"Milli dövlətçilik tariximizdə cümhuriyyət xadimlərinin misilsiz xidmətləri var" - DEPUTAT ŞƏRH ETDİ

“Milli dövlətçilik tariximizdə cümhuriyyət xadimlərinin misilsiz xidmətləri var. Onların zəngin irsinin öyrənilməsi və təbliği bu gün dövlət səviyyəsində xüsusi diqqət mərkəzindədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.


Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında böyük xidmətləri olub: “Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2007-ci il mayın 25-də Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin irsini yüksək qiymətləndirib, dövlət başçısının sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev 2003-cü ildən sonrakı dövrdə də Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasət həyata keçirdi və böyük uğurlara imza atıldı: “Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixin ən güclü Azərbaycan dövləti 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün hər kəs Azərbaycanın regional lider statusunu etiraf edir. Azərbaycan regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləyir, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla qaldırır, görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsini təmin edir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə