44 günlük Vətən müharibəsi: Tərtər terroru TƏHLİL

2020-ci il, tarixin bu günü. Erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtərin Qazyan kəndində mülki sakinlərin evlərinə ciddi ziyan dəydi, infrastruktur sıradan çıxdı. Məqsədli şəkildə mülki əhalini hədəf alan düşmən sentyabrın 30-da səhər saat 08.00-dan etibarən, Tərtər şəhərini artilleriya atəşinə tutur. Əlbəttə ki, cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilirdi. Erməni hərbçilərinin artilleriya atəşinin növbəti hədəfi Tərtərin Seydimli kəndi olub. Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edirdi. Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanalara yerləşdirildi, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vuruldu. Qeyd edək ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində həmin tarixə qədər mülki əhalidən ümumilikdə 12 nəfər həlak olmuş, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdi. Təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olmuşdu. Ölkəmizin hər yerində olduğu kimi, Lerikdə də sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin dinc sakinləri məqsədyönlü şəkildə atəşə tuturdu. Daha sonrakı günlərdə Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.

"ONLAR TƏYİN EDİLMİŞ ATƏŞKƏS SAATINDAN DÜZ 2 DƏQİQƏ SONRA ATƏŞKƏSİ POZDULAR"

"Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici mətbuatlardan birinə verdiyi müsahibəsində bildirmşdir. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, ölkəmizin xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalırdı. 26 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də beynəlxalq hüququn normalarnı kobud şəkildə pozub. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Bu gün Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmazdır. Müharibə getdiyi bir zamanda humanitar atəşkəs elan olunsa da yenidən Ermənistan tərəfi buna məhəl qoymur, hətta mülki əhalini belə hədəf alırdı. Müharibə dövründə humanitar atəşkəs elan olunur və hər birində erməni təcavüzkarları atəşkəs rejimini pozaraq çirkin niyyətlərini ortaya qoymuş olurlar. Cənab Prezident bildirib ki, humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu: "Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik". Azərbaycan Prezidenti ikinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası olduğunu bildirib: "Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. … Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq".

"BƏLİ, AZƏRBAYCANLILAR DAĞLIQ QARABAĞA, O CÜMLƏDƏN ŞUŞAYA QAYIDACAQLAR, BAX, ONDA BİZ ÇOX TEZLİKLƏ RAZILIĞA GƏLƏRİK"

Bəli, Ermənistan öz ampulasında qalaraq üçüncü dəfə elan olunan atəşkəsi də pozmuşdur. Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda təzavüzkar siyasətini davam etdirirdi. Ermənistan Silahlı Qüvvələrinin Bərdə və Tərtər şəhərlərini "Smerç" raketindən atəşə tutması nəticəsində biri uşaq olmaqla dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan isə yaralanıb. Bu bir daha Ermənistan tərəfinin Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizliyini təsdiqləmiş oldu. Müsahibələrinin birində "Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu?" – sualına Azərbaycan Prezidenti belə cavab vermişdi: "Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma "Dağlıq Qarabağın" rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu". Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, - deyən Cənab Prezident bunun belə olmadığını diqqətə çatdırıb: "Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər".

Bu dərs ilə barışmayan ermənilər dinc əhaliyə atəş açaraq mülki insanları qətlə yetirirdilər. Ermənistanın atəşkəsi pozaraq Azərbaycana hücum etməsi və mülki əhalini hədəf alması onların diplomatik həll istəməyən, siyasi müzakirələrdən uzaq niyyətlərinə əsaslanır. Dövlətimizin başçısı dəfələrlə çıxışlarında, eləcə də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edərək ədalətin bərpa olunmasını, işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını bildirmişdi: "Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik". Ədalət bərpa olundu və Zəfər çalan Azərbaycan 44 günlük müharibənin keçdiyi tarixi günləri vərəqlədikcə qürurlanırıq. Bu, bizim Azərbaycan tarixinə yazılan qəhrəmanlıq tariximizdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə