ƏRZAQ TƏHLÜKƏSİZLİYİ ƏHALİNİN SOSİAL TƏMİNATININ ƏSASIDIR TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik”

Bu gün hər bir vətəndaşın mənafeyi əsas tutulmaqla gerçəkləşdirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakın səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşması və inkişafına yönəlmişdir. Və bu kursu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası möhkəmləndirilmiş, fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsidir ki, indi kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatmışdır. Belə ki, Prezident İlham Əliyevin «Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında» imzaladığı Fərmanı dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısının göstəricisidir. Dövlət başçımızın imzaladığı Fərmanda deyilir: «Ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir". Həmçinin, Fərmanda qeyd olunur ki, rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi məqsədi ilə bu Fərman qəbul olunub.

BİZ GƏRƏK ƏRZAQ TƏHLÜKƏSİZLİYİNƏ DÜŞÜNÜLMÜŞ ŞƏKİLDƏ YANAŞAQ

Sözsüz ki, etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Dövlət başçısı bütün çıxışlarında ərzaq təhlükəsizliyinin prioritet olduğunu bildirir və bu sahənin daima diqqət mərkəzində olduğunu vurğulayır. Belə ki, Prezident İlham Əliyevin sədrliyi ilə rayonlarda respublika müşavirələrində də bildirmişdir ki, ərzaq təhlükəsizliyi prioritet məsələlərdəndir və bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir: «Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq-qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxarıla biləcək məhsullara da diqqət yetirilməlidir". Fəxrlə demək lazımdır ki, hazırda ölkəmizdə aqrar sahə özünün dinamik inkişafı ilə zamanın çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu böyük uğur, ilk növbədə, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin kənd təsərrüfatına, bu sahədə çalışan bütün zəhmətsevər fədakar insanlara göstərdiyi, bir an belə azalmayan diqqət və qayğı sayəsində mümkün olub.Son 19 ildə bu istiqamətdə görülən işlərin miqyası və vüsəti heyrət doğurur. Fərəhli nəticələr göz qabağındadır. Belə ki, 2003–2020-ci illər arasında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmışdır. Müqayisə üçün deyək ki, MDB ölkələrinin heç biri aqrar sektorda belə yüksək göstəriciyə nail ola bilməmişdir. Onu da qeyd edək ki, Azərbaycan hökumətinin aqrar sektorda qazandığı uğurlarla kifayətlənmək niyyəti yoxdur. Çünki ölkəmizdə aqrar sektorun böyük potensialı mövcuddur. Bu potensialı hərəkətə gətirmək, əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq üçün son vaxtlar bu sahədə düşünülmüş və məqsədyönlü islahatlar aparılır.

Bəli, bu gün aqrar sektorda aparılan islahatların əsas məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, onların rəqabət qabiliyyətinin yüksəldilməsi, ekosistemin qorunması, torpaq və su resurslarından daha rasional istifadə edilməsi, son nəticə etibarilə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Belə ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizin qarşıdakı 10 il ərzində keyfiyyət etibarilə daha yüksək səviyyəyə çıxması üçün geniş imkan açmışdır. Onların fikrincə, milli prioritetlər dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Bu, ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə risklərin azalmasına, sahələrin sürətli inkişafına töhfə verəcək. Sənəddə digər sahələr kimi, aqrar sektorun da hərtərəfli inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.Qeyd etmək lazımdır ki, COVID-19 pandemiyasının yaratdıığı çətinliklər, bütövlükdə, ölkəmizdə kənd təsərrüfatının inkişafına ciddi maneələr yarada bilməmişdir.Belə ki, bu gün ölkənin iqtisadi göstəricilərinə diqqət yetirsək o zaman Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesinə qlobal iqtisadiyyatda gedən proseslərin məntiqi nəticəsi kimi baxmaq lazımdır. Cari ilin yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş keçirilən müşavirədə Baş nazir Əli Əsədov qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meylləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata neqativ təsirləri minimuma endirilmişdir. 2021-ci ilin makroiqtisadi göstəricilərinə nəzər salan Baş nazir Ümumi Daxili Məhsulun 5,6% artdığını, onun həcminin 92,8 mlrd. manat təşkil etdiyini bildirdi. Vurğulandı ki, qeyri-neft sektoru üzrə artım 7,2% olmuş, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artmışdır. Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi bildirildi. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur. Qeyd olundu ki, bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etmişdir. İnflyasiyanın illik səviyyəsi 12% olmuşdur. Bütövlükdə qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır.

BİZ BUĞDADAN BAŞQA DİGƏR ƏSAS ƏRZAQ MƏHSULLARI İLƏ ÖZÜMÜZ-ÖZÜMÜZÜ TƏMİN ETMƏLİYİK, MƏN BUNA İNANIRAM

Prezident İlham Əliyev ölkənin taxıla olan tələbatın ödənilməsinə böyük önəm verdiyi ilə bağlı bildirmişdir: "Ona görə hər kəs bu real vəziyyəti görməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən ki, kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik, mən buna inanıram". Dövlət başçısı bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 ton olduğunu deyib: «Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik". Dövlət başçısı, həmçinin azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanıldığını da bildirdi: "Özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada - dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub".

İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI

Məlum olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində min hektarlarla əkinə yararlı torpaq sahələri yararsız hala düşmüşdür. Torpaqların uzun müddət əkilməməsi, becərilməsi onun korlanmasına səbəb olmuşdur ki, bu da gələcəkdə həmin torpaqlardan yüksək məhsul əldə etməyə zəmanət vermir. İşqal nəticəsində hidrotexniki qurğuların, kollektor-drenaj şəbəkələrinin, kanalların, su hövzələrinin dağıdılması küllü miqdarda vəsaitlə ölçülür və əgər torpaqlarımız işqal altında olmasaydı bu gün aqrar sahə daha sürətlə inkişaf etdirilər və iqtisadiyyatımızın ən qabaqcıl sahəsinə çevrilə bilərdi. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, işğal altında olan kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin, 231,056 əkin, 352 min hektara yaxın örüş - otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi əkilib- becərilməməsi, korlanması qəbuledilməzdir və inkar olunmazdır ki, həmin sahələrdən min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi. Təəssüflər olsun ki, erməni təcavüzkarlarının işğalı nəticəsində əhalimiz öz torpaqlarını əkib becərməkdən məhrum olmuş və bu dövrlərdə yüz min tonlarla kənd təsərrüfatı məhsulu itirilmişdir.

Lakin bütün bunlara baxmayaraq, 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi üçün geniş imkanlar açmışdır. İndi ən vacib vəzifə bu imkanlardan maksimum bəhrələnmək, doğma Vətənimizi daha güclü və qüdrətli etməkdir. Azərbaycanda “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulması Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşır. Bu layihələr ölkəmizin ən modern, kreativ ideyalara nə qədər açıq olduğunu bir daha bariz şəkildə nümayiş etdirir. Azərbaycan hökuməti ilk “ağıllı kənd” layihəsini işğaldan azad olunmuş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində həyata keçirməyi planlaşdırır. Həmin layihənin icrası əsasən beş komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı” kənd təsərrüfatı və alternativ enerji sahələridir. Yeri gəlmişkən, inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu, gözəl və bənzərsiz Qarabağımızın ekologiyasının qorunması, onun turizm imkanlarının daha da genişləndirilməsi üçün də vacib amildir. Zərrə qədər şübhə etmirik ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini artıracaq.

Bəli, Azərbaycan kəndini qarşıdakı illərdə parlaq gələcək gözləyir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aqrar inkişafın yeni, Azərbaycan modeli qurulur. Bu model tezliklə ölkəmizin digər regionlarında da tətbiq olunacaq. Bir sözlə, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi sərəncamlar və görülən işlər əldə olunan nailiyyətləri sübut edir. Və bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da regionun, eləcə də, Avropanın lider dövlətinə çevriləcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə