Ulu Öndər müasir, müstəqil Azərbaycanın banisidir ŞƏRH

Ulu Öndər müasir, müstəqil Azərbaycanın banisidir ŞƏRH

Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə olmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülübdür. Ulu öndər Moskvadan Naxçıvana gələndə onu şəhərin baş meydanında keçirilən görüşdə 70-80 min nəfər alqışlamışdı, muxtar respublika Ali Məclisinin Sədri seçiləndə sessiyanın keçirildiyi binanın ətrafına on minlərlə adam toplaşmışdı, şəhər və kəndlərdəki görüşlərinə saysız-hesabsız insan qatılırdı. Təbii ki, bunlar müdrik rəhbərə xalq sevgisindən, el məhəbbətindən irəli gəlirdi. Heydər Əliyev ağır blokada şəraitinə baxmayaraq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu təcavüzkarlardan qorumağa nail oldu, bircə kənd də düşmən əlinə keçmədi. O ağır və məşəqqətli günlərdə dediyi sözlərdir: "Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir ".

1991-ci il sentyabrın 3-də Ümummilli lider Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Məsələ heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsində deyildi. Bu seçimlə ulu öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin, bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib yeni həyat quruculuğuna başlamasında da Heydər Əliyevin önəmli rolu oldu. Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.

Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi. Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımı olmuşduşdur. Dahi şəxsiyyət Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının da Naxçıvana səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində bu amilə xüsusi fikir vermişdir. Son illərdə muxtar respublikada bir neçə məktəb binası, uşaq bağçaları,musiqi məktəbləri, məktəbdənkənar tədris müəssisələri, xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, tibb məntəqələri tikilib və ya yenidən qurulub istifadəyə verilmişdir. Çox qürurveridicidir,artıq Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modeli formalaşıb. Bu məktəbdə tədris olunan dərslərin başlıca qayəsini milli dövlətçilik ənənələrinin qorunması, aşılanması və gələcək nəsillərə ötürülməsi təşkil edir. Naxçıvan Muxtar Respublikası indi dövlətlərarası əməkdaşlıqda da yaxından iştirak edir. Azərbaycan-Türkiyə, Azərbaycan-İran əlaqələrində muxtar respublika aparıcı rol oynayır. Naxçıvan ölkəmizlə yaxından əməkdaşlıq edən xarici dövlətlər, beynəlxalq qurumlar üçün həm də cəlbedici region və etibarlı tərəfdaşdır.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilarının əməkdaşı.

Bütün xəbərlər Facebook səhifəmizdə