Beynəlxalq konfransda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarından bəhs edilib
Vyetnamın Hanoy şəhərində Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA) tərəfindən təşkil edilən 38-ci beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından (ARVK) SİA-ya bildirilib ki, tədbirdə bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Vəkillər kollegiyalarının və dövlət qurumlarının rəhbərləri, eləcə də fərqli ölkələrdən hüquq mütəxəssisləri iştirak ediblər.
Konfransda ARVK-nın sədri Anar Bağırov “İnsan resurslarının inkişafı: Sərhədlərarası “Bir Kəmər - Bir Yol” layihələrində hüquqi bacarıqların formalaşdırılması” mövzusunda videoformatda çıxış edib. O, videoçıxışında son illər dövlətimizin başçısının rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun həyata keçirilən məhkəmə-hüquq islahatlarından bəhs edib. Sədr diqqətə çatdırıb ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrdə iş yükünün azaldılması və vətəndaşların məhkəmələrə əlçatanlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Eyni zamanda, Anar Bağırov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb. Nəzərə çatdırılıb ki, bu proses təkcə iqtisadi və sosial baxımdan deyil, həm də hüquqi müstəvidə ədalətin bərpası kimi mühüm əhəmiyyət daşıyır. Həmçinin sədr gələcəkdə Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlıq və hüquqi inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb:”Bu dəhlizin fəaliyyətə başlaması təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həm də regionda beynəlxalq hüquq normalarına əsaslanan sabit və dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək”.
Anar Bağırov qeyd edib ki, Azərbaycanın Şərqlə Qərb, Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi, habelə “Böyük İpək Yolu” üzərində yerləşməsi ölkəmizə əsrlər boyu mədəniyyətlər, sivilizasiyalar və iqtisadi mərkəzlər arasında mühüm körpü rolunu oynamağa imkan verib. Bu gün də Azərbaycan həmin tarixi missiyanı müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir və beynəlxalq əməkdaşlığın genişləndirilməsində hüquqi mexanizmlərin möhkəmləndirilməsinə xüsusi önəm verir.
Sədr çıxışının davamında deyib ki, ARVK davamlı təlim proqramları, rəqəmsal hüquqi platformalar və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə hüquqşünasların peşəkar inkişafına, etik dəyərlərin və peşə standartlarının qorunmasına böyük diqqət yetirir. Kollegiyanın əsas məqsədi hüquqi xidmətlərin keyfiyyətini artırmaq, vəkillik fəaliyyətinin beynəlxalq hüquq normalarına uyğun aparılmasını təmin etməkdir.
Sonda Anar Bağırov əlavə edib ki, “Bir Kəmər – Bir Yol” təşəbbüsünün uğuru təkcə iqtisadi əməkdaşlıqdan deyil, həm də güclü hüquqi baza, şəffaf institutlar və səmərəli insan resurslarının inkişafından asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə