Prezident İlham Əliyev: "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər"
44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində Azərbaycanın işğal altında olan torpaqları erməni təcavüzkarlarından təmizləndi və tezliklə yeni bir həyat başlandı. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu 30 ilə yaxın həsrətə son qoydu və həmin zaman kəsiyində hər cəbhədən aldığımız qələbə xəbərləri insanlarda böyük sevinc hissi yaşadırdı və hər gün eşitdiyimiz qələbə sorağı bizi Zəfərə doğru aparırdı. Dövlət başçısının torpaqlarımızın işğalçılardan azad olunması ilə bağlı xalqa yeni qələbə sevincini yaşatması müharibənin tezliklə bitəcəyindən xəbər verirdi. Əlbəttə ki, qələbə əzmi ilə vuruşan əsgər və zabitlərimiz yalnız irəliyə doğru addımlayırdılar. Ölümün gözünə dik baxmağı bacaran vətən oğulları bir qələbədən yeni bir qələbəyə doğru irəliləyirdilər. Bu güc inamdan irəli gəlirdi. Bu güc ordunun gücü idi. Bu güc haqq və ədalətdən aşılanan güc idi. İşğaldan azad edilmiş şəhərlər, kəndlər, qəsəbələr və bu ərazilərdəki mədəni abidələr bərpa olunur, abadlıq-quruculuq işləri aparılır. İrimiqyaslı layihələrin reallaşması tezliklə bu ərazilərin müasir şəhərə, mərkəzə çevriləcəyinə əminlik yaradır. Bu gün işğaldan azad olunan digər ərazilərimdə genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilib. "Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar", - deyə Prezident bildirmişdir. Dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfəri və yeni təməllərin qoyulması, abadlıq və quruculuq işləri ilə yaxından tanış olması, yerində tapşırıq və göstərişlərin verilməsi tezliklə bu ərazilərin sakinlərinin öz ata-baba yurdlarına qayıdacaqlarından xəbər verir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edildi. "Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir", - deyə Prezident bildirib.
"BU GÜN BİZ GƏLƏCƏYİ YARADIRIQ, ÖZ ƏLLƏRİMİZLƏ YARADIRIQ"
Bəli, Cənab Prezidentin bildirdiyi kimi, "Müharibə artıq tarixdə qaldı… Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq". Böyük Qaydışın ilk karvanı bir neçə ay bundan yol aldı. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Zəngilan rayonun Ağalı kəndində sürətlə görülən işlər bu şəhərin sakinlərini tezliklə qoynuna alacağından xəbər verirdi. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar.
BÖYÜK QAYIDIŞIN AYAQ SƏSLƏRİNƏ AĞALI QUCAQ AÇDI
Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyən Prezident insanlara, oraya qayıdacaq insanlara rahat şəraitin yaradılıcağını bildirib: "Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf". Belə də oldu. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Xüsusi olaraq vurğulayaq ki, Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının da təməlini qoydu. Şübhəsiz ki, bu hava limanı bölgənin inkişafında mühüm rol oynayacaq. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idi. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Artıq Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürüldü.
Sentyabrın 7-də isə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə start verildi. Keçmiş məcburi köçkünlərin 12 ailədən (63 nəfər) ibarət növbəti qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyindən" Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı. Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə daha 25 ailənin (125 nəfər) köçürülməsi planlaşdırılır. On iki ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də doğma yurdlarına yola düşüblər. Digər 13 ailə (62 nəfər) isə sentyabrın 10-da Ağalı kəndinə köçürüləcək.
MÜASİR AĞALI KƏNDİ
Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Ümumilikdə "ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə (201 nəfər) hər cür şəraitlə təmin olunub.Ağalı kəndində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir ki, kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Ağalı kənd meydanında "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Göründüyü kimi, "Ağıllı kənd"də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası onların ixtiyarındadır. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Bu gün artıq müharibədən qısa bir zaman keçmiş olsa da ərazilərdə abadlıq-quruculuq işləri uğurla reallaşıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlar yenidən qurulur və əvvəlki zamanına qayıdır və tezliklə yolunu həsrətlə gözlədiyi əzəli sakinlərini Ağalı kimi, Şuşa, Kəlbəcək, Laçın və digər ərazilər sevgi ilə qarşılayacaq.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB