“Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” - DEPUTAT AÇIQLADI

“Tarix boyu Azərbaycan və Türkiyə hər zaman həm çətin, həm də şad günlərdə bir-birinin yanında olub. 1918-ci ildə Bakının daşnak bolşevik işğalından azad edilməsində türk general və əsgərləri böyük sücaət göstəriblər. Böyük Çanaqqala savaşında minlərlə azərbaycanlı türklərlə birlikdə vuruşaraq şəhid olublar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı yeni mərhələyə qədəm qoydu: “Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə Türkiyə hər zaman Azərbaycanın yanında oldu və Ermənistanın işğalçı bir dövlət olduğunu bəyan etdi.

Bütün beynəlxalq tədbirlərdə Azərbaycan və Türkiyə hər zaman eyni mövqedən çıxış ediblər. Cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan bütün dünyaya bəyan etdilər ki, Azərbaycan-Türkiyə dost və qardaş dövlətlərdir”.

Kamilə Əliyeva sözlərinə belə davam edib: “Bir neçə il bundan əvvəl Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirdə bəzi qüvvələr Türkiyənin əleyhinə ifadələr səsləndirmək istəmişdilər. Bu halda Cənab İlham Əliyev bunun baş verməsinə imkan verməmişdi və bildirmişdi ki, Türkiyə prezidenti burda olmasa da, mən varam.

Bu bütün dünyaya Azərbaycan-Türkiyə dostluğunun hansı səviyyədə olmasını bir daha sübut etdi. 2020-ci il Vətən müharibəsində də bütün dünya Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyin şahidi oldu. Türkiyə dövləti digər ölkə və qüvvələrin Azərbaycana müdaxiləsinə imkan vermədi.

Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı şəkildə bir-birinin ölkəsinə səfərlər edirlər. Bu həm rəsmi, həm də qonaq qismində olan səfərlər olur. Hər iki dövlət başçıları dövlətlərinin ictimai, siyasi və sosial həyatlarında baş verən önəmli hadisələrdə biri-birinin yanında olurlar.

Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Türkiyədə hava limanının açılışında iştirak etdi və burada dünyaya Azərbaycan-Türkiyə qardaşlığının hansı səviyyədə olduğunu bəyan etdi.

Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edərək, “Texnofest” festivalında iştirak edəcək. Cənab Ərdoğanın səfər zamanı edəcəyi açıqlamalarda da dünya bir daha şahidi olacaq ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə