Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının, vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımıza, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur".
Şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə təminatı genişləndirilir
Son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib. Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, eləcə də əlillik sahəsində yeni meyarlar tətbiq olunur.2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq. Yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.Qeyd edək ki, müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi nəticəsində artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Ümumilikdə, son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib.
POSTMÜHARİBƏ DÖVRÜNDƏ 1400-DƏN ÇOX MÜHARİBƏ ƏLİLİ 19,3 MİNDƏN ÇOX REABİLİTASİYA VASİTƏSİ İLƏ TƏMİN OLUNUB
Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.
Bütün bunlarla yanaşı, şəhid ailələrinin övladları ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Aktiv məşğulluq proqramlarında da şəhid ailəsi üzvlərinə üstünlük verilir. Əmək münasibətlərində, vergi sahəsində də onlar bir sıra imtiyazlara və təminatlara malikdirlər.44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Postmüharibə dövrü üzrə sosial dəstək paketinin əsas istiqamətlərindən birini də şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı təşkil edir. Şəhid ailələrinə və əlillərə keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bütün bunlarla yanaşı, bu kateqoriyadan olan insanların sağlamlıqlarının bərpası, daimi iş yerləri ilə təminatı məsələsi də mühüm əhəmiyyət kəsb edir. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluğu təmin olunur.
Dövlət və cəmiyyət Vətən müharibəsində iştirak edən, qəhrəmanlıqlar göstərən şəhid ailələrinə, qazilərə xüsusi hörmət, məhəbbət bəsləyir, onlara həssaslıqla yanaşır. Ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşılır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB