Azərbaycan bu məsələdə Türkiyəni dəstəkləyir - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan və Türkiyə rəhbərlərinin qarşılıqlı sürətdə bir-birinin ölkəsinə səfər etməsi dostluq, qardaşlıq və yaxın münasibətlərimizin bariz nümunəsidir. Dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın olan iki ölkə yoxdur. Bu tariximizdən, cəmiyyətimizin hakimiyyətə verdiyi ciddi siyasi sifarişdən gələn bir məsələdir və iki ölkə ötən tarix ərzində bir-birinə dostluğu daima nümayiş etdirib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın böyük dostu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmağa kömək edəcək: “Həm mövcud vəziyyətin təhlili, həm də bundan sonrakı birgə atılacaq addımların müzakirəsi çox vacib məsələlərdəndir.

Eyni zamanda bu gün Türkiyə Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində bərpa işlərində yaxından iştirak edir, öz siyasi, mənəvi və digər dəstəyini göstərir”.

Deputat sözlərinə belə davam edib: “Bu gün dəyişən və mürəkkəbləşən dünyada sabitliyin qorunması üçün ciddi addımlara ehtiyac var. Bu istiqamətdə həm Azərbaycan, həm də Türkiyə vaxtaşırı öz təşəbbüslərini verirlər. Türkiyənin dünya siyasətində rolu həddindən artıq böyükdür və bu gün NATO-nun genişlənməsi ilə bağlı məsələlərdə Türkiyənin regional və dünya təhlükəsizliyi məsələlərinin, terrorizmə qarşı mübarizənin vacibliyi məsələsi çox əhəmiyyətlidir. Azərbaycan bu məsələdə Türkiyəni dəstəkləyir. Həmçinin regiondan iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra mühüm təşəbbüslərin irəli sürülməsi də mümkün ola bilər.

Ümumən götürdükdə Azərbaycan və Türkiyə rəhbərlərinin qarşılıqlı səfərləri zamanı dünya həmişə dünyada stabilliyi və inkişafı təmin edəcək yeni təşəbbüslərin şahidi olur. Bu səfər zamanında biz bunun şahidi olacağıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə