"Ailə dəyərlərinin zəifləməsi sosial həmrəyliyin azalmasına səbəb olur" - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Son illərdə müşahidə olunan tendensiyalardan biri gənclər arasında ailə dəyərlərinə marağın azalmasıdır. Bu proses təkcə sosial davranışların dəyişməsi ilə izah edilmir, həm də qlobal modernləşmə, fərdiləşmə (individualizm) və texnoloji inkişaf kimi amillərlə sıx bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, gənclər getdikcə ənənəvi ailə modelindən uzaqlaşır, şəxsi azadlığa, karyera inkişafına və özünüreallaşmaya daha çox üstünlük verirlər: "Bu tendensiya ilk baxışda fərdi seçim kimi görünsə də, uzunmüddətli perspektivdə cəmiyyətin strukturuna ciddi təsir göstərə bilər. Əvvəla, ailə institutunun zəifləməsi demoqrafik problemlərin dərinləşməsinə gətirib çıxarır. Doğum səviyyəsinin azalması, evliliyin gecikməsi və ailə daxilində münasibətlərin sabitliyinin pozulması kimi hallar artıq bir çox ölkələrdə sosial narahatlıq doğurur. Bu, gələcəkdə yaşlı nəsil ilə gənc nəsil arasında balanssızlıq yaradaraq iqtisadi və sosial sistemlərə əlavə yük formalaşdıra bilər. Ailə dəyərlərinin zəifləməsi sosial həmrəyliyin azalmasına, fərdlər arasında empatiya və qarşılıqlı dəstəyin zəifləməsinə səbəb olur. Ailə yalnız bioloji bağlarla deyil, həm də mənəvi və mədəni dəyərlərin ötürülməsi ilə cəmiyyətin əsas dayaqlarından biridir. Əgər bu institut zəifləyərsə, gənclər arasında dəyərlər sistemi daha çox istehlakçılıq və fərdi maraqlar üzərində formalaşa bilər ki, bu da sosial parçalanmanı artırır.

Sosioloji baxımdan, ailə dəyərlərinə marağın azalması həm də gənclərin sosial kimliyinə təsir edir. Ailə bir növ şəxsiyyətin formalaşdığı ilk sosial mühitdir. Onun əhəmiyyətinin azalması gələcək nəsillərdə mənəvi dəyərlərin itməsi, emosional dayanıqlığın zəifləməsi və cəmiyyətə bağlılığın azalması ilə nəticələnə bilər. Beləliklə, gənclərin ailə dəyərlərinə laqeyd münasibəti yalnız şəxsi seçim deyil, eyni zamanda sosial strukturun gələcək davamlılığı üçün ciddi xəbərdarlıqdır. Cəmiyyət bu prosesi sadəcə müşahidə etməklə kifayətlənməməli, ailə institutunun dəyərlərini təbliğ edən, onu müasir dövrün reallıqları ilə uzlaşdıran sosial və təhsil layihələrinə xüsusi diqqət yetirməlidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə