Siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun Zəngilan rayonuna səfəri başa çatıb - YENİLƏNİB-FOTOLAR

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşıb.SİA xəbər verir ki, səfərin ilk ünvanı Cəbrayıl rayonu olub. Burada səfər iştirakçılarına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib. Düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək fürsəti də yaradılıb. Səfər iştirakçıları, həmçinin Füzuli-Zəngilan (Ağbənd) avtomobil yolunda Agentlik tərəfindən görülən işlər barədə geniş məlumatlandırılıb, eyni zamanda, sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında mexaniki minatəmizləmə maşınlarının işi ilə də tanış olublar. Sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında minaaxtaran itlərlə təmizləmə proseslərini də səfər iştirakçılarına izləmək imkanı yaradılıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilmiş məlumatları dinləyən səfər iştirakçıları mina xəritələrinin Azərbaycana təhvil verilməməsi faktını rəsmi İrəvanın növbəti hərbi cinayəti kimi bir daha qiymətləndiriblər.

Mina xəritələrindən Ermənistanın siyasi spekulyasiya məqsədilə istifadə etdiyini qeyd edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mövcud istiqamətdə həqiqətlərin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması prosesində bütün siyasi partiyaların fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Aparılan fikir mübadiləsi çərçivəsində qeyd olunub ki, mülki əhalinin ölümünə və insan faciəsinə səbəb olan Ermənistanın mina xəritələri ilə manipulyasiyalarına son qoyulmalı və beynəlxalq ictimaiyyət bu hərbi cinayətlərə qarşı adekvat tədbirlər görməlidir.

Zəngilan rayonunda səfərdə olan Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Həkəri çayına balıq buraxılma mərasimində də iştirak ediblər. Partiya sədrləri prosesə qoşularaq çaya balıq buraxıblar. Mərasimdə iştirak edən qonaqlara Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev tərəfindən məlumat verilib ki, Həkəri çayına indiyədək 10 mindən artıq farel balığı buraxılıb. Diqqətə çatdırılıb ki, çayın özündə qırmızı balıqlar da var.

Daha sonra səfər iştirakçıları bilavasitə Zəngilana üz tutublar. Səfər iştirakçıları 2021-ci ilin aprelində təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş və cari ilin 27 may tarixində bilavasitə Dövlət Başçısının iştirakı ilə birinci mərhələsinin açılışı olmuş “Ağıllı kənd” layihəsi ilə yaxından tanış olmaq imkanını qazanıblar. Zəngilanda səfər iştirakçılarını qarşılayan kənd təsərrüfat naziri İnam Kərimov qonaqlara layihə haqqında geniş məlumat verib.

Qeyd edək ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. Burada 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Səfər çərçivəsində iştirakçılar Ağalı kəndində yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək.

Daha sonra səfərdə iştirak edən siyasilər Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular. Səfər iştirakçıları Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir olunan Zəngilan şəhər məscidini də ziyarət ediblər.

Səfər iştirakçılarına Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu haqqında da geniş məlumat verilib. Eyni zamanda ölkə siyasiləri Zəngilandan keçən loqistik layihələr haqqında da məlumatlandırılmışlar. Səfər iştirakçılarına inşa olunan Zəngilan Beynəlxalq Hava Limanı, ümumi uzunluğu 124 kilometr olacaq Zəngilan-Horadiz avtomobil yolu, eləcədə Horadiz-Zəngilan-Ağbənd beynəlxalq dəmir yolu haqqında da məlumat verilib. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirakçılara və əlaqədar dövlət qurumlarına minnətdarlığını bildirib.

Səfər çərçivəsində siyasilər Zəngilanın turizm potensialı ilə də tanış olublar. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar turizmin inkişafı üçün zəmin yaradırlar. Səfər iştirakçılarına bildirilib ki, Zəngilan rayonunun turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaqdır. Burada otellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf olunacaqdır. Yaradılacaq yeni infrastruktur Zəngilana qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq. Səfərdə iştirak edən ölkə siyasiləri Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət ediblər. Bununla da ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun Zəngilan rayonuna səfəri başa çatıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan siyasi dialoq çərçivəsində təşkil olunan bu cür səfərlər siyasi proseslərin iştirakçıları arasında sağlam əməkdaşlıq münasibətlərin və demokratik məzmunlu dayanaqlı dialoq ənənələrin dərinləşməsinə xidmət edir. Siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan addımlar siyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir. Təşviq olunan dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminə şəxsi ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habelə etibarlı münasibətləri tərənnüm edir. Bu mənada, ölkəmizdə siyasi dialoq mühitinin təşviqinə yönəlmiş təşəbbüslər ilk növbədə Prezident İlham Əliyevin dövlət siyasətinin demokratik məzmunundan xəbər verir. Bu cür demokratik təcrübələri və Azərbaycanın siyasi reallığını nəzərə alaraq, deyə bilərik ki, siyasi dialoq vahidliyi, milli birliyi, həmrəyliyi, sabitliyi, təhlükəsizliyi və dayanıqlı inkişaf mühiti təmin edən əsas demokratik mexanizmlərdən biridir.

Xatırladaq ki, ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri ötən il martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfər oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Ölkə siyasiləri üçüncü dəfə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə cari il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıb, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə