Levon Ter-Petrosyan hakimiyyətə və müxalifətə son xəbərdarlığını etdi ŞƏRH+AKTUAL

Eks-prezident: “Bizi ağır qərarlar gözləyir, razılaşma həm Azərbaycanla, həm də Türkiyə ilə imzalanmalıdır”

Ermənistan rəhbərliyinin son çırpınışları da nəticəsiz qalmaqdadır. Əsində, baş nazir Nikol Paşinyanın Qərbdən pənah umması gözləntiləri də özünü doğrultmur. Əvvəlcə ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri, ardınca isə Paşinyanın Fransaya gedərək prezident Emmanuel Makronla görüş keçirməsi, eləcə də onun hökumət üzvlərinin də xarici səfərlər kontekstlərindəki ciddi-cəhdləri sadəcə boş görüntü xarakteri daşıyır. Yəni fakt budur ki, hətta Qərb siyasi dairələrinin rəhbərlikləri tərəfindən Azərbaycan əleyhinə səslənən bəyanatlar belə boş bəyanatlar qismində qalmaqda davam edir. Məhz bu xüsusda mühüm xatırlatmanı da qeyd edə bilərik. Prezident İlham Əliyev Laçın şəhərinə etdiyi səfəri zamanı xalqa müraciətində də vurğuladı ki, heç bir təsir cəhdləri və zənglər Azərbaycanı tutuğu mövqeyindən çəkindirə bilməz.

Bu arada, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da Nikol Paşinyanın “sudan quru çıxmaq” cəhdlərinin əbəs olduğunu bəyan edib. Xatırladaq ki, bir neçə gün əvvəl erməni katolikosu Qareginlə görüş keçirən Ermənistanın keçmiş dövlət başçıları Robert Koçaryan, Serj Saqrsyan ümumi vəziyyətin müzakirəsini aparıblar və həmin müzakirədə Koçaryan-Sarqsyan cütlüyü revanşizm siyasətinə üstünlük verdiklərini desələr də, onlardan fərqli olaraq Ter-Petrosyan tamamilə əks mövqedən çıxış edir, mövcud hakimiyyətin kapitulyasiya aktı ilə barışmaqdan başqa çarənin qalmadığını bildirir. O, öz fikirlərini belə əsaslandırıb ki, əks halda Ermənistan olan-qalan ərazilərini də itirməli olacaq və dövlətçilik məsələsi böyük sual altında qalacaq.

“Rusiyanın, Türkiyənin nə təklif etdiyini, Fransanın nə məsləhət verdiyini yalnız Nikol bilir”

Levon Ter-Petrosyana görə, Ermənistan qarşısında nəyin qoyulmasından yalnız bir nəfərin xəbəri var və o da Nikol Paşinyandır: “Bizim heç birimiz real informasiyaya malik deyil. Rusiyanın, Türkiyənin nə təklif etdiyini, Fransanın nə məsləhət verdiyini yalnız Nikol bilir”.

Ermənistanın eks-prezidenti müxalifətin də revanşist hisslərinə münasibətini açıqlayaraq bəyan edib ki, müxalifətin böyük əksəriyyəti Paşinyandan qurtulmaqla ağır qərarlara gəlməkdən xilas olunacağını hesab edir. Lakin bu da sadəlöhvlükdür. “Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq o daha ağır qərarlarla qarşı-qarşıya qala bilər”, deyə Ter-Petrosyan bildirib: “Bütün qərarlar bizim üçün pisdir. Mənim məqsədim budur ki, ən az ağrılı qərarı seçməyə imkanımız olsun”.

“Əgər daha yarım il də bu cür davam etsə artıq Ermənistan olmayacaq”

Levon Ter-Petrosyan qeyd edib ki, müxalifət və iqtidar hər şeyi kənara qoymaqla bir masa arxasında əyləşib, məsələni bir yerdə həll etməlidir ki, hansı variant Ermənistan üçün daha az ağrılı olacaq: “Şəxsən mən buna hazıram və məsuliyyət daşımaqdan da qorxmuram”.

Ermənistanın sabiq prezidenti hesab edir ki, ölkəsi Azərbaycanla və Türkiyə ilə sülh sazişini imzalamalıdır. O, katolikosla, Robert Koçaryanla, Serj Saqrsyanla və Nikol Paşinyanla görüş keçirməyi təklif edib və buna hazır olduğunu bildirib: “Hələ ki, bu gün hər-hansı münbit qərarı vermək mümkündür, yox əgər daxili qarşıdurmaları davam edəcəyiksə, onda bizi daha ağır qərarlara gəlmək gözləyir. Əgər daha yarım il də bu cür davam etsə artıq Ermənistan olmayacaq”.

“ABŞ bizim düşdüyümüz situasiyanı gərginləşdirməməlidir”

Ter-Petrosyan hesab edir ki, hazırda bir araya gəlməyin tam zamanıdır: “Bir daha deyirəm, bizi ağır, ağrılı qərarlar vermək gözləyir və biz həm Azərbaycanla, həm də Türkiyə ilə lazım olanları imzalamalıyıq. Bu, heç kimin xoşuna gəlməyəcək, ancaq alternativ olmayanda başqa məqam ələ düşmür”.

Keçmiş dövlət başçısı bildirib ki, məhz Rusiya-Ukrayna müharibəsi Ermənistan üçün təhlükəli situasiya yaradıb. O, eyni zamanda, ABŞ-ın da bostanına daş ataraq bildirib ki, vəziyyətin gərginləşməsində Vaşinqton siyasi dairələrinin də rolu var: “ABŞ bizim düşdüyümüz situasiyanı gərginləşdirməməlidir və bizim üçün daha münbit, qəbuledilən qərarların verilməsinə dəstək göstərməlidir. Rusiyanın bu məsələdəki imkanları zəifləyib və bu da Ukraynadakı müharibəyə görədir”.

“Ermənistanın Qarabağda səs hüququ qalmayıb və orada heç bir rol oynamır”

Levon Ter-Petrosyan Ermənistanın bütün siyasi-ictimai və s. dairələrinə xəbərdarlıq siqnalını verib və qeyd edib ki, vəziyyət dəfələrlə ağır vəziyyətə doğru inkişaf edir: “Mən hamıya - hökumətə, müxalifətə, ziyalılara, ictimai xadimlərə deyirəm ki, qeyri-ciddi olmağın deyil, ciddi olmağın zamanı çatıb. Qarabağ məsələsinin açarı Ukraynadakı müharibəyə qədər Rusiyanın əlində idi. İndi Rusiyanın o qədər problemləri var ki, artıq həmin açar da itiriləcək”.

Beləliklə, bütöv bir ölkənin itirilməsi təhlükəsinin mövcud olduğunu deyən Levon Ter-Petrosyan nə qədər gec deyilsə, Ermənistan rəhbərliyinin və müxalifətinin bir araya göələrək mövcud vəziyyətlə barışmalı olduğunu deyib, yalnız sülh sazişinin imzalanması ilə ölkənin xilas ola biləcəyini vurğulayıb və onu da bəyan edib ki, artıq Qarabağ məsələsi həll edilib: “Artıq Ermənistanın Qarabağda səs hüququ qalmayıb və orada heç bir rol oynamır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə