“Qafqazda müstəqilliyi qoruyub saxlamaq, əldə etməkdən qat-qat çətindir” - DEPUTAT ŞƏRH ETDİ
“Ötən bir əsrlik dövr göstərir ki, Qafqazda müstəqilliyi qoruyub saxlamaq, əldə etməkdən qat-qat çətindir. Bilirsiz ki, tarixi proseslərin gedişatında əldə olunan birinci müstəqilliyimizi Cümhuriyyət liderləri nə qədər çalışsalar da qoruya bilmədilər. Üstəlik, həmin dövrdə müstəqilliyimizi qorumaq cəhdləri böyük ərazi itkiləri ilə nəticələndi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Qərbi Zəngəzur və Göyçəni itirdik: “Xüsusən, İrəvanın Ermənistana verilməsi kimi böyük tarixi cinayət yaşandı. İkinci müstəqillik dövründə isə hakimiyyəti zəbt etmiş qüvvələr Qarabağı və Şərqi Zəngəzuru itirdilər. 1993-cü ildə də 1920-ci ildə olduğu kimi, müstəqillik də əldən getməkdə üzrə idi ki, məhz Heydər Əliyev şəxsiyyəti həmin dövrdə istiqlalımızın qarantına çevrildi.
Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü yaxşı dərk edirdi. Təsadüfi deyil ki, Naxçıvanda dahi liderə müraciətlərin hamısının məzmununda "xalqı bu bəladan qurtarmaq" xahişləri əks olunurdu. İnsanlar Heydər Əliyevə ilk və son ümid yeri kimi baxırdılar. Bununda çox sadə səbəbləri var idi. Birincisi, Heydər Əliyevin bundan öncə Azərbaycana 13 illik rəhbərlik təcrübəsi var idi. Hansı ki, Sovet sistemində Azərbaycan ən ali inkişaf dövrünü məhz bu 13 illik periodda yaşamış, elə ikinci müstəqilliyinin təməlini də o zaman qoymuşdu. Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik dönəmində Azərbaycan dili dövlət dili elan edildi, hərbi təhsil müəssisələri açıldı, müasir neft sənayesi, o cümlədən yüngül sənaye sözün əsl mənasında sıfırdan quruldu. Eyni zamanda Azərbaycanın ən ağır günlərində Sovet sisteminə Moskvadan həyatını riskə atıb ilk etiraz edən rəsmi şəxs də məhz dahi lider oldu. Daha sonra, Azərbaycana qayıdıb Naxçıvana rəhbərlik etdiyi dövrdə ilk dəfə üçrəngli bayrağımızı dövlət müəssisələrində dalğalandıran məhz Ulu Öndər olub. Xalq görürdü ki, İttifaq ölkələri bir-birinin ardınca müstəqilliyini elan etsə də, Bakıdakı "demokratlar" SSRİ-dən çıxıb-çıxmamaq barədə qərarsız qalmışdılar. Bakıda müstəqillik məsələsini referenduma çıxarmaq kimi utanc verici bir qərar alındığı halda, Heydər Əliyev bu ideyanı ümumiyyətlə rədd etdi və Naxçıvanda ümumxalq səsverməsi keçirilmədi. Məhz bu qətiyyət xalqa kimin kim olduğunu bir daha göstərdi. Ölkənin üzərini almış vətəndaş müharibəsindən, dövləti parçalanmaqdan xilas edə biləcək yeganə gücün, yeganə dühanın məhz Heydər Əliyev olması heç kimdə şübhə doğurmurdu. Aydın idi ki, Bakıda o zamankı rəhbərliyin nəinki, dövlət idarə etməyə, ümumiyyətlə, heç özlərini idarə etməyə səriştələri yox idi. Baxın, o zamanki Parlamentin iclaslarına, davranışlarına baxın, ideyalarına, düşüncə sərhədlərinə görün, kimlər idarə edib ölkəni. Uşaqdan böyüyə hər kəsə aydın idi ki, bütün bəlaların, o cümlədən, işğalın, vətəndaş müharibəsinin, daxili parçalanmanın kökündə bu yarıtmazlıq dayanırdı. Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişi bizi ilk növbədə məhz bu zehniyyətdən qurtardı. Xalqı vahid amal uğrunda bilrləşdirdi, xaricdən maliyyə və silah dəstəyi alıb parçalanmaya rəvac verən ünsürləri zərərsizləşdirdi. Vahid, güclü mərkəzləşdirilmiş dövlət yaratdı, siyasi və iqtisadi müstəqillik üçün zəmin olan beynəlxalq müqavilələr imzaladı. Buna qurtuluşdan başqa nə ad vermək olar? Bu, dövlətin parçalanmadan, dövlətçiliyin süqutdan, xalqın isə məhvdən qurtuluşu demək idi”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan xalqının bəxti onda gətirdi ki, Heydər Əliyev ideyaları özündən sonra daha müasir və daha mütərəqqi formada, cənab İlham Əliyevin timsalında davam etdi. Məhz
Heydər Əliyev ideologiyasının, İlham Əliyev şəxsiyyətinin simasında realizəsi nəticəsində bu gün Azərbaycan torpaq itirən dövlətdən işğala, təcavüzə son qoyan və bölgədə diqtə edən müzəffər gücə çevrilmiş, milli həmrəyliyimiz möhkəmlənmişdir. Xüsusən, 44 günlük müharibə bizə bu birliyi, milli həmrəyliyin əhəmiyyətini aydın formada göstərdi. Digər mühüm məqam, müharibədən sonra yaranan yeni reallıqda cənab İlham Əliyevin rəhbərliyi altında vahid azərbaycançılıq ideyası və milli maraqlar rəhbər tutularaq ölkənin tərəqqisi naminə həlledici addımlar atılmaqda, eyni zamanda Türk dünyasının birliyi yolunda ciddi və təsirli nəticələrə nail olunmaqdadır. Bu gün məhz cənab İlham Əliyevin hərbi-siyasi dühası sayəsində müzəffər dövlətimizin gücünə elə bir inam, xalqda isə elə bir milli ruh formalaşıb ki, artıq hətta, Cumhuriyyət dövründə itirilən torpaqlara qayıdacağımıza heç kim şübhə etmir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB