“Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ölkəmiz üçün qırmızı xəttdir” - AÇIQLAMA

“Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ölkəmiz üçün qırmızı xəttdir” - AÇIQLAMA

“Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara çox böyük diqqətlə və həssaslıqla yanaşır”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov bildirib ki, hər zaman azad olunmuş ərazilərə səfərləri zamanı, açılış və təməlqoyma mərasimlərində Cənab Prezidentimiz iştirak edir: “Eyni zamanda, 26 iyun Silahlı Qüvvələrin yaranması günü münasibəti ilə Prezident Göygöl, Laçın və Kəlbəcər rayonlarında səfərdə olub. Xüsusilə vurğulamaq lazımdır ki, komando hərbi hissələrinin açılışı Azərbaycan ordusuna güc qatır. Kəlbəcərdə sayca ikinci komanda hərbi hissəsi istifadəyə verilib və həmin hərbi hissənin açılış mərasimində cənab Prezident nitqi zamanı mühüm mesajlar səsləndirib. Birinci komando hərbi hissəsi işğaldan azad olunan Hadrutda istifadəyə verilmişdi. Kəlbəcərdə komanda hərbi hissəsinin mühüm strateji əhəmiyyəti var. Çünki Kəlbəcər həm də Ermənistanla həmsərhəd rayondur. Burada təhlükəsizlik seqmentinin gücləndirilməsində böyük ehtiyac vardır. Çünki davamlı olaraq Kəlbəcər rayonuna Ermənistan tərəfindən təxribatlar müşahidə edilir, atəşkəs rejimi pozulur, mövqelərimiz atəşə tutulur. Ona görə də, məhz müdafiə qabiliyyətinin gücləndirilməsi, döyüş hazırlığının daha da artırılması mühüm aktuallıq kəsb edir. Digər tərəfdən cənab Prezident çıxışı zamanı həm də Ermənistana mesajlar verdi və hər zaman Azərbaycanın təhlükəsizliyinin qorunması ərazi bütövlüyün müdafiəsi istiqamətində Azərbaycanın hazır olduğu mesajı verildi. Dəmir yumruq yerindədir və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ölkəmiz üçün qırmızı cizgilərdir və təhlükəsizliyin gücləndirilməsi istiqamətində Azərbaycan bundan sonra da təşəbbüslərini artıracaqdır”.

Politoloq əlavə edib ki, Azərbaycanın əsas istəyi bundan ibarətdir ki, sülh müqaviləsi imzalansın, sabitlik bərqərar olunsun, sülhün gücləndirilməsi həyata keçirilsin: “Lakin Ermənistan tərəfi öz destruktiv addımları ilə sülhə təhdid törədir, təhlükəsizliyə kölgə salır. Paşinyanın son açıqlamaları da bunun bariz göstəricisidir. Davamlı olaraq Azərbaycanı ittiham etmək və mənfi məcrada göstərmək Paşinyanın ritorikasının əsas qayəsini təşkil edir. Bu da qəbul olunan deyil, eləcə də sülhə kölgə salmaq anlamını verir. Ona görə də, Azərbaycan beynəlxalq hüququn fundamental norma və prinsiplərinin işləmədiyi bir dövrdə güc amilinə böyük diqqət ayırır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə