiyi təqdirdə, Azərbaycanın seçim alternativi vardır. Eyni zamanda da, Rusiya sülh sazişinin imzalanması, sərhəd və "Qarabağ" məsələsində öz dominantlığını saxlamaq niyyətindədir. Bu məqsədlə də Rusiya prezidenti hər iki ölkə rəhbərini Moskvaya rəsmi görüşə dəvət də edib. Görünən odur ki, Rusiya Azərbaycanın artan nüfuzu fonunda bölgədə Ermənistanın Qərbə istiqamətlənməsini əngəlləmək istəyir. Buna görə də son anda belə sülh gündəliyi üzrə aparılan təhlükəsizlik və sülh danışıqlarında iştirakını aktivləşdirməyə qərar verib".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə