Ermənistan Rusiyadan niyə uzaqlaşır? -POLİTOLOQ AÇIQLADI

"Rusiya və Aİ-nın Qafqazda vasitəçilik yarışı artıq demək olar ki, açıq şəkildə gedir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, 2021-ci ildən etibarən regionda gedən proseslərə aktiv qoşulan Aİ-nın bu istiqamətdə bir neçə məqsədi var: "Birincisi, Aİ Rusiyaya qarşı aparılan hərbi kompaniya çərçivəsində onun Qafqazdakı mövqeyinin zəifləməsini və proseslərdən kənarda qalmasını istəyir. İkincisi, Aİ Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı inkişaf etdirmək və Avropanın Rusiyaya qaz asılılığını minimuma endirməkdir. Üçüncüsü, Aİ Azərbaycan arasında imzalanması gözlənilən sazişin artıq yekunlaşması və bununla da münasibətlərin daha strateji mərhələyə keçidini təmin etməkdir. Dördüncüsü, Aİ Ermənistana özünün maliyyə vasitələrindən istifadə edərək təzyiqi artırmaqla əldə olunmuş sülhün legitimləşməsini təmin etməyə çalışır. Məhz bu səbəbdən Aİ bu məsələlərdə daha aktiv olmağa vadar edir. Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfəki görüş ərəfəsində Rusiya narazılığı və qısqanclığı daha bariz şəkildə özünü büruzə etdi. Belə ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirdi ki, Aİ Qafqazdakı aktivliyinin arxasında siyasi ambisiyalar dayanır. Rusiya prezidenti Putin isə bu günlərdə Ermənistanın keçmiş prezidenti olmuş Koçaryanı ad günü münasibətilə təbrik etdi və bununla da Paşinyana ciddi mesaj vermiş oldu. Bunun siyasi anlamı odur ki, Rusiya hər zaman Ermənistandakı daxili siyasi və sosial proseslərə aktiv şəkildə qoşularaq istənilən ssenarini yaza bilər. Nəzərə alsaq ki, Rusiya XİN rəhbəri də milliyətcə ermənilərə daha yaxın olduğu üçün bu məqamda onun da mövqeyi Rusiya prezidenti ilə üst-üstə düşür. Bundan əlavə, rus KİV -də erməni əsilli milyarderin Qarabağa köçməsi xəbəri də son günlərdə tirajlanır. Görünən odur ki, Rusiya Aİ-nın Qafqazdakı vasitəçilik missiyasını və məramlarını özünəuyğun şəkildə qəbul edir. Lakin burada bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki, rəsmi Moskva bu narazılığın səbəbini özündə axtarmalıdır. Çünki rəsmi sülhün qarantor rolunda çıxış edən Rusiya 10 noyabr Bəyanatının bütün bəndlərinin icrasına birbaşa cavabdehdir. Ən azından ona görə ki, bölgədə Rusiyaya məxsus olan SMQ xidmət aparır. Amma buna baxmayaraq, bu günə qədər Bəyanatın ən azından 3 maddəsi hələ də icra olunmamış qalır. Bu istiqamətdə isə Rusiya tərəfindən Ermənistana heç bir təhriketmə və təzyiq göstərilmir. Belə olan halda təbii ki, Aİ bu məqamdan istifadə edərək moderatorluğu öz əlinə alır. Moskvanın etməli olduğu işi Brüssel tərəfindən həyata keçirilməsinin əsas səbəbkarı elə Moskvanın özüdür. Daha doğrusu, bu işlərin həyata keçməsini istəməyən rus siyasi, hərbi və diplomatik dairələridir. İndiki zamanda isə Rusiya həyəcanı və təşvişi başa düşüləndir. Kollektiv Qərbin Rusiyaya qarşı olduğu halda, Ermənistanın Rusiya siyasi oribitindən uzaqlaşdırılması siyasəti daha uğurlu görünə bilər. Ən azından buna Ermənistanin siyasi rəhbərliyi də maraqlıdır". Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, son görüş isə hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın üstünlüyü ilə müşahidə olundu. Bu dəfə də Azərbaycanın şərtləri əsas götürüldü, Ermənistanın manipulyasiya imkanlarının qarşısı alındı. Sərhəd məsələsi üzrə komissiyanın iclasının keçirilməsi, sülh sazişinin mətninin hazırlanması və növbəti görüşün vaxtının dəqiqləşdirilməsi kimi faktlar onu deməyə əsas verir ki, görüşdə üç tərəf iştirak etsə də, razılığa iki tərəf gəlmiş, üçüncü tərəf isə mövcud şərtlər qarşısında çıxılmaz vəziyyətdə qalmışdır. Bu dəfə də Azərbaycan öz prinsipiallığına uyğun olaraq növbəti strateji addımlarını atmış və növbəti məsələlər üzrə vacib konturları müəyyən etmişdir. İndi bir sual ortaya çıxır ki, baş verən bütün bu proseslərə Rusiya münasibəti bundan sonra necə olacaq? Növbəti Moskva görüşü olacaqmı? Onsuz da gərgin siyasi böhran yaşayan Ermənistanda daxili siyasi vəziyyət hansı istiqamətdə davam edəcək? Qərbin Ermənistandakı dayaqları RF qarşı dayana biləcəkmi? Bütün qeyd edilən bu sualların cavabı nə olursa-olsun Azərbaycan hər zaman qalib vəziyyətdə və diktə edən mövqedə qalmaqda davam edəcəkdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə