"Tez ruhdan düşmə səbəblərindən biri də bu amillərin depresiv faktorlarla paralel müşahidə olunmasıdır. Məsələn, həddindən artıq telefon, televizor və monitor asılılığı, nitq və ünsiyyət prosesinin azalması, insanların empati və sosial bacarıqlarının zəifləməsi onların psixikasında köklü dəyişikliklər yaradır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, bu hal əsasən üzərində yığılan emosional təzyiqlə əlaqələndirilir: "Emosional təzyiq zamanı insanlar hər şeyin yorucu olduğunu düşünürlər. Bu isə insanlarda nəzarətsizliyin mənfi nəticələri ilə tez-tez qarşılaşmanın nəticəsində yaranan bir prosesdir. Biz buna öyrənilmiş çarəsizlik deyirik.
Yəni gənc yeni işə başlamaq istəyirsə və ilkin uğursuzluq onu ikinci cəhddən uzaqlaşdırırsa, bu, tez ruhdan düşmənin səbəblərindən biridir. Öyrənilmiş çarəsizlikdə insan dəfələrlə mənfi nəticələrlə qarşılaşır və sonrasında “mən nə etsəm də dəyişməyəcək” inancı formalaşır. Nəticədə mümkün olduqca cəhdlərdən çəkinir. Bu proseslər davamlı tənqid və cəzaya məruz qalan mühitlərdə — evdə, işdə, sosial çevrədə və ya səylərin nəticəsiz qalması fonunda yaranır. İnsan çalışır, amma heç nə alınmır. Hər dəfə təkcə motivasiya deyil, eyni zamanda disiplin formalaşdırmaq gənc üçün çətinləşir.
Günümüzdə gənclərin bir çox narahatlıqları ilə qarşı-qarşıya qalırıq. Adətən bu hallar tükənmə sindromunun artması ilə müşahidə olunur. Həm iş həyatında, həm sosial münasibətlərdə, həm də şəxsi əlaqələrdə yaşanan emosional təzyiqlər və zəifliklər psixoloji uyğunsuzluqların artmasına səbəb olur. Gündəlik həyat ritminin sürətlənməsi və gözləntilərin çox olması gənclərin tez ruhdan düşməsinin əsas səbəblərindən biridir. Bəs gənclər niyə davamlı yorğundurlar və bunun arxasında hansı psixoloji faktorlar dayanır? Son illərdə demək olar ki, gənclərin böyük əksəriyyətindən bu cür ifadələri eşitmək mümkündür: “Motivasiyam yoxdur, heç nə etmək istəmirəm, heç nə maraqlı deyil, hər şey mənasızdır.” İlkin psixoloji konsultasiyalar zamanı aparılan araşdırmalar göstərir ki, bu vəziyyətin əsas səbəblərindən biri depresiv amillərdir".
Psixoloq sözlərinə belə davam edib: "Texnologiyanın inkişafı və hər şeyin daha əlçatan olması münasibətlərə, iş həyatına, sosial əlaqələrə və insan psixikasına mənfi təsir göstərir. Bu, ilk növbədə dəyərlərin azalmasına gətirib çıxarır. Əlçatan olan şeylər zamanla öz əhəmiyyətini itirir və bu da insanı sosial təklikdən və emosional zəiflikdən qurtarmır. Digər mühüm faktor nəzarətin olmamasıdır. Gənc düşünür ki, qərarları özü vermir, valideynlər onun yerinə qərar verir və bu səbəbdən tez ruhdan düşür. Bu hal uşaqlıq dövründə valideynlər tərəfindən formalaşdırılan inanclarla da əlaqəlidir. Məsələn, “Səndən olmaz”, “Sən bacarmırsan” kimi ifadələr uşaqlıq travmalarını dərinləşdirir.
Bu cür tez ruhdan düşmə halları ümidsizlik, öyrənilmiş çarəsizlik, yeni şeylərə başlamaqdan qaçma və uğursuzluğu şəxsi dəyər ilə eyniləşdirmə kimi nəticələrə gətirib çıxarır. Bu vəziyyət təhlükəlidir, çünki gənclərin potensialını dondurur. Problem imkanın və ya bacarığın olmaması deyil. Şərait var, bacarıq var, amma qorxu səbəbindən cəhd edilmir. Belə şəxslərdə ilk dəyişdirilməli olan faktor cəhd etmə prosesinin yenidən bərpa olunmasıdır. Bu, emosional zəiflik və sosial təkliklə paralel gedən və aradan qaldırılması mümkün olan bir prosesdir.
Bunun üçün gənclərdə xüsusi həvəs yaratmaq vacibdir. Məsələn, ona kiçik uğurlar qazandırmaq, balaca addımlarla və bacaracağına inandığımız şəkildə fəaliyyətə başlamağını təmin etmək lazımdır. Digər tərəfdən, “Mən bacarıqsızam”, “Mənim heç vaxt alınmayacaq” kimi formalaşmış inanc sistemləri dəyişdirilməlidir.
İnsan səhv edə bilər və hər kəs ikinci şansı haqq edir. Kiçik uğurlardan sonra “mən bacarıqlıyam” inancı formalaşa bilər. Əgər bir fəaliyyətdə uğur əldə olunmayıbsa, amma bacarılan hissələr mövcuddursa, insan həmin tərəfləri tapmalı və oradakı təsirini dəyərləndirməlidir. Ünsiyyət və motivasiya zamanı sözlərin insan psixikasına təsiri böyükdür. Beyin təkrar olunan sözlərə uyğun işlədiyi üçün afirmasiyalardan istifadə olunur. Məsələn, “Məndə heç nə alınmır”, “Mən heç vaxt bacarmayacağam” kimi ifadələr “Mən hələ ki, bacarmıram” şəklində yumşaldılır ki, psixikaya dəstək olsun. Son mərhələ isə dəstək almaqdır. Bu dəstək dostlardan, müəllimlərdən, psixoloqlardan və ya hörmət edilən şəxslərdən gələ bilər. Bu proseslərin avtomatlaşması üçün beyin yeni inanc sistemini formalaşdırmalıdır. Bu mərhələ zamanla formalaşır. Keçmişdə gücsüz olmaq isə gələcəkdə də gücsüz qalmaq demək deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB