"Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Ölkəmizin Avropa Komissiyası ilə enerji sahəsində olan əməkdaşlığı artıq on beş ildən çox bir müddəti əhatə edir. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında 2006-cı ildə Anlaşma Memorandumu, 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri artıq Avropanın enerji xəritəsini tamamilə dəyişdirir: "Artıq Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilib. Həyata keçirilən enerji layihələri nəticəsində Azərbaycan öncə neft hasilatı, sonra isə qaz hasilatını icra etməyə başladı. Dünyanın meqa layihəsi olan 3500 kilometrlik Cənub Qaz Dəhlizi vasitəsilə bu gün Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. Cənub Qaz Dəhlizi iki ildən az müddətdir ki, artıq tam gücü ilə işləyir. Dünyada baş verən geosiyasi proseslər, qarşıdurmalar fonunda enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacib faktora çevrilib. Bütün ölkələr, xüsusilə də Avropa ölkələri üçün enerji təhlükəsizliyi gündəlikdə dayanan əsas məsələlərdəndir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantı rolunda çıxış edir. Bu sahədə ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Ölkəmizdə bərpaolunan enerjinin istehsalı sahəsində olan böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Belə ki, külək və günəş enerjisindən istifadə edilməsi üçün sərmayə qoyuluşu prosesinə başlanıb.Təkcə Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizinin də külək enerjisi üzrə yüksək potensialını nəzərə alsaq yaxın gələcəkdə Azərbaycanda çoxlu sayda bərpaolunan enerji mənbələrinin yaradılacağını əminliklə demək olar. Həmçinin Xəzər dənizində gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.
İyulun 18-də ölkəmizlə Avropa ittifaqı arasında imzalanan Memorandumu gələcək əməkdaşlığın yol xəritəsi adlandıran Prezident cənab İlham Əliyev planlaşdırılmış bütün məsələlərin icra olunduğunu diqqətə çatdırdı. Həmçinin görülməli olan işlərdən bəhs edən ölkə başçısı şəbəkələrin qurulmasının əsas məsələlərdən biri olduğunu qeyd etdi. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq tərəflər şəbəkənin qurulması üzərində daha fəal çalışmalıdırlar. Bir halda ki, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşu ölkələri birləşdirən dəmir yolları vardır.
Bundan əlavə, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində də iş aparılır. Bu ikitərəfli əməkdaşlığa mühüm töhfə ola bilər və bu istiqamətdə hazırlıq işləri gələn ay başa çata bilər. Eyni zamanda, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Bir sözlə, mövcud əlaqələrin davamlı olaraq inkişaf etdirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyindən xəbər verir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB