Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq münasibətləri: 30 ilin reallıqları - TƏHLİL

Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq münasibətləri: 30 ilin reallıqları - TƏHLİL

Dünya ölkələri arasında elm, təhsil və mədəniyyət körpüsü salmaq və bu vasitə ilə bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərmək məqsədini həyata keçirən YUNESKO bu ali ideyasını bir xətt olaraq davam etdirir. Xalqların dil, din və irqindən asılı olmayaraq, əməkdaşlığın genişləndirilməsində, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində müstəsna rola malik olan bir təşkilat kimi 1945-ci ildən fəaliyyətdədir. YUNESKO 1946-cı ildə 20 üzv dövlətlə rəsmi fəaliyyətə başlamışdırsa, bu gün artıq dünya ölkələrini özündə birləşdirmək gücündə olduğundan, bu əməkdaşlıq 190-dan artıq dövlətlə qurulub. Bu dövlətlər sırasında Azərbaycanın da yeri var. YUNESKO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu mühümdür.
Bu gün artıq Azərbaycanın YUNESKO-nun üzvlüyünə qəbul olmasının 30 ili tamam olur. Ötən 30 il ərzində Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib və ölkəmiz, iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, o cümlədən YUNESKO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrilib.
Belə ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun o vaxtkı baş direktoru Federiko Mayorla görüşü bu əlaqələrin yaranmasında addım olub. Bu görüşün nəticəsi olaraq YUNESKO-ya üzv dövlət kimi 1994-cü ildə Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya yaradılıb. Bu Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf perspektivlərini nəzərə alaraq, hər zaman bu sahəyə diqqət ayırırdı. Daha sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ölkəmiz YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulur. Belə ki, silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında 1954-cü il tarixli Konvensiya, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il tarixli Konvensiya, Asiya və Sakit okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 1983-cü il tarixli regional Konvensiya mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 1970-ci il tarixli Konvensiyası Azərbaycanın qoşulduğu YUNESKO konvensiyalarından yalnız bir neçəsidir. Bu konvensiyalara qoşulmaq əhəmiyyət kəsb edən məsələlərdir.

HEYDƏR ƏLİYEV FONDU YUNESKO İLƏ MÜNASİBƏTLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ SANBALLI TÖHFƏLƏR VERİB

Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası yaradılıb və növbəti illərdə bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq daha da inkişaf etdirilib. Məqsəd və prinsiplərinə sadiq qalaraq, təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini davam etdirən Azərbaycan bu gün YUNESKO-nun ən fəal üzvlərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. Görülən işlərin davamı olaraq 2005-ci il tarixində Prezident İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaradıb.
Müasir dövrümüzdə Azərbaycan YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərini qeyd etməliyik. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın Xoşməramlı Səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuş, Qobustan Dövlət tarixi-bədii qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer almışdır.
YUNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. YUNESKO-nun baş direktoru Azərbaycanda səfərdə olarkən, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin təbliği, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərinə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Mehriban xanım Əliyevaya "Qızıl Motsart" medalı təqdim etmişdir.
AZƏRBAYCANIN 3 MADDİ İRS VƏ 15 QEYRİ-MADDİ İRS NÜMUNƏSİ YUNESKO-NUN SİYAHILARINA DAXİL EDİLİB

Davamlı və dinamik iqtisadi inkişaf yolu keçən Azərbaycan dünyanın müxtəlif yerlərində YUNESKO-nun nəcib missiyasını dəstəkləyir. YUNESKO dəyərlərinin, eləcə də mədəniyyətlərarası dialoq və sülhün təşviqi ideyasının həyata keçirilməsi istiqamətində təşkilatla sıx əməkdaşlıq edir və donor dövlət kimi bir sıra birgə layihələr həyata keçirir. Ölkəmiz 2013-cü ildə YUNESKO ilə imzalanmış Çərçivə Sazişinə uyğun olaraq təsis edilmiş Etimad Fondu vasitəsilə Təşkilatın fəaliyyət istiqamətləri üzrə proqram və layihələrə öz dəstəyini göstərir.
Azərbaycan YUNESKO əlaqələri ildən-ilə daha da genişlənir. Təşkilatın 36-cı sessiyasında Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilmişdir. Daha sonra Azərbaycanın YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilməsi bu əlaqələrin daha da möhkəmliyinə dəlalət edir.
Bu, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmiz ilə qurum arasında əlaqələrin möhkəm bir şəkildə qurulmasını özündə ehtiva edir. Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə Azərbaycan YUNESKO münasibətləri yüksək inkişaf səviyyəsinə yüksəlib. YUNESKO hər bir xalqın mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu mühüm vasitə ilə Azərbaycan mədəniyyətinin təbliğində, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rola malikdir. YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti 6-cı sessiyasında Ermənistan tərəfindən təqdim olunan "Erməni Aşıq sevgi romansı ənənəsi" və "Erməni su festivalı Vardavar" adlı fayllar Qarabağla bağlı təxribat xarakterli olduğundan qəbul edilməyib. Bu, YUNESKO-nun Azərbaycana olan obyektiv münasibətinin təzahürü kimi qiymətini almışdır.
Bu illər ərzində Azərbaycanın 3 maddi irs və 15 qeyri-maddi irs nümunəsi YUNESKO-nun müvafiq siyahılarına daxil edilib.
Aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2021-ci ilin noyabr ayında YUNESKO Baş konfransının 41-ci sessiyası zamanı keçirilən seçkilərdə üzvlərin böyük əksəriyyətinin dəstəyini qazanmaqla 2021-2025-ci illər üzrə YUNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib.
Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər Şəbəkəsində, Bakı, Şəki və Lənkəran şəhərləri isə təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsində yer almaqdadır.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan COVID-19 pandemiyasının təsirlərinin aradan qaldırılması məqsədilə YUNESKO-nun təşəbbüsü ilə təsis edilən Qlobal Təhsil Koalisiyasına qoşulan və maliyyə töhfəsi verən ilk ölkələrdən biri olub.

"YUNESKO-NUN NÜMAYƏNDƏLƏRİ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ SƏFƏR EDƏRƏK ERMƏNİLƏRİN TÖRƏTDİKLƏRİ DAĞINTILARI ÖZ GÖZLƏRİ İLƏ GÖRSÜNLƏR"

Otuz il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin dağıdılması, təhqir edilməsi, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi müharibə cinayətləri barədə YUNESKO mütəmadi olaraq məlumatlandırılıb. Ölkəmizin əraziləri işğaldan azad edildikdən sonra bütün ölkə boyu olduğu kimi, bu ərazilərdəki abidələrin mənşəyindən asılı olmayaraq bərpası və mühafizəsi Azərbaycan hökuməti üçün prioritet təşkil edən məsələlər sırasında yer alıb. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət kimi bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirir.
Çox təəssüfedici haldır ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb. Bu gün dünya ölkələrinin nümayəndələri, dövlət təşkilatları işğaldan azad olunan ərazilərə səfər edirlər. Amma bu gün nədənsə, YUNESKO-nun nümayəndələri işlaldan azad olunan ərazilərimizə səfər etməyiblər. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, YUNESKO-nun nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər: "Lakin təəssüflər olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər".
Bildiyimiz kimi, işğalda olan ərazilərimizdə 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidinin, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Bütün dünyaya ermənilər Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstərdilər. Məlumdur ki, Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib. Artıq işğaldan azad olunan ərazilərimizdə dini abidələrin bərpasına start verilib. Vurğulayaq ki, ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə