Ermənipərəst MAKRONUN NÖVBƏTİ İKİÜZLÜLÜYÜ - TƏHLİL

Rəsmi Bakının mövqeyinin dəyişməz olduğundan və Ali Baş Komandanın qətiyyətindən bu dəfə daha çox qorxuya düşən ermənilərin öz təəssübkeşlərinin köməyinə, yardımına ehtiyac duyduqları Fransa prezidenti Emmanuel Makronun ölkə rəhbərinə, cənab İlham Əliyevə zəng etməsində öz təsdiqini tapdı. Rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ermənilərin, separatçı-terrorçuların təxribatlarının cavabı olaraq aparılan “Qisas” əməliyyatının rəsmi İrəvanın kürkünə birə saldığı zərrə qədər şübhə doğurmur, əks halda özünü erməni təəssübkeçi kimi göstərməyə çalışan Fransa prezidenti Makron dərhal Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etməzdi.

Məsələ burasındadır ki, ermənilərin təəssübkeşi olan Makronun zəngi heç nəyi dəyişmədi və ermənilərin bu dəfə də ümidləri boşa çıxdı. Onlar gördülər ki, Azərbaycan tərəfinin mövqeyi dəyişməz olaraq qalır və Azərbaycan Prezidentinin qətiyyətinə də şübhə ola bilməz. Fransa prezidenti ilə telefon danışığı zamanı Azərbaycan liderinin Laçın dəhlizinə alternativ yeni yolun inşasının başa çatmaq üzrə olduğunu qeyd etməsi birmənalı şəkildə sübut edir ki, rəsmi Bakı öz mövqeyindən geri çəkilməyəcək, tələblər də öz yerində qalır. Nə Makronun, nə də hansısa bir başqa ermənipərəstin buna mane ola bilməyəcəyi bu dəfə ermənilərə tam aydın olmalıdır, əks halda qarşılaşacaqları daha dəhşətli səhnələri gözləri önünə almalıdırlar.

Xatırladaq ki, üçtərəfli anlaşmaya əsasən, Rusiya sülhməramlılarının həmin yola, yəni ölkə rəhbərimizin qeyd etdiyi, Laçın dəhlizinə alternativ yola dislokasiya olunması onsuz da nəzərdə tutulur. Üçtərəfli danışıqların fonunda buna Rusiya tərəfi də etiraz edə bilməz. Əgər Rusiya tərəfi buna etiraz etmirsə, onların nəzarətində olan ermənilər birdəfəlik Laçın dəhlizini unutmalıdırlar və istəsələr də, istəməsələr də oranı tərk etmək məcburiyyətindədirlər. Belə olan halda Makron nə istəyə bilər? Görəsən, ermənipərəst Fransa prezidentinin könlündən indi nə keçir? Yaxud, bu dəfə Makron zəng etməkdə nəyə ümid edir və anlamırmı ki, ölkə rəhbərimizə zəng etməsi heç nəyi dəyişə bilməz? Yəni, Avropa kimi bir qoca qitənin Fransa kimi bir dövlətinin prezidenti bu həqiqəti anlamırmı? Əgər anlayırsa, o zaman zəng etməklə nəyi əldə edəcəyini zənn edir?

Doğrudur, Rusiya deyil, Fransa prezidentinin zəng etməsi bir sıra məqamlara aydınlıq gətirmiş oldu və bəzi məsələlər aydın oldu. Aydın oldu ki, ermənilər ruslardan əllərini üzüblər və bu məqamda guya Fransa, bu ölkənin prezidenti məsələyə qarışmaq qərarına gəlib. Bu da səbəbsiz deyil. Səbəb odur ki, artıq ermənilər özləri də gördülər ki, arxalandıqları rus sülhməramlıları belə Azərbaycan tərəfinin antiterror və qisas əməliyyatı aparmasına mane ola bilmədilər və bilməzlər də. O zaman əlləri ruslardan üzülən ermənilər üçün Fransa prezidentinin əl-ayağa düşməsini Rusiya da yaxşıca görmüş oldu. Onsuz da Paşinyandan tutmuş ən sıravi erməniyə qədər hamısının Rusiya əleyhinə fikirlərini rəsmi Moskva həzm etmir və heç zaman da etməyəcək, çünki rus sülhməramlılarının yerləşdirildiyi ərazilərdə ermənilərin etdikləri qanunsuzluqların ört-basdır edilməsinin əvəzində onların etdikləri ruslar tərəfindən nankorluq kimi dəyərləndirilir. Çətin ki, bundan sonra, bu nankorluqlarından sonra ermənilər hansısa əməllərini ört-basdır edə bilələr və burada ruslara bel bağlamaları artıq mümkünsüzdür.

Rusların himayəsindən məhrum olan erməniləri öz himayəsinə götürməyə tələsən Makron guya ki, Cənubi Qafqazda baş verənlərə biganə qalmırmış kimi özünü göstərməyə çalışsa da, buna çətinin ki, inanan olar. Ermənistanla Rusiya arasındakı narazılıqları görən Makronun ermənilərə himayədarlıq etmək həvəsi yenə də baş qaldırıb və kim bilir, Fransa prezidenti yenə hansı xülyaya düşüb. Amma hansı xülyaya düşür-düşsün Makron bu dəfə də Azərbaycanın dəyişməz mövqeyi, Azərbaycan Prezidentinin qətiyyəti ilə qarşılaşmalı və bu mövqe ilə, bu qətiyyətlə barışmalı olub. Makron artıq əmin olub ki, rəsmi Bakını öz mövqeyindən daşındırmaq mümkünsüzdür. Əks halda, Fransa prezidenti baş nazir Nikol Paşinyana üçtərəfli anlaşmalar çərçivəsində davranmağı məsləhət görməzdi.

Makron bir daha əmin oldu ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin suveren ərazilərimizdən çıxarılmasında Azərbaycan tərəfi qətiyyətli mövqe tutur və bu olmalıdır. Fransa prezidenti də qəbul etdi ki, onun zəng etməsi, yaxud müdaxiləsi heç nəyi dəyişə bilməz və burada ermənilərin hansısa himayədarı nə isə bir rol oynaya bilməz, rəsmi Bakını fikrindən, mövqeyindən döndərə bilməz və Azərbaycan Prezidentinin qətiyyəti qarşısında isə heç nə etmək mümkün deyil. Artıq ermənilər, separatçı-terrorçular ərazilərimizi nə qədər tez tərk etsələr, onlar üçün bir o qədər yaxşı olar və bunu da Fransa prezidenti anladı. Anladı ki, əgər o bir daha bu mövzuya qayıtmalı olsa, Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılaraq, Fransa ərazisində, lap elə ermənilərin kompakt yaşadığı Marsel bölgəsində yerləşdirilməsi təklifi onun özünə ediləcək. Həqiqətən də Makron ermənilərə, erməni silahlı dəstələrinə görə belə narahatdırsa, hallarına yanırsa, onları yığışdırıb birbaşa Fransaya apara bilər.

Məlum erməni təxribatlarına cavab olan “Qisas” əməliyyatı ilə Azərbaycan, əslində bütün dünyaya konkret mesajlar vermiş oldu. Bu mesajlardan bütün ermənipərəst qüvvələr lazımi nəticələr çıxarmalı, vəziyyətin necə olduğunu dərk etməlidrlər. Dərk etməlidirlər ki, erməni separatçı-terrorçuların ərazilərimizdən çıxarılmasının qarşısı alına bilməz. Anlamalıdırlar ki, Azərbaycanın qüdrəti, Azərbaycan Prezidentinin qətiyyəti bunun üçün kifayət qədərdir və hansısa qüvvə buna qarşı gələ bilməyəcək. Elə rus sülhməramlılarının belə bu məsələyə qarışmaması onların hər biri üçün bir dərs oldu. Görəsən, bu dərslərdən Makron özü üçün bir nəticə çıxarmadımı? Makron görmədimi ki, rəsmi Bakı heç kimin mövqeyini nəzərə almadan Azərbaycanın maraqları çərçivəsində ən kəskin addımlar atmaq qətiyyətini və potensialını birmənalı şəkildə nümayiş etdirdi və hətta rus sülhməramlıların bölgədə mövcudluğunun Azərbaycan Ordusunu dayandıracaq faktor olmadığını Kreml belə qəbul etdi. Bu hadisələrin fonunda hər kəs Makronu, onun zəng etməkdə məqsədini, məramını əlbəttə ki, başa düşmək istər.

Maraqlıdır, separatçı-terrorçuların təxribatlarına cavab olan “Qisas” əməliyyatından sonra Azərbaycan Prezidentinə zəng edən Makron bu zamana qədər harda idi? Niyə hər dəfə hadisələr kəskin xarakter alanda, öz məcrasından çıxanda, daha dəqiq desək, ermənilərin kürkünə birə düşəndə o meydana atılır? Onun Cənubi Qafqazda problemlərə görə guya biganə qalmadığı təsəvvürü yaratmaq istəyində olduğu dərhal bəlli olur. Əks halda, iki ilə yaxın müddət ərzində, yəni, üçtərəfli bəyanant imzalandıqdan bu zamana qədər mövqe bildirər, daha doğrusu, ermənilərə öz öhdəliklərini yerinə yetirmələri barədə bircə dəfə xatırlatma edərdi. Xatırladardı ki, 10 noyabr tarixində imzalanan üçtərəfli bəyənat, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı kapitulyasiya sənədi heç də onun daxili auditoriyaya hesablanmış yalançı vədlərindən biri deyil və tələblərə Ermənistan tərəfi əməl etməlidir. Bunu etməyən Makrona indi nə düşüb ki, atılıb ortaya və başında hansısa müdaxilə sevdası hansı əsasla peyda olub?

Bir zamanlar ATƏT-in Minsk Qrupu Həmsədrlərindən biri kimi Cənubi Qafqazdakı proseslərə dərhal müdaxilə etməyə tələsən Fransa və bu ölkənin prezidenti deyəsən həmin qurumun illər boyu faəliyyətsizliyi, yaxud nəticəsiz fəaliyyəti səbəbindən kənarda qaldığını, tarixin arxivinə düşdüyünü unudub, ya da başa düşmək istəmir. Başa düşmək istəmir ki, 30 ilə yaxın müddət ərzində dəfələrlə səfərlər edən həmin qurum bircə dənə də müsbət nəticə hasil edə bilməyib və Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə, həm də BMT-nin qərarlarını icra etmiş olub. Bir sözlə, ATƏT-in Minsk Qrupu öz missiyasını yerinə yetirə bilməməsi fonunda, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, eləcə də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tarixi ədaləti bərpa edib. Sual oluna bilər ki, əgər ATƏT-in Minsk Qrupu çərçivəsində heç bir iş görə bilinmədiyi, yaxud görülmədiyi təqdirdə Makron indi təkbaşına nə düşünür, yaxud nəyə isə nail olacağınımı zənn edir?

Kimdir Makron, Cənubi Qafqazda cərəyan edən proseslərə olan marağı nədən ibarətdir və indi nə istəyir? Makronu Azərbaycan xalqı, ictimaiyyətimiz çox yaxşı tanıyır, daha doğrusu onun ermənipərəst olduğunu yaxşı bilir. Fransa prezidentinin dəfələrlə ermənilərin haqsız mövqeyini dəstəklədiyinin şahidi olmuşuq. Dəfələrlə şahidi olmuşuq ki, Emmanuel Makron ədalətin deyil, ədalətsiz ermənilərin tərəfində olub. Hər dəfə də ermənilər çətin duruma düşəndə onun səsi çıxıb. Fransa kimi bir Avropa dövlətinin prezidenti Makron bircə dəfə də olsun BMT-nin məlum qətnamələrini ermənilərə xatırlatmayıb. Bircə dəfə də olsun beynəlxalq hüququ yada salaraq Ermənistanın qanunsuz əməllərdən çəkinməsi üçün səsini çıxarmayıb. Elə isə indi Ermənistan tərəfinin yenə də çətin duruma düşdüyündə onun peyda olmasına, zəng edərək ortaya atılmasına ikiüzlülükdən başqa nə ad vermək olar? Bunu hətta erməni mediası da etiraf edir. Etiraf edir ki, Fransa prezidenti Emmanuel Makron yenə də ikiüzlülük edir və törətdikləri təxribatlara, yaxud Cənubi Qafqazda cərəyan edən hadisələrə görə guya narahat olduğunu göstərməsi bayağıdır. Hətta ermənilər öz mətbuat səhifələrində qeyd edirlər ki, xüsusən seçkilər bitdikdən sonra, yəni erməni seçicilərinin səsinin artıq lazım olmadığı bir vaxtda Makronun dırnaqarası “canfəşanlığı” sadəcə formal xarakter daşıyır. Yəni, ermənilər belə başa düşür, qəbul edir və etiraf edir ki, Fransa prezidenti sadəcə olaraq, bunu onlara göstərmək üçün edir. Əgər, ermənipərəst Makronun ikiüzlülüyünü hər kəs, eləcə də ermənilər belə dilə gətirir, etiraf edirlərsə, deməli bunun əksini onun özü belə söyləyə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə