"Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü bazadır" - DEPUTAT ŞƏRH ETDİ

"Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin banisi Ulu Öndər Heydər Əliyev olmuşdur. 1997-ci ildə ümummilli liderin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Səfər çərçivəsində 19 adda müxtəlif sənədlər imzalanmışdı ki, bu həmin dövr üçün çox əhəmiyyətli oldu. Belə ki, bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental baza yaratdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bu qarşılıqlı səfərlər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə şərait yaradıb: "Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verib. Bu günə kimi Azərbaycanla Özbəkistan Respublikası arasında 100-ə yaxın müxtəlif sahələri əhatə edən sənədlər imzanlanmışdır.

Bu gün dövlət başçısı geniş tərkibli nümayəndə heyəti ilə Özbəkistana rəsmi səfər edib. Hər iki ölkənin “strateji tərəfdaşlığının dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Həmçinin, kənd təsərüfatı və nəqliyyat, iqtisadiyyat və müdafiə məsələləri ilə də bağlı sənədlər imzalanıb. Mən deyə bilərəm ki, Özbəkistan dövləti son zamanlar öz inkişafı ilə digər dövlətləri yaxşı mənada təəccübləndirir. Mən özüm bir müddət əvvəl dost ölkəyə səfər etmişdim, həqiqətən gördüyüm mənzərə məni çox sevindirdi. Təhsilə verilən dəyər haqqında danışılmağa dəyər. Düşünürəm ki, bundan sonra Özbəkistanın inkişafı Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində davam edəcəkdir".

Deputat sözlərinə belə davam edib: "Görüş zamanı Özbəkistan prezidenti cənab Şavkat Mirziyoyev bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edib. Bildiyimiz kimi Özbəkistan çox zəngin mədəni irsə, qədim abidələrə və tarixə malikdir. Düşünürəm ki, turizm sahəsində ortaq bir fəaliyyətin reallaşması hər iki ölkənin iqtisadi potensialına müsbət təsir edəcək.

Mən bu səfərin böyük nəticələri olacağına inanıram. Bundan sonra hər iki ölkənin münasibətlərində real ciddi irəliləyişlər olacaqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə