Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin arzuları gerçəkləşir ŞƏRH

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının tarixi, qəhrəmanlıq ənənələri ilə, şərəfli, mürəkkəb, bəzən də ziddiyyətli və faciəli hadisələrlə zəngindir. Azərbaycan tarixinin şərəfli və ən faciəli mərhələlərindən biri də 1918-1920-ci illərdir. Bu illər Azərbaycan xalqının müstəqillik zirvəsinə qalxdığı və yenidən müstəmləkə qarmağına düşdüyü dövrdür. Zaqafqaziya Seymi buraxıldıqdan sonra onun Azərbaycan fraksiyası 1918-ci il may ayının 27-də M.Ə.Rəsulzadə başda olmaqla Müvəqqəti Milli Şura yaratdı. Milli Şura mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini elan edən "İstiqlal Bəyannaməsi"ni qəbul etdi. Bəyannamə, tariximizə, Azərbaycanın dövlət müstəqilliyini elan edən sənəd və Azərbaycan Demokratik Respublikasının bütün fəaliyyətinin hüquqi əsaslarını özündə təsbit edən Konstitusiya aktı kimi daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti banilərinin ən böyük xidməti bu idi ki, onlar yurdumuzun şimalında Rusiya işğalından sonrakı dövrdə unutdurulmuş müqəddəs «Azərbaycan» adını xalqımıza qaytardılar. Yaranan dövlətimiz dünyaya «Azərbaycan» adı ilə qədəm qoydu. Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət - 23 ay yaşayıb, fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan tarixində qızıl hərflərlə yazılmış zəngin dövlətçilik ənənələri yaratmışdır.

Bütün ziddiyyətlərə və çətinliklərə baxmayaraq, Azərbaycan Demokratik Respublikasının dövlət atributlarını yaratmaq istiqamətində ciddi addımlar atmışdır: türk dilini dövlət dili elan etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin milli dəyərlərimizə arxalanan üçrəngli ( mavi yaşıl, qırmızı) dövlət bayrağını, dövlət himnini qəbul etmiş, dövlət gerbini hazırlamış, daxili və xarici işlər orqanlarını təşkil etmiş və 40 minlik mütəşəkkil ordu yaratmışdı.

ADR hökuməti çevik siyasi fəaliyyət ilə müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində məqsədyönlü addımlar atmış, onu parçalanmaq təhlükəsindən xilas etmişdi. O, Bakının, Lənkəran qəzasının, Yuxarı Qarabağın, Zəngəzurun xeyli hissəsinin Azərbaycandan ayrılmasına imkan verməmiş, Naxçıvanın Azərbaycan Cümhuriyyətinə inzibati mənsubiyyətini təmin etmişdi.ADR çox qısa tarixi zaman müddətində müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı üçün ciddi tədbirlər həyata keçirmiş, vətəndaş həmrəyliyi cəmiyyəti yaratmışdır.Ölkənin iqtisadi və maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün tədbirlər görmüşdür. Maarif və mədəniyyət sahəsində ciddi tədbirlər həyata keçirilmiş, təhsilin ana dilində aparılmasına başlanmış, məktəblərdə rus tarixi əvəzinə ümümtürk tarixi tədris edilmiş, pedaqoji kurslar təşkil edilmişdi. Müxtəlif regionlarda 10 pedaqoji məktəbi, 8 seminariyası açılmışdı. Ali təhsil almaq üçün xaricə 100 nəfər azərbaycanlı gənc göndərilmişdir.

ADR beynəlxalq münasibətlər və xarici siyasət sahəsində də önəmli və fəal diplomatik addımlar atmış, Rusiya və Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə mehriban münasibətlər yaratmışdı. Onun qardaş Türkiyə ilə münasibətləri indiki kimi möhkəm dostluq prinsipləri əsasında qurulmuşdu. Məhz ADR-in uğurlu diplomatiyası və hərbi tədbirləri sayəsində bu dövrdə ermənilərin "Böyük Ermənistan" iddialarının dəf edilməsinə nail olunmuşdur. Ən önəmli uğurlarından biri də Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olması idi. Artıq 1919-cu ilin axırı üçün Azərbaycan Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqə yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün xalqın milli müstəqillik əzmini təmsil edən M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.İ.Xoyski, N.Y.Yusifbəyli, H.M.Ağayev, M.C.Hacınski, M.H.Cəfərov, X,Xasməmmədov və başqaları kimi yüksək intellektual potensiala malik milli ruhlu şəxsiyyətlərin fəaliyyəti sayəsində dünya birliyi tərəfindən tanınmışdı.

Nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin, dövlətçilik tariximizdə ən mühüm yeri bir də onun Azərbaycan xalqının milli istiqlal şüurunun, müstəqilliyin məna və mahiyyətini nəticəsini dərk etməkdə təsiredici rol oynamasıdır. Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman dünyasının ilk Demokratik Xalq Cümhuriyyəti idi. 1920-ci ildə bölgədə yaranmış mürəkkəb siyasi vəziyyət gənc Azərbaycan demokratiyasının süqutu ilə nəticələndi. Lakin 70 illik sovet əsarəti dövründə belə ölməyən istiqlal arzusu nəhayət ki, XX əsrin sonlarında yenidən çin oldu. Özünü ADR-in siyasi varisi elan gənc Azərbaycan dövləti öz sələfinin yolu ilə addımlamağa başladı. 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda isə Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasi uzaqgörənliyi 1920-ci ilin aprelinin yenidən təkrarlanmasına mane oldu. Onun rəhbərliyi ilə gənc dövlətimiz Azərbaycan Demokratik Respublikasının qarşısına qoyduğu, lakin həyata keçirə bilmədiyi məqsədləri qətiyyətlə həyata keçirməyə başladı. Cümhuriyyətin uğrunda mübarizə apardığı bir amal, məhz Heydər Əliyev qətiyyətinin nəticəsində öz layiqli təzahürünü tapdı. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi strategiya Azərbaycanın müstəqilliyini möhkəm əsaslar üzərində qurulmasını təmin edir və ölkə iqtisadiyyatının sürətli inkişafını şərtləndirir. Xalqımızın özünü xoşbəxt saymağa haqqı var. Çünki onun doğma vətəni Azərbaycan azad və müstəqildir, dövlətçiliyi isə daim möhkəm, etibarlı əllərdədir.

Bu gün ADR qurucularının ruhu şaddır. Xəyallarında tutduqları müstəqil, möhtəşəm Azərbaycanı dünyaya tanıdan, onların ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzularını reallaşdıran Prezident, Ali Baş Komandan İlham Əliyev var. Onun rəhbərliyi ilə 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşmuş, ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır.Onun əməli fəaliyyəti və Heydər Əliyev ideyalarının gerçəkləşməsi sayəsində Şərqin ilk demokratik dövləti olan Azərbaycan bundan sonra da daha xoş və firavan günlərə sahib çıxacaq, xalqımız əmin-amanlıq və dinc quruculuq şəraitində yaşayacaqdır.

Dövlət müstəqilliyi ən böyük tarixi nailiyyətimizdir. Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran ən mühüm vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir". Babalarımızın qoyub getdiyi milli sərvətləri, gerçəklikləri gələcək nəsillərə çatdırmaq kimi məsuliyyətli və şərəfli tarixi vəzifəni öz çiyinlərinə götürmüş xalqımızın indiki nəsillərinə bu ali məqsədə nail olmaq, 28 May müstəqillik ideyalarını əbədi yaşatmaq yolunda sarsılmaz birlik, əzmkarlıq, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Bütün xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünü və 28 may - Müstəqillik Günü münasibəti ilə təbrik edirəm.

SALEH MƏHƏRRƏMOV

YAP Oğuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə