Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədə inkişaf edir - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Bu gün artıq Azərbaycanda “Teknofest” festivalı keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Türkiyənin silah sənayesinin ən seçkin nümunələri burada nümayiş etdirilir: "Tərəflər arasındakı münasibətlər çox yüksək səviyyədədir. Həm Xalq Cümhuriyyətinin yarandığı dövrdə, həm də 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra da münasibətlər yaxşı idi. Təbii ki, müstəqilliyin ilk dövrlərində bəzi anlaşılmazlıqlar olub. Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın da qeyd etdiyi kimi vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Amma Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra münasibətlər dəyişdi. Azərbaycan hər sahədə Türkiyə ilə əməkdaşlığı daha da dərinləşdirməyə başladı. İkinci Qarabağ müharibəsi də bunun bir növ örnəyidir. Bütün bunlar hamısı onu göstərir ki, iki qardaş ölkə bütün sahələrdə sıx əməkdaşlıq edirlər. Eyni zamanda Azərbaycan və Türkiyə "bir millət, iki dövlətdir".

Dünyada beynəlxalq münasibətlər müstəvisində bu cür yaxın münasibət quran ikinci bir dövlət görə bilmərik. Bütün bunları nəzərə alsaq, Azərbaycan və Türkiyə əlaqələri bu gün ən yüksək səviyyədə inkişaf edir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə