"Türkiyə Azərbaycan birliyi öz gücünü göstərir" - MÜSAHİBƏ

Politoloq Elşad Həsənovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- “Teknofest” festivalının önəm və əhəmiyyəti nədən ibarətdir?

- Son dövrlərdə dünyanın gözü Azərbaycandadır. Biz 44 günlük Vətən müharibəsində qələbə çaldıq. Bu gün Azərbaycanın dünyaya verdiyi töhfələr çox böyükdür. Ona görə də Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. 28 mayda “Teknofest”in keçirilməsi bayramımıza bayram qatdı. Burada iki qardaş Liderin gənclərə və xalqa müraciəti oldu. Bu müraicətlərdə çox gözəl mesajlar verildi. Bu istilik və doğmalıq Azərbaycanla Türkiyəni biri-birinə bağlayır. Biz eyni kökdən olan bir xalqıq. Bu iki millət son dövrlərdə çox yaxınlaşdılar.

- Festivaldan hansı dövlətlər narazı qaldı?

- “Teknofest” ilk dəfə Azərbaycanda keçirilib. Bu da təbii ki, düşmən qüvvələrdə qıcıq yaradıb. Çünki Azərbaycan Türkiyə ilə birlikdə yeni texnoloji və analoqu olmayan silahlar yaradır. Bu silahlarla da öz ölkəsinin sərhədlərini qoruyur. Bu da Ermənistanda qıcıq yaratdı və onlar buna öz etirazını bildirdilər. Bütün bunlara rəğmən Türkiyə Azərbaycan birliyi öz gücünü göstərir.

- Sizcə Ermənistandakı aksiyalar nəticəsində Nikol Paşinyan hakimiyyətdən devrilə bilər?

- Artıq 1 aydır ki, mütəmadi olaraq Ermənistan müxalifəti İrəvanda mitinqlər təşkil edir. Lakin buna nail ola bilmirlər. Onlar Rusiyada yaşayan erməni lobbisindən maliyyə yardımı alırlar. Onların ən çox çıxdığı mitinq 8 min nəfərdən ibarət olur. İndi isə səngiyərək 4-5 min nəfərdən ibarət olur. Bu qüvvə ilə Paşinyanı devirmək mümkün deyil. 44 günlük müharibədən sonra Ermənistan məğlub tərəf olaraq müxalifətin tələbi ilə seçkilər keçirildi. Məğlub olmuş Ermənistanın baş naziri seçkilərdə qalib gəldi. Bu gün Ermənistanda yaşayan ermənilər müharibə istəmirlər. Onlar insan kimi yaşamaq istəyir.

- Ermənistanı müharibə üçün kim tətikləyir?

- Onları Qarabağ klanı və Moskvada olan anti-türk erməni lobbisi qızışdırır. Onlar bu işi daha da alovlandırmaq istəyirlər. Lakin buna müvəffəq ola bilmirlər.

- Sizcə, Qarabağda olan ermənilərlə birgə yaşayış baş tutacaq?

- Xalq və dövlət olaraq biz buna hazırıq. Çünki biz tolerant xalqıq və qədimdən belə yaşamışıq. Bu gün Azərbaycanda çoxlu xalqlar yaşayır. Bu gün Azərbaycan ərazisində 30 mindən çox erməni yaşayır. Onlara kim nə deyir? Biz Qarabağı heçkimə verəsi deyilik. Ora bizim torpağımızdır.

- Azərbaycan rus sülhməramlılarına nə dərəcədə güvənməlidir?

- Biz onları ürəkdən istəmirik. Məsələnin görünməyən tərəfləri var. Biz sülhməramlıların gəlməsinə məcbur idik. Rusiya ilə müttəfiqlik müqaviləsində bizi qınayanlar oldu. Əksinə, bu işdə Azərbaycan xalqının milli mənafeyini və onu təhlükədən qoruyan cənab Prezidentdir. Biz həmin müqaviləni imzalamalıydıq. Cənab Prezident ölkəsinin xilası üçün bu müqaviləni imzaladı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə