Prezidentin siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin ünvanına çevrilib

Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən güclü və qüdrətli dövlət quruculuğu strategiyası ilə davam etdirilir. Bu gün Azərbaycan heç kimdən asılılığı olmayan, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və cənab İlham Əliyev tərəfindən həyata keçirilən, xalqın iradəsinə və milli maraqlara söykənən dövlət siyasətinə alternativ yoxdur.

“Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Respublikamıza rəhbərlik etdiyi dövrdə yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkədə öz nəticələrini verməkdə olan dərin iqtisadi islahatlar aparılmış, ixracı stimullaşdırmaq və idxaldan asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və sənaye potensialının gücləndirilməsi sahəsində lazımi tədbirlər həyata keçirilmiş, Azərbaycan müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırmaqla yanaşı, həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, bütövlükdə, dünya siyasi proseslərində söz sahibinə çevrilmişdir.

Məhz Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublikası Türk Dünyası və İslam ölkələri arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birliyinin Şərqdə ən etibarlı strateji tərəfdaşlarından birinə çevrilmişdir.

Dünya arenasında Azərbaycanın ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqeyə malikdir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir və bu mötəbər qurumun bir çox tədbirlərinə Bakı ev sahibliyi edir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir və 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin rolunun gücləndirilməsi” formatında müəyyən edilməsi də təsadüfi deyildir.

Dərin məzmunlu çıxışı ilə müzakirələrə yol açan Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatının Parlament şəbəkəsinın yaradılmasının ölkəmizin irəli sürdüyü və fəal dəstək qazanan yeganə təşəbbüs olmadığını diqqətə çatdırmaqla, gələn ay Bakıda keçiriləcək növbəti bir tədbirin–gənclər şəbəkəsinin anonsunu verməsi tutarlı əsaslara söykənir. Göründüyü kimi, ölkəmiz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmasına baxmayaraq, fəaliyyəti ilə Azərbaycan bu qurumda ilk günlərdən həmrəylik, qarşılıqlı dəstək təşəbbüsləri ilə çıxış edib.

Prezident İlham Əliyev konfransda Azərbaycanın ötən dövrdə Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə fəal şəkildə cəlb olunmasının məntiqi nəticəsi olaraq ölkəmizin bu nüfuzlu quruma sədrlik etmək üçün namizədliyinin yekdil şəkildə dəstəklənərək qəbul edildiyini məmnunluqla xatırladı. Bundan başqa, dövlətimizin başçısı 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin uzadılmasını ölkəmizə əlavə bir etimad və fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Azərbaycanın 30 ildən bəri təcavüzkar Ermənistanın işğalına məruz qaldığını, BMT Təhlükəsizlik şurasının qətnamələrinin kağız üzərində icra olunmamış qaldığını, Minsk qrupunun münaqişənin mümkün ədalətli həllini kənara ataraq münaqişənin əbədi qalmasına çalışdığını, nəhayət 2020-ci ilin payızında apardığımız Vətən müharibəsində haqlı tərəf kimi ədaləti və eyni zamanda, beynəlxalq hüququ bərpa etdiyini söyləyən dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bəzi ölkələr həmin zaman Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyasına başladılar. Bütün bunlar azmış kimi, bəziləri işğalçıya qarşı haqq mübarizəmizə mane olmaq məqsədilə bu məsələni BMT və onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız bizə qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Azərbaycan Prezidenti xalqımızın Qoşulmama Hərəkatının bu ədalətli və qətiyyətli mövqeyini heç vaxt unutmayacağını məmnunluqla bəyan etdi və bu tarixi həmrəyliyə görə minnətdarlığını ifadə etdi.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Xoş gələcəyə köklənmiş real fəaliyyəti ilə ümidlər doğuran bu təsisatın Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlməsi və ilk addımını Bakıda atması ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq göstəricisidir. Konfrans iştirakçılarının Şuşaya səfəri isə Azərbaycanın haqq davasına və ərazi bütövlüyümüzə vacib beynəlxalq dəstəkdir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, çağdaş əməkdaşlığa verdiyi töhfəsidir.

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...