“Xəzər hövzəsində bu gün mühüm geosiyasi proseslər gedir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Xəzər hövzəsində bu gün mühüm geosiyasi proseslər gedir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, burada 5 Xəzəryanı dövlətin başçısı iştirak edib və mühüm görüşlər keçirilib: “Çünki Xəzər dənizi hövzəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də iqtisadi prioritetlərin önə çəkilməsi aktuallıq kəsb edir. Digər önəmli məsələ bundan ibarətdir ki, Xəzər dənizində digər dövlətlərin hərbi donanmaları ola bilməz. Burada NATO alyansından söhbət gedir. Əsas istək bundan ibarətdir və bu barədə Xəzərin hüquqi statusunun karbohidrogen ehtiyatlarının müəyyən olunması istiqamətində də mühüm razılıqlar əldə olunmuşdur. Xəzərin sektoral bölgüsünün müəyyən olunması uzun müddətdir ki, müzakirə mövzusu idi. Lakin bu cür görüşlər nəticəsində müəyyən fikir ayrı-seçkiliyinin də qarşısı alınır. Azərbaycan Prezidenti İran və Rusiya prezidentləri ilə də mühüm görüşlər keçirmişdir. Bu görüşlərin Zəngəzur dəhlizi kontekstində də mühüm əhəmiyyəti var. Çünki Azərbaycan regional iqtisadi inteqrasiyanın tərəfdarıdır. Üçtərəfli birgə bəyanatın 9-cu maddəsi birbaşa olaraq Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizi vasitəsilə əlaqənin yaradılmasına yönəlmişdir. Bu baxımdan görüşləri çox məhsuldar hesab etmək olar. Digər tərəfədən Türkmənistanda da yeni dövlət başçısı seçilib. Ölkə başçısı İlham Əliyev həm Qurbanqulu Berdiməhəmmədovla, həm də Sərdar Berdiməhəmmədovla görüşüb. Türkmənistanla Azərbaycan dost və qardaş dövlətdir. Xəzər hövzəsində Zəngəzur dəhlizi vasitəsilə əməkdaşlıq imkanları çox genişlənib. Burada qardaş Türkmənistan və qardaş Qazaxıstan da fəal rol oynayırlar. Ona görə də Xəzər hövzəsində bu gün mühüm geosiyasi proseslər gedir. Burada hərbi seqmetin mövcudluğu ilə yanaşı iqtisadi üstünlüklər də nəzərə çarpır. Azərbaycan yerləşdiyi geostrateji imkandan istifadə etməklə yüklərin daşınmasında təşəbbüslə çıxış edir və gələcəkdə məhz nəqliyyat arteyalarının işə salınmasında Azərbaycanın geosiyasi əhəmiyyəti bir qədər də artacaqdır. Ölkəmizin iqtisadi resusrlarının inkişaf etdirilməsinə yönəlmiş bütün səylər birləşdirilir və Azərbaycan burada regional aktor kimi nüfuzunu bir qədər də artırır. Azərbaycan bütün maraqları çərçivəsində fikirlər irəli sürməklə yanaşı ilk növbədə öz milli maraq və mənafeyinin ön planda tutur. Bu da gözəl nəticələrə gətirib çıxaracaqdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə