Vətən müharibəsi: milyonlarla insanların gözlədiyi cəhbə xəbərləri TƏHLİL

Prezident İlham Əliyev: "Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır"

"Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür". Bu fikirləri 2020-ci ilin sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək, strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq: "Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır".

HƏR GÜN BİZİ QƏLƏBƏYƏ APARAN BİR ADDIM

44 gün milyonlarla insanın səbirsizliklə gözlədiyi CƏBHƏ XƏBƏRLƏRİ. Hər gün eşitdiyimiz xəbərlər bizi qələbəyə daha da yaxınlaşdırırdı. Otuz ilə yaxın bir zamanda insanların əzəli torpaqlarımıza dönəcəyi arzularının reallaşmasına hər ötən gün yaxınlaşırdıq. Azərbaycan Ordusu respublikamızın ərazi bütövlüyünü təmin etmək uğrunda Ermənistanın hərbi təxribatına qarşı mübarizə aparırdı. İşğal altındakı torpaqlarımızın bir hissəsi, bir neçə strateji əhəmiyyətli yüksəklik qısa bir vaxtda azad olundu və düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edildi, mühəndis-istehkamları dağıdıldı. Təbii ki, əldə olunan qələbəmizin əsasında hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizdə güclü iqtisadiyyatın yaradılması istiqamətində apardığı uğurlu və məqsədyönlü siyasət dayanırdı. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikri bir daha Vətən müharibəsində öz təsdiqini tapdı. Vətən müharibəsində xalqımızın düşmənə qarşı apardığı mübarizə ədalətli və özünün işğal olunmuş torpaqlarının azad olunması məqsədini daşıyırdı. Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, xalqla hakimiyyətin həmrəyliyi, ölkəmizdə yaranan siyasi birlik, xalqımızın ruh yüksəkliyi və qələbəyə möhkəm inamı sayəsində mənfur düşmənin torpaqlarımızdan qovulacağına qəti əminlik yaratmışdır. Düşmən təxribatlarına son qoymağa və torpaqlarımızdan bir dəfəlik getmələri tələb olunarkən, "Qarabağ Azərbaycandır", "Qarabağa Azadlıq" şüarları səsləndirildi. Azərbaycan gəncləri mübarizəni sosial şəbəkələr vasitəsi ilə də apararaq, müasir dövrün tələblərinə uyğun olaraq informasiya müharibəsində fəallıq göstərdilər. "Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim", - deyən Azərbaycan Prezidenti bildirib ki, bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır: "Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir".

AZAD OLUNACAQ ƏRAZİLƏRDƏ BAYRAĞIMIZIN SANCILACAĞI GÜN QARŞIDA İDİ

Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına səbəb oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. Son illər Azərbaycanda böyük miqdarda müasir tanklar, hərbi nəqliyyat vasitələri, HHQ sistemi, tank əleyhinə raket və artilleriya sistemi, pilotsuz uçuş aparatları alınıb. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilib. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağının tezliklə Qarabağ torpağında azad olunacaq ərazilərdə sancılacağı gün qarşıda idi. Heç kəsdə şübhə doğurmurdu ki, güclü orduya, iqtisadi gücə, milli birliyə malik olan Azərbaycan işğal altında olan torpaqlarımızı qarış-qarış azad edirdi. Ordumuzun yüksək döyüş hazırlıq qabiliyyəti, ən son növ döyüş texnikası və hərbi avadanlıqlar ilə təmin olunması eləcə də gənclərimizin ölkə rəhbərliyinə və ordumuza verdiyi dəstək bunu deməyə əsas verdi. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın yağı düşməndən azad edilməsi istiqamətində yürütdüyü siyasət xalqımıza zəfər sevincini yaşatdı. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə