"3-cü dünya müharibəsi təhlükəsi barədə danışmağa xeyli əsas var" - DEPUTAT ŞƏRH ETDİ

"The İndependent" də dərc olunmuş bir məqalənin bu qədər səs-küyə səbəb olması təsadüf deyil. Həqiqətən də hazırkı dövrdə 3-cü dünya müharibəsi təhlükəsi barədə danışmağa xeyli əsas var. Aydın görünür ki, bu gün dünyada ən azı 3 qütb və tərəfsizləri ehtiva edən güc mərkəzi mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, zaman keçdikcə də xüsusən qütblər arasında ziddiyyət dərinləşir: "Rusiya-Ukrayna müharibəsi fonunda biz ziddiyyətlərin pik həddini müşahidə edirik. Başqa bir reallıq da var ki, bu gün dünyada heç nə əvvəlki formatda davam etmir, hətta cinayət əməllərinin belə xarakteri dəyişib. Bu mənada biz klassik mənada dünya müharibəsindən danışmamalıyıq. Bu gün müharibə kiber səviyyədə artıq başlayıb".

Deputat sözlərinə belə davam edib: "Eyni zamanda, informasiya savaşı gedir. Ukrayna ərazisində artıq tərəflər toqquşur. Yəni, reallıq budur ki, çoxsaylı dövlətlər münaqişəyə cəlb olunub. Proseslərin gedişatını proqnozlaşdırmaq çətindir, böyük güclər öz aralarında istənilən məqamda hansısa razılaşmalara gedə bilər. Bu mənada ən doğru mövqe mümkün qədər milli maraq və çıxarları qorumaqla, beynəlxalq hüquqa dəstək ifadə etməklə tərəfsizliyi qorumaqdır. Hesab edirəm ki, qeyd edilən formatda ən uğurlu nümunələrdən birini məhz Azərbaycan formalaşdıra bilib. Azərbaycan Prezidentinin uzaqgörən və düşünülmüş siyasəti bu gün Azərbaycanı beynəlxalq münaqişələrdən azad, təhlükəsiz zonaya çevirib. Cənab İlham Əliyev elə müstəsna bir mövqe tutub ki, bütün qütbləri qane edir. Yəqin ki, Baydenin məktubunda ifadə olunan məqamları xatırlayırsız, eyni zamanda, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətləri hər kəsə bəllidir. Azərbaycan faktiki olaraq bu münaqişədə beynəlxalq hüququn prinsiplərinə sədaqətini açıq ifadə etməklə müstəqil və bitərəf mövqeyini qoruyub saxlaya bilib".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə