"Azərbaycan və Qırğızıstan dost ölkələrdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Prezident İlham Əliyevin Qırğızıstana səfəri ölkələrimizarası ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir. Düzdür, Qırğızıstanla ticarət dövriyyəmiz simvolikdir. Bu da əvvəllər ölkələrimiz arasında münasibətlərin dərinləşməməsindən irəli gəlirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər badamov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstana səfəri münasibətlərin inkişafına yeni impuls verəcək: "6 ay əvvəl Qırğızıstan prezidenti Sadır Caparovun Bakıya səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlığın dərinləşdirilməsinə dair Bəyannamənin imzalanması və uğurla həyata keçirilməsi, həm də Dövlətlərarası Şuranın uğurla fəaliyyət göstərməsi qısa zaman kəsiyində münasibətlərimizi yeni müstəviyə daxil etdi".
Deputat sözlərinə belə davam edib: "Prezident İlham Əliyevin səfəri çərçivəsində ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığının dərinləşdirilməsinə dair yeni sənədlər imzalandı. O cümlədən Bişkekdə Ümummilli Lider Heydər Əliyevin və dahi şairimiz Nizaminin adına məktəblərin, həm də Dostluq Parkının açılışlarının edilməsi Azərbaycan Qırğızıstan münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir.
Azərbaycan və Qırğızıstan eyni soy-kökə, oxşar dil və mədəniyyətə malik dost ölkələrdir. Biz müxtəlif beynəlxalq platformalarda bir-birimizin siyasi mövqeyini müdafiə edirik. Məhz prezidentlərin qarşılıqlı səfərləri ölkə və xalqlarımız arasında münasibətləri daha da yaxınlaşdıracaq və dostluğumuzu daha da möhkəmləndirəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB