Bu gün Səmərqənddə ŞƏT üzv ölkələrin Sammiti işə başlayacaq

Bu gün Səmərqənddə ŞƏT üzv ölkələrin Sammiti işə başlayacaq

Əsas məqsədi üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi - siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarət olan Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildən etibarən fəaliyyət göstərir. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir. SİA-nın verdiyi məlumata görə, sentyabrın 15-16-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə Özbəkistanın Səmərqənd şəhəri ev sahibliyi edəcək.

Ərazisinə və əhalisinə görə, dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Xatırladaq ki, hazırda ŞƏT-ə Özbəkistan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir. Bu, Azərbaycan Prezidentinin iyunda dövlət səfərindən sonra bu il Özbəkistana ikinci səfəridir. Bu fakt ölkələrimiz arasında sıx əməkdaşlığın və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Qeyd edək ki, ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı baş katibi Çin nümayəndəsi Can Mindir.

Bütün xəbərlər Facebook səhifəmizdə