Ali Baş Komandanımızın Kəlbəcər və Laçında Ermənistana zərbəedici mesajları ŞƏRH

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. İyunun 26-sı Silahlı Qüvvələr Günündə Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyevin ölkənin ən çətin coğrafi relyefinə malik Kəlbəcər və Laçın rayonlarına səfr edərək hərbçilərlə birlikdə olması isə onlara göstərilən qayğının, dəstəyin ifadəsi olmaqla, həm də dünyaya bir mesajdır ki, “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə torpaqlarımız işğaldan azad oldu, torpağın sahibləri qayıdıb. Bəli, biz bu torpqların sahibiyik və bu gün Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayanıb: işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır.

Dövlətimizin başçısı ilk öncə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub, Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub və dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib. Sonra Prezident İlham Əliyev Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimindən sonra komando hərbi hissəsinin açılış mərasimindən dünyaya mesajlarını verərək bildirdi: “Biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq! Qarabağ Azərbaycandır!”. Ali Baş Komandan bildirib ki, altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilib: “Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”. Dövlət başçısı müharibədən sonra bu gün Azərbaycan Ordusunun daha güclü olmaqla yanaşı, həm də təchizat və həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən çox güclüdür: “Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək”.

Yenə də bu səfər zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında işğalçı Ermənistana, onlara havadar olanlara növbəti mesajını verərək bildirib ki, bu gün bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. “Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq»,-deyən Ali Baş Komandan İlham Əliyev cənabları müharibədən sonra Azərbaycan Ordusunun həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən daha güclü olduğunu diqqətə çatdıraraq bildirdi ki, «biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq» mesajını verdi: “Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək”. Sözsüz ki, həmişə olduğu kimi, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş torpaqlara hər səfəri və səfər zamanı verdiyi mesajlardan Ermənistan narahatlıq keçirir. Həmçinin, dövlət başçımız Kəlbəcərdən revanşistlərə Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaq istənilən addımına qarşı sərt reaksiya veriləcəyi xəbərdarlığını etməyi də unutmadı. Və Ermənistandakı revanşist qüvvələrə bir daha xəbərdarlıq edərək bildirdi ki, «Dəmir yumruq» yerindədir, bunu heç kim unutmasın! Və əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq: “Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər ki, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır”.Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanı “Düz yola” gəlməsini və 44 günlük müharibədəki məğlubiyyətlərini də unutmamağı, həm Ermənistana, həm də Cənubi Qafqazda sülh və əmin-amanlığa əngəl olanlara bir daha xəbərdarlıq etdi: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın və Ermənistan reallığı qəbul etməlidir: «Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər”.“Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik”,-deyən dövlətimizin başçısı bildiridi ki, işğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi”. Dövlət başçımızın dediyi kimi, biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq: “Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!”.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...