Qarabağın köhnə qaydada müzakirəsi: Rusiya və ABŞ bir-birini ittiham edir - ANALİZ

ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) vaxtilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə həlli üçün yaradılmış qurum idi. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

Qurumun yaranma tarixindən də görünür ki, 30 ildən bir qədər artıq müddət ərzində 12 ölkənin üzvü olduğu, 1997-ci ildən isə dünyanın 3 hegemon dövlətinin həmsədrlik etdiyi Minsk qrupu ölü doğulduğu kimi öz funksiyasını ölü kimi də başa vurdu. Minsk qrupu 26 il guya Azərbaycanla Ermənistan arasında baş vermiş münaqişədə kimin haqlı olduğunu üzə çıxarmağa çalışdı. Dünyada misli görünməmiş axmaq ideyalarla gündəmə gələn, Azərbaycanın Qarabağ bölgəsində yaşadıqlarına görə ermənilərin öz müqəddəratını təyinetmə hüquqlarını tanımaq kimi sərsəm fikirlərlə yüklənən həşmsədrlər Azərbaycandan məhz bu ərazilərin Ermənistana verilməsini tələb edirdilər. BMT-də bütün dövlətlər tərəfindən qəbul edilmiş ərazi bütövlüyü prinsipləri nədənsə həmsədrlərin yadına da düşmürdü. İkili standartların əsas məqsədi də dünyanın gözünün içinə baxa-baxa öz xristian qardaşlarının "haqqı"nı müdafiə etmək idi. Azərbaycan 28 il Minsk qrupunun araçılığı, təşkilatçılığı ilə Ermənistanla Qarabağ münaqişəsini sülh yolu ilə, danışıqlar vasitəsilə həll etməyə çalışdı. 28 il əvvəl ermənilər hansı iddiada idilərsə, müharibə başlanana qədər də öz istəklərindən bir addım da geri durmadılar. Azərbaycan məhz Minsk qrupunun vasitəçiliyi ilə Ermənistanın yadına beynəlxalq qanunları salsa da, dəfələrlə bu qurumda təmsil olunan dövlətlərin rəhbərlərinə biz məxsus ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı faktlar təqdim etsə də, tarixdə baş verənləri xatırlatsa da heç bir beynəlxalq təşkilat öz öhdəliyini yerinə yetirmək istəmədi. Ən yaxşı halda "gedin Ermənistanla razılığa gəlin" deyə "ağıllı" məsləhətlər verməkdən də çəkinmədilər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsə də Ermənistan silahlı qüvvələrininAzərbaycan ərazilərindən çıxarılma mexanizmi heç cür işə salınmadı. Və nəhayət 27 sentyabr 2020-ci ildə Azərbaycan 44 günlük savaşdan sonra ərazilərini işğalçılardan təmizlədi. Bununla da avtonom olaraq Minsk qrupunun fəaliyyətinə son qoyuldu. Onun bundan sonrakı "əziyyət"inə ehtiyac qalmadı. Üstəlik də 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini deyib. Bu fikirləri rusiyalı nazir Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bir daha təkrarlayıb. Amma...

ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsi ilə bağlı son fikirləri ilə tamamilə ziddiyyət təşkil edən bəyanat yayıb. Rusiyalı nazirin sözlərinə görə, amerikalılar və fransızlar ATƏT-in Minsk qrupu formatında əməkdaşlığı davam etdirməkdən imtina ediblər. Vaşinqtonda isə onlar Rusiya nümayəndəsini növbəti görüşə dəvət etdiklərini, lakin rədd cavabı aldıqlarını bildirdilər. Minsk Qrupunun bu gün kifayət qədər ehtimal olunan son iflası onu xilas etmək üçün hər şey edən İrəvanı hədsiz dərəcədə qıcıqlandırır, Bakını isə sevindirir. Çünki bu qurum öz missiyasını yerinə yetirə bilməyib və bunu unutmamalıdırlar.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu çərşənbə axşamı axşam saatlarında Twitter-də sürpriz bəyanatla çıxış edib: “ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr İqor Xovayev dəvəti qəbul etmədi. Biz Minsk qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik”.

Bu sözlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatı ilə tamamilə ziddiyyət təşkil edir. O, Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra deyib: “Biz prinsip etibarı ilə Minsk Qrupunu elə müzakirə etməmişik, çünki o, amerikalı və fransalı iştirakçıların təşəbbüsü ilə fəaliyyətini dayandırıb. Yeni proseslərin əsasını isə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatları təşkil edir”.

Onu da xatırladaq ki, təxminən iki həftə əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid həm Bakıda, həm də İrəvanda olub. Ermənistanın baş naziri Nikol Paşinyan onunla görüşdə həmsədr ölkə kimi ABŞ-ın əsas rolunu vurğulayaraq, "Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində hərtərəfli həllinin vacibliyi"ni bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində xanım Donfridin səfəri fonunda Qlobal Bakı Forumunun açılışında çıxış edərək bu formatı sərt şəkildə tənqid edib: “ATƏT-in Minsk qrupu 1992-ci ildə təsis edilib. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək”.

Çərşənbə axşamı Moskva və Vaşinqton arasında bəyanat mübadiləsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu mövqeyi təsdiqləyib. Sülhə nail olmaq üçün İrəvan “səmərəliliyi həmişə aşağı olan və üzvlərinin indi onun mümkünsüzlüyünü açıq şəkildə etiraf etdiyi formatın reanimasiyasına vaxt itirmək əvəzinə, siyasi iradə nümayiş etdirməli və sülhə doğru konkret addımlar atmalıdır”.

Karen Donfried özü də “Azadlıq” radiosunun erməni redaksiyasına danışarkən İrəvanın bu məsələdə mövqeyi ilə mahiyyətcə razılaşıb. O, iyunun 20-də deyib: “ABŞ bir daha deyir ki, biz Minsk qrupunun həmsədrləri çərçivəsində prosesi dəstəkləyirik. Sülhü təşviq etməyə çalışdığımız müxtəlif formatların olması son dərəcə vacibdir”.

Rusiyanın iştirakının onu narahat edib-etmədiyinə aydınlıq gətirən suala xanım Donfrid mənfi cavab verib. “Rusiya Minsk qrupunun həmsədridir. Fransa, ABŞ və Rusiya bu formatda işləməyə davam edəcəklər”, - deyə o, əminliklə bildirib.

Nikol Paşinyan Sergey Lavrovun sözlərindən çox Karen Donfridin açıqlamasını bəyəndiyini gizlətməyib: “Rusiya xarici işlər nazirinin bəyanatını, əlbəttə, media düzgün çatdırıbsa, yumşaq desək, qəribədir. Rusiyanın xarici işlər naziri Rusiya Prezidentinin səlahiyyətləri altında fəaliyyət göstərir. 2022-ci il aprelin 19-da mən Rusiyada rəsmi səfərdə oldum, burada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra biz birgə bəyanat qəbul etdik və orada beynəlxalq mandata sahib olan sədrlik institutu- ATƏT-in Minsk qrupunun potensialından və təcrübəsindən istifadənin vacibliyini bildirdik”.

“Bakı faktiki olaraq Dağlıq Qarabağın statusunu müzakirə etməkdən imtina etdiyi bir şəraitdə Minsk qrupu mahiyyət etibarilə bu məsələnin müzakirə oluna biləcəyi yeganə format olaraq qalır”, - erməni politoloq David Arutyunov “Kommersant”a Minsk qrupunun İrəvan üçün saxlanmasının vacibliyini izah edib. Əlbəttə, həmsədrlik formatı erməni tərəfi üçün faydalıdır, çünki bu, vasitəçilər arasında manevr etməyə imkan verir. Minsk qrupunun işinə xitam veriləcəyi təqdirdə Moskva və Brüsselin vasitəçiliyi ilə iki aktiv üçtərəfli format qalacaq. Hər iki format çərçivəsində kommunikasiyaların açılması, sərhədin dəqiqləşdirilməsi, İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasını prioritet adlandırmaq olar, Qarabağın statusunu isə, yox”.

Ermənistanda isə düşünürlər ki, İrəvanın Minsk qrupunu gündəmdə saxlamaqdan başqa çarəsi yoxdur. Baxmayaraq ki, özünün də etiraf etdiyi kimi, bu səylərin effektiv olacağı ehtimalı azdır. Qərblə təmasları gücləndirmək də Ermənistan üçün arzu olunan nəticəni verməyəcək. Qərbin Bakı ilə münasibətləri çətin ki, pisləşsin, xüsusən də Ukrayna münaqişəsi kontekstində Azərbaycanın Aİ-nin enerji təchizatı məsələsində rolu artdığı bir vaxtda.

“Vaşinqtonun bəyanatı çox qəribədir” deyən azərbaycanlı politoloq İlqar Vəlizadə xarici mətbuata açıqlamasında bildirib ki, Vaşinqton Bakının mövqeyini bilir və əgər Azərbaycan tərəfini qıcıqlandırmaq qərarına gəlsə, bu, heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq. ABŞ öz təşəbbüslərinin legitimliyini artırmağa çalışır və İrəvan da bundan istifadə edir”.

Bəli, ATƏT-in Minsk qrupunu diriltməyə çalışanlar var. Rusiya isə Cənubi Qafqazda əvvəlkindən daha yaxşı mövqeyə təkbaşına yiyələnib. Ukrayna müharibəsindən istifadə edən Rusiya həmsədrlik institutu vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsini çözmək kimi imitasiya yaradan, əslində Rusiyanı bölgədən çıxarılmasına hesablanmış Qərbun oyunlarını poza bilib, hələlik. Amma Avropa İttifaqının Rusiya ilə ortaq olmasa da, eyni məsələni fərqli platformalarda həll etmək missiyasına başlaması Moskvanı iki yol ayrıcında qoyur. Əgər Rusiya əvvəlkitək Ermənistanı dəstəkləyib Azərbaycana qarşı oyunlar qursa regionu birdəfəlik itirə bilər. Yox, əgər 2020-ci ilin 9 noyabr üçtərəfli bəyanatın müddəalarına əməl edərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək siyasətini davam etdirərsə, əməllərində səmimi olduğunu sübut edərsə adekvat münasibətlə də qarşılaşa bilər. Əks təqdirdə...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə