Qarabağımıza Böyük Qayıdışın rəmzi olan, Zəngilanın Ağalı kəndinin “Ağıllı kənd” layihəsi ilə yenidən qurulmasının başa çatması ilə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyev 27 may 2022-ci il tarixində keçirildiyi görüşdə dövlət müstəqilliyinin əldə edildiyi ötən əsrin 1918-20-ci illərinin ictimai-siyasi vəziyyətinə toxunaraq demişdir: “Düzdür, bir çox önəmli addımlar atılmışdır və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Ancaq, eyni zamanda, onu da bilməliyik ki, müstəqillik cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər, hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır. Onu da artıq nəinki Azərbaycanda, dünyada bilirlər ki, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi və bu, bağışlanmaz bir cinayət idi. Beləliklə, bizim qədim diyarımız bizdən ayrı düşdü”.
Bildiyimiz kimi, tarixdə imperiyaların ömrü heç vaxt minilliklərlə hesablana bilməz. Zaman öz atını çaparaq 70 ildən sonra rus-sovet imperiyasına da son qoydu. İmperiyanın dağılması nəticəsində Azərbaycan xalqı da 104 il bundan əvvəl müstəqilliyinə qovuşdu. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşadı.
O tarixi dövrə qısa ekskursiya etsək deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularının xatirəsini də daim hörmətlə anılır. Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı bizə imperiya qulluqçuları unutdurmağa çalışdılar. Lakin milli mücahidlərimizin apardıqları mübarizələr həmin tarixin unudulmasının qarşısını aldı. Bu gün də həmin tarixi unutmuruq. Yeni nəsil də bilir ki, həmin bədnam qərarla qədim diyarımız olan İrəvan mahalı bizdən ayrı salındı. Nəinki İrəvan xanlığı, dəhşət burasıdır ki, bugünkü Ermənistan adlanan dövlətin ərazisindəki bütün torpaqlar (cəmi 16 mahal) Azərbaycan xalqının olub. Bugünkü nəsil onu da bilməlidir ki, iyirminci yüzilliyin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəmləndirilməyib. Ona görə xalqımız böyük faciələrlə üzləşib. Həm Şərqi Zəngəzur, həm Qarabağ da məhz buna görə işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Bunlar tarixi faktlar kimi yaddaşımıza yazılıb. Buna görə də bu gün dövlət müstəqilliyinin əbədiliyi üçün mühüm adımlar atılır, layihələr reallaşdırılır.
1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.
Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciətlə hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev sonrakı illərin iqtisadi-siyasi vəziyyətinə də aydınlıq gətirərək vurğuladı ki, bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır: “ Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Azərbaycanın hərbi gücü artır. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq, erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub”.
Dövlətiimizin başçısı bu məsələyə də diqqət ayıraraq bildirdi ki, Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır: “44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik. Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür”.
Azərbaycanın tarixi torpaqlarını 30 il ərzində, əlbəttə, havadarlarının hesabına işğal altında saxlayan təcavüzkar Ermənistan müharibədə kapitulyasiya aktına imza atmağa məcbur olsa da, aradan keçən müddət ərzində rəsmi İrəvanda hələ “bəlkə də qaytardılar” xülyası ilə yaşayanlara rast gəlmək olur. Revanşist qüvvələr Ermənistanın baş naziri N. Paşinyana etimadsızlıq göstərərək, küçələrə axışır, Qarabağda yaşayan ermənilərə verdikləri vədi yerinə yetirmək üçün “dəridən-qabıqdan çıxırlar”. Lakin hər şey “Dəmir yumruq”la iki il bundan öncə həll edilmişdir. Artıq Dağlıq Qarabağ adlı nə ərazi, nə də münaqişə yoxdur. Artıq imzalanmış üçtərəfli sənədə əsasən, Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.
“...Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Zəngəzur dəhlizinin açılması önəmli məsələdir. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub.
Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib”...
Bu fikirlərin müəllifi də Azərbaycanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Dövlətimizin başçısı zəngilanlılarla tarixi növbəti görüşündə onu da qeyd etdi ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir.
Bəli, nə tarix, nə də xalqımız unutmayıb ki, Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bu tarixi də hər kəs yaxşı bilir. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı.
Dövlət başçısı İlham Əliyevin adıçəkilən tədbirdə xüsusilə vurğuladığı kimi, Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik: “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur...”
Qarabağda düşmənə layiqli cavab verərək, tarixi torpaqları işğaldan azad edən gənc nəsil dövlət başçısının onlara göstərdiyi diqqət və qayğıdan daim məmnun qaldıqlarını bildirirlər. Azərbaycan Prezidenti bu məsələyə də önəm verərək bildir ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək: “ Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Minatəmizləmə işi hələ də davam edir. İnsanlar ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar”.
Kəmalə ƏLİYEVA,
Gəncə Dövlət Universitetinin tələbəsi,
YAP Gənclər Birliyinin fəalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB