Serj Saqrsyanın bəyanatı Ermənistan müxalifətini parçaladı? SİYASİ RAKURS+FOTOLAR
Daşnak İşxan Saqatelyanın “lider” elan edilməsi revanşist hərəkatını söndürdü
Ermənistanın devrilmiş prezidenti Serj Sarqsyanın sosial şəbəkələr və özünə yaxın media vasitələri ilə səsləndirdiyi bəyanatı ölkə müxalifətinin parçalanmasının əsasını qoyub. Belə ki, erməni mediaseqmentində Sarqasyanın daşnak İşxan Saqatelyanı “müxalifətin lideri” kimi təqdim etməsi hazırda geniş müzakirə və qarşıdurma obyektinə çevrilib. O, bu vasitə ilə revanşçıların digər qisminə rəhbərlik edən eks-prezident, illər əvvəl Ermənistanda Qarabağ cinayətkar klanının təməlini qurmuş Robert Koçaryanın qarşısına baryer qoyub. Və yalnız Koçaryan deyil, eləcə də Paşinyan komandasından qoparaq müxalifətə keçmiş Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan da Serj Sarqsyanın bəyanatından sonra əməlli-başlı seyt-not vəziyyətinə düşüb.
Vanetsyan Robert Koçaryanı ittiham etdi

Elə gəlin ilk növbədə məhz Vanetsyanın Sarqsyanın qərarına münasibətinə baxaq və eyni zamanda Saqatelyanı “lider” elan edilməsi ilə bağlı fikirlərinə diqqət salaq. “İşxançik (Saqatelyanı nəzərdə tutub-R.R.) özünü lider hesab edir, indi də qoy vəiyyətdən çıxmaq üçün yollar axtarsın”, deyə qeyd edən Vanetsyan nədənsə son vaxtlar küçə yürüşlərində görünmürdü. Erməni medialarının yazdıqlarına görə, o ortada bir neçə dəqiqəlik göründükdən və kameralar qarşısında müsahibələr verdikdən sonra müxalifətin toplaşdığı “Fransa” meydanından yoxa çıxırdı.
Erməni KİV-ləri Vanetsyanın daha bir mövzusundan bəhs ediblər. “Vanetsyan Koçaryandan açıq mətnlə tələb edib ki, hakimiyyətin dəyişiləcəyi halda hər hansı bir vəzifəni tutmağa hazırlaşmır və ölkənin idarəçiliyi ilə bağlı işlərə baş qoşmayacaq.

Yeri gəlmişkən, hətta iş o yerə çatıb ki, Artur Vanetsyan tələblərinin yerinə yetirilmədiyi halda hərəkatın sıralarını tərk edəcəyini deyib. Vanetsyanın fikrincə, bu gün müxalifətin digər qisminin onların hərəkatına qoşulmamasının əsas təqsirkarı Robert Koçaryandır”, deyə bildirilir.
Artur Vanetsyan: “Saqatelyan özünü mikrofona yapışdırıb və lider hiss edir, indi də vəziyyətdən çıxmasının yollarını axtarsın”
Saqatelyanın “lider” elan edilməsinə və Vanetsyanın hərəkat sıralarını tərk etməsi ehtimalına gəlincə isə jurnalistlərin “onu tək qoymaq nə qədər doğrudur?” sualına belə cavab verib: “Ona nə lazım idi? O, özünü mikrofona yapışdırıb və lider elan edib, indi də vəziyyətdən çıxmasının yollarını axtarsın”.
Təbii ki, baş verənlərin kontekstində məhz daşnak İşxan Saqatelyanın da münasibəti maraq doğurur. Artıq erməni KİV-ləri onun fikrini maneştlərə çıxarıblar. “Hər şeyi mənim boynumdan asıblar, özləri isə aradan sürüşüblər”, deyə onun sözügedən fikri sərlöhvəyə çıxarılıb.
İşxan Saqatelyan: “Biz buradayıq, onlar isə aradan sürüşüblər... Koçaryan aradn çıxdı, sonra oğlu aradan çıxdı, Vanetsyan isə bunları gördükdən sonra özü də aradan çıxdı”
Saqatelyan müxalifətin problemləri ilə bağlı danışıb və deyib ki, onların taktika baxımından ciddi çatışmazlıqları var. Təbii ki, erməni mediaları da bunu nəzərdən qaçırmayıblar. Misal üçün, bir fikrə diqqət yetirək: “Məsələ ondadır ki, Saqatelyan tərəfdarlarına hər şeyin yaxşı getdiyini təlqin etmək üçün təşəbbüs göstərmirdi ancaq öz də yaxşı bilir ki, artıq hərəkat tamamilə sönüb”.

İndi onlar müzakirələr aparırlar ki, yaranmış situasiyadan necə çıxsınlar. Halbuki, Saqatelyan hələ də onlara yeni birləşənlərin olduğunu iddia edir. Müzakirələr zamanı İşxan Saqatelyan hətta təəssüflənməyə də vaxt tapıb. O bildirib ki, hər şey onun boynunda asılıb: “Biz buradayıq, onlar isə aradan sürüşüblər... Koçaryan aradn çıxdı, sonra oğlu aradan çıxdı, Vanetsyan isə bunları gördükdən sonra özü də aradan çıxdı. “İşxan, indi özün çıxış yolu tap”, deyə o özü-özünü məzəmmət edib.
Beləliklə, bir müddət əvvələ qədər hay-küyləri ilə İrəvan küçələrində həşir salan revanşistlərin bu cəhdləri də puça çıxdı və maraqlıdır ki, Serj Saqrsyan bir tərəfdən daşnakların baş qulduru İşxan Saqatelyanı “lider” elan edir, digər tərəfdən isə həmin fərd ortada tək qoyulur. Əlbəttə ki, bundan da təəccüb etməyə dəyməz. İlk növbədə revanşistləri idarə edən məlum dairələr artıq nəticənin olmadığını dərk edərək maliyyə və texniki imkanlarını dayandırıblar. O cümlədən, pulla mitinqə çıxarılan xalqın bir kəsimi də müxalifətə inamını tamamilə itirib. Daha dəqiq desək, bu həmin müxalifətdir ki, vaxtilə iqtidarda olub və həmin xalqın qanını doya-doya içib. İndi isə həmin müxalifət növbəti siyasi uğursuzluğunu yaşayır və əslində ondan bezmiş sadə erməni xalqı da hazırda həmin müxalifətin parçalanmasını və məhv olmasını arzulayırdı...
Rövşən RƏSULOV
P.S. Maraqlıdır ki, aranı qatan Serj Saqrsyan isə “lider” elan etmə əməliyyatından sonra susur (?).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB