"Bütün rüşvətxor məmurların fəaliyyəti araşdırılacaq" - BAŞ REDAKTOR DANIŞDI
"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsində aparılan əməliyyatlar cəmiyyət tərəfindən maraqla izlənilir" Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xəbər cəmiyyətdə sevinclə qarşılandı: "Hesab edirəm ki, Azərbaycan cəmiyyəti rüşvətxor məmurlarının cəzalandırılmasını ürəkdən istəyir. Cəmiyyətdə bununla bağlı sosial sifariş var. Dövlət Gömrük Komitəsi adı rüşvət və korrupsiyada ən çox hallanan dövlət qurumlarından biridir. Bu Komitə ilə bağlı bir çox mənfi hadisə dəfələrlə ictimailəşib, mətbuat bu barədə yazıb. Əslində, DTX-nın Dövlət Gömrük Komitəsində əməliyyat keçirməsi gözlənilən idi. Ümid edirik ki, bu əməliyyat çərçivəsində DGK-da kök salmış bütün rüşvətxor məmurların fəaliyyəti araşdırılacaq. Heç bir məmurun vəzifə səlahiyyətlərindən şəxsi məqsədləri üçün istifadə etməyə ixtiyarı yoxdur. Həmin məmur hansı qurumda çalışmasından asılı olmayaraq aşkarlanaraq cəzalandırılmalıdır. Açıq, şəffaf cəmiyyət quruculuğu ədalətin bərpasından keçir. Bu isə o deməkdir ki, təkcə DGK-da deyil, əhalinin narazı olduğu digər dövlət qurumlarında da analoji əməliyyatların keçirilməsinə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə